Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1933/2023 17.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Muradlı Mircəlal Mirtaleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – xx.xx.2022-ci il tarixli üzləşmə aktı üzrə 55.093,47 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 3672 manat, mediatora ödənilmiş 405 manat və vəkilə ödənilmiş 2000 manat olmaqla, ümumilikdə 61.170,47 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC dövlət qeydiyyatına alınaraq kənd təsərüfatının mühüm sahələrindən olan toyuq ətlərinin yetişdirilməsi, emalı və satışı ilə məşğul olur. Cavabdeh 2016-cı ildən etibarən MMC-dən toyuq məhsulları almış və 2022-ci ilin aprel ayına qədər mütəmadi olaraq pullarını ödəmişdir. Cavabdeh özünü etibarlı müştəri kimi göstərdiyi üçün ona etibar edərək toyuq məhsullarını nisyə olaraq təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehlə üzləşmə aparılan zaman müəyyən edilmişdir ki, qalıq borc 55.093,47 manat təşkil edir. Bununla bağlı İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə üzləşmə aktı imzalanmış və o, qısa zamanda pulu ödəyəcəyini bildirsə də, borc bu günə qədər ödənilməmişdir. Borc məbləğinin ödənilməsi məqsədilə cavabdehə mübahisənin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə həll edilməsi təklif olnumuş, lakin cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Bundan sonra cavabdehə pretenziya məktubu göndərilərək borc məbləğinin ödənilməsi xahiş olunmuş, əks təqdirdə bu barədə aidiyyəti məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh məsələnin həlli istiqamətində heç bir addım atmamışdır. Bu səbəbdən də hazırda məhkəmə müdafiəsi hüququndan istifadə olunması zərurəti yaranmışdır. Həmçinin, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı polis orqanına müraciət olunmuş, Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh polis orqanında izahat verərkən İddiaçı MMC-yə borcu olmasını etiraf etmişdir. Bundan əlavə, cavabdeh öhdəliyini vaxtında və lazımınca icra etmədiyinə görə Mülki Məcəllənin 445.7-ci maddəsini rəhbər tutaraq hesab edirlər ki, 55.093,47 manat üçün illik 5%, yəni 3672 manat (229,5 manat X 16 ay) məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixli üzləşmə aktında olan imza ona məxsusdur. Onun həqiqətən 55093,47 manat məbləğində borcu var. Belə ki, iddiaçıdan aldığı məhsulları müştərilərə nisyə vermişdir. Odur ki, həmin məhsulların pullarını müştərilərdən hissə-hissə toplayıb iddiaçıya qaytaracaqdır. İddianın digər hissələrinə isə etiraz edir. Buna görə də, iddianın qismən təmin edilməsini xahiş edir. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC və X4 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı”nın surətindən görünür ki, X1 xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə 55.093,47 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi X2 Cavabdeh barəsində olan şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı MMC-nin təsisçisi X3 onun barəsində Sumqayıt ŞPİ-yə ünvanladığı müraciətlə tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, Maqsudu təxminən 2011-ci ildən tanıyır. Onun Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində toyuq ferması və istehsalat yeri vardır. Gəray Zeynalov onun doğma qardaşıdır. O, “İgid oğlu, islami kəsim” adı altında toyuq satışı ilə məşğul olur. O, qardaşı ilə birgə iş görür. Onlar Maqsudla tanış olduqdan sonra ona öz etiketlərini təqdim etmişdirlər və ondan toyuq məhsulları alıb bazara satışa çıxarmışdırlar. Bu minvalla onlar uzun illər birlikdə işləmişdirlər. O, sonradan onların satış apardıqları ad altında Sumqayıt şəhəri, ərazisinə mal paylanılmasını xahiş etmişdir. Eyni zamanda həmin ad altında satışı olan toyuq məhsullarına görə onlara ayda ilk olaraq 600 manatdan pul ödəməyə başlamış sonradan isə o, pulu artıraraq 1000 manata çatdırmışdır. Təxminən 2021-ci ildən onlar ondan 1000 manat deyil, 2500 manat pul istədikdə o, ümumiyyətlə pul verməməyə başlamışdır. Daha sonra “İgid oğlu” sözünü çıxardaraq İddiaçı MMC, “İslami Kəsim” yazısı ilə malı satmağa başlamışdır. Eyni zamanda, alverləri zamanı onun Maqsuda 50.000 manat civarında borcu yaranmışdır. Belə ki, qeyd edilən məbləğdə o, ondan mal almışdır. Lakin Maqsud onun etiketi və dizaynı əsasında malları bazara çıxarıb satmaqla ona külli miqdarda maddi ziyan vurmuşdur. Bu səbəbdən də o, bu barədə onunla söhbət aparıb aralarında razılıq əldə etmişlər. O, Maqsuda olan borcunu bu səbəbdən verməmişdir. Bundan başqa, Maqsuda qarşı heç bir dələduzluq etmədiyini qeyd etmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərmişdir. Göründüyü kimi, cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə cavabdehin iddiaçıya 50.000 manat civarında məbləğində borcunun olduğunu etiraf etməsi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bu hal cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hal məhkəmə üçün məcburidir və göstərilən hallar yenidən sübut edilməməlidir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən müqavilə(lər) üzrə tələb edilən pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddianın həmin (əsas borcun tutulması) hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. İddia tələbi “55.093,47 manat borcun tutulması” hissəsində həmçinin ona görə təmin edilməlidir ki, iddia tələbi həm də cavabdehin özü tərəfindən həmin hissədə etiraf edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə, iddia tələbini cavabdehdən pul məbləğinin ödənilməsi ilə bağlı gecikdirilmiş vaxt üçün 3672 manat məbləğində faiz borcunun (gecikdirmə faizi) tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, əvvəla tərəflər arasında olan müqavilədə öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi halında cavabdehin gecikdirmə faizi və ya dəbbə (cərimə, penya) ödəyəcəyi ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçı, cavabdehin ödənişi tam icra etməməsi nəticəsində real zərər və ya əldən çıxmış fayda şəklində zərərə uğraması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı pul öhdəliyinin cavabdeh tərəfindən gecikdirilməsini əsas tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinadən pul məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar illik beş faizlə hesablanmaqla gecikdirmə faizinin tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən iddiaçının gecikdirmə faizinin ödənilməsi barədə tələb hüququ yaransa da, həmin faiz məbləği iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, iddia ərizəsində gecikdirmə faizi əsas borclarla əlaqədar hesablandığı göstərilmişdir, lakin həmin məbləğlərin 2016-cı il tarixindən 2022-ci ilin ilin aprel ayına qədər olan dövrü əhatə edildiyi qeyd edilmişdir. Eyni zamanda, nisyə verilən malların hansı tarixdə nə qədər həcminin hansı məbləğə verildiyi iş materiallarından müəyyən edilmir. Belə olan təqdirdə, iddiaçının iddia etdiyi MMnin 445.7-ci maddəsinə əsasən illik 5% həddində hesablanmaqla faiz borcunun 3672 manat olması tələbi qeyri-müəyyəndir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasının təsbit edildiyini əsas tutaraq bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş tələblərə əsasən gecikdirmə faizinin hansı məbləğdə olması ilə bağlı sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 2000 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 1000 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 405 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 350 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 272,3 manat məbləğində dövlət rüsumunun 260 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 55093,47 manat əsas bоrc, 1000 manat vəkilə etdiyi kömək üçün ödənilən xərc, 350 manat mediasiya xərci, cəmi 56443,47 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 260 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1933/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1933/2023
17.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver