Məhkəmə qərarları › İş №e-2-2(121)-1931/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1931/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1931/2025 03.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi borcu 2.606,51 ABŞ dolları - bundan 800,56 ABŞ dolları əsas, 425,23 ABŞ dolları faiz, 1.265 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115,72 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 64,32 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “dövriyyə vəsaitin artırılması” məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 400006735/ZM saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə R274 saylı Əlavə saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 2.249,95 (iki min iki yüz qırx doqquz ABŞ dolları 95 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə 19 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3.040,99 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1.860,16 ABŞ dolları əsas borc, 951,14 ABŞ dolları faiz borcu və 229,69 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 9 (doqquz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-H-41-4930/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 2.606,51 (iki min altı yüz altı ABŞ dolları 51 sent) ABŞ dolları təşkil edir. Bundan 800,56 (səkkiz yüz ABŞ dolları 56 sent) ABŞ dolları əsas, 425,23 (dörd yüz iyirmi beş ABŞ dolları 23 sent) ABŞ dolları faiz, 1.265 (bir min iki yüz altmış beş) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115,72 (bir yüz on beş ABŞ dolları 72 sent) ABŞ dolları faiz borcu təşkil edir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia ərizəsini iddianı əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini bildirdi, o, həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını qeyd edərək iddianın qismən qəbul edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının nümayəndəsinin və digər Cavabdeh2 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

9. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

İş materialları:

10. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 “dövriyyə vəsaitin artırılması” məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.

11. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 400006735/ZM saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.

12. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə R274 saylı Əlavə saziş bağlanmışdır. Kreditin müddəti xx.xx.2017ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır.

13. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən 19 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3.040,99 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1.860,16 ABŞ dolları əsas borc, 951,14 ABŞ dolları faiz borcu və 229,69 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir.

14. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən 19 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3.040,99 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1.860,16 ABŞ dolları əsas borc, 951,14 ABŞ dolları faiz borcu və 229,69 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir.

15. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Kassa məxaric orderindən görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1 kreditin verilməsi üzrə 2500 ABŞ dolları məbləğində pul verilmiş, sonuncu isə həmin məbləği qəbul etmişdir.

16. İş materiallarına əlavə edilmiş “Ödəniş cədvəli”nın surətindən görünür ki, ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişi üzrə son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur.

17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2025-ci il tarixə borcu 800,56 ABŞ dolları əsas, 425,23 ABŞ dolları faiz, 1.265 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115,72 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2606,51 ABŞ dolları təşkil edir.

18. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında aldığı kreditə görə ümumilikdə 2606,51 ABŞ dolları məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdırlar.

19. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatlardan çıxarışın surətindən görünür ki, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nə xx.xx.2019-cu il qalıq borc məbləği tarixinə 1360,96 manat müəyyən edilmişdir. Ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmuşdur.

20. İş materiallarında olan **********10 nömrəli qəbzən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 64,32 manat dövlət rüsumu ödənilmişdir.

21. Cavabdeh1 xx.xx.2026-cı il tarixli ərizəsində iddianı əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini nəzərə alaraq, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. -477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

23. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın:

Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. 6-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6-cı bəndinə əsasən Fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

25. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, “ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləsi şərtlərinə görə “ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə kreditin şərtlərinə müvafiq olaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

28. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

29. Məhkəmə, həmçinin zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 məsuliyyəti ilə bağlı qeyd edir ki, onlar imzaladıqları zaminlik müqaviləsinə əlavə saziş ilə borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyinin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zaminlərə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı tələb hüququnu itirmişdir. Belə ki, xx.xx.2015-ci il tarixli əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixədək uzadılmış, lakin iddiaçı xx.xx.2025-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır.

30. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.

31. İş materiallarında olan, problemli kreditlərin kompensasiyasına dair çıxarışın surətindən görünür ki, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nə xx.xx.2019-cü il tarixinə 1360,96 manat qalıq borc məbləği müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin sözügedən borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsinə və problemli kreditlərin kompensasiyasına dair çıxarışda qalıq borc məbləğinin cəmi 1360,96 manat qeyd olunmasına baxmayaraq, iddiaçı cavabdehdən əsas borc, faiz və cərimə olmaqla ümumilikdə 2606,51 ABŞ dollar məbləğində borcun tutulmasını tələb edir. Halbuki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə qeyd olunan Fərmanın təsiri altına düşür və həmin Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə yalnız restrukturizasiya olunmuş borc məbləği həddində əsaslı hesab edilməli, faiz və cərimə tutulmasına aid hissələrdə iddia rədd edilməlidir. Belə ki, adı çəkilən Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunmuş məbləği müəyyən edəcəkdi. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh1 münasibətdə kredit müqaviləsi üzrə əsas borcun və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış gecikdirmə faiz borcuna aid hissədə qismən təmin, faiz və cərimə hissəsində isə rədd edilməlidir.

33. Məhkəmə, iddianı müqavilə müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115,72 ABŞ dolları faiz borcunun tutulması hissəsində qismən əsaslı hesab edir. Ona görə ki, yuxarıda qeyd olduğu kimi cavabdehin Ləğv prosesində olan İddiaçı ASC-nə olan qalıq borc məbləği 1360,96 manat təşkil edir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya olan əsas borcu Azərbaycan manatı ekvivalentində müəyyən edildiyindən, iddiaçı tərəfindən əsas borcun ödənilməsinin müqavilə müddəti bitdikdən sonra gecikdirilməsinə görə AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5% ilə hesablanmış faiz borcu da manat ekvivaletində müəyyən edilməlidir.

34. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, iddia tələbi AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115,72 ABŞ dolları faiz borcunun tutulması hissəsində cavabdehdən 196,72 manat illik 5 % ilə hesablanan gecikdirmə faizinə aid hissədə əsaslıdır.

Məhkəmə xərcləri:

35. Məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 35,88 manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qalan 28,44 manat iddiaçı tərəfə aid edilməlidir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1360,96 manat məbləğində əsas borc və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 196,72 manat gecikdirmə faizi olmaqla, cəmi 1557,68 (bir min beş yüz əlli yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 35,88 (otuz beş manat, səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 28,44 (iyirmi səkkiz manat, qırx dörd qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar