Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1966/2025 03.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 8000 manat məbləğində əsas kredit borcu, 270,48 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 659,83 manat cərimə borcu olmaqla, cəmi 8930,31 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 109,31 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən Cavabdeh2 12 ay müddətinə 9 ay güzəşt müddəti olmaqla (yəni həmin 9 ay müddətində aylıq fazilərin ödənilməklə) illik 16% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 8000 manat məbləğində əsas kredit borcu, 270,48 manat faiz borcu və 659,83 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8930,31 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər.
İddia ərizəsinə etiraz:
3. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 poçt vasitəsilə ilə təqdim olunmuş, lakin cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
6. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kredit Razılaşmasının: - 1-ci bəndinə əsasən, Kreditverən (Bank) 8000 AZN məbləğdə və illik faiz dərəcəsi 16 faiz olmaqla, xx.xx.2024 tarixədədək, 9 (doqquz) ay güzəşt müddəti olınaqla Avadanlıq alınması və digər investisiya xərcləri məqsədli kredit verir, Müştəri (Borcalan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Kreditverənə qaytarmağı öhdəsinə götürür. - 2-ci bəndinə əsasən, Kredit, Borcalanın ərizəsi əsasında Kreditverən tərəfindən Borcalamn cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin Borcaianm cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu Razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu Razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. - 3-cü bəndinə əsasən, Ödəmə vaxtı çatmış lakin Borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdiribmiş hissəsi illik 16 (iyirmi üç) % üstəgəl 5 (beş) % gecikdirmə faizi ilə hesablanır. - 6-cı bəndinə əsasən borcalan razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarmalı olduğu halda son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəyir.
7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 38FİZAM201121601 nömrəli zaminlik müqaviləsindən görünür ki, Borcalan və bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh3 qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün borcalan Cavabdeh2 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür
8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 38FİZAM201122101 nömrəli zaminlik müqaviləsindən görünür ki, Borcalan və bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1 qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün borcalan Cavabdeh2 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür
9. İş materiallarında olan Cavabdeh2 ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixədək 8000 manat əsas, 1175,53 manat faiz borcu olmaqla, cəmi 9175,53 manat məbləğində ödəniş edilməlidir.
10. xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 8000 manat, faiz borcu 270,48 manat, cərimə 659,83 manat təşkil edir.
11. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən əsasən yaranmış 8000 manat əsas borc, 270,48 manat kreditdən istifadəyə görə faiz borcu, cərimə üzrə 311,84 manat olmaqla, cəmi 8582,32 manat məbləğində borcun məktub alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, həmçinin cavabdehlər tərəfindən öhdəliyin pozulduğuna görə kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edildiyi qeyd olunmuş, borcun ödənilməyəcəyi təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq edilmişdir.
12. İş materiallarında olan **********03 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 109,31 manat dövlət rüsumu ödənilmişdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 37-ci fəslinin: 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı::
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
a) Məhkəmənin mövqeyi:
16. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.
17. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 37-ci fəslinin kredit hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir.
18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh2 kredit verməyi, Cavabdeh2 isə aldığı kredit faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
20. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh (əsas borclu) tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
21. İş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçının Cavabdeh2 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Bu əsasla iddiaçı cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməklə müqaviləyə xitam verməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinə faiz və cərimə borcuna münasibətdə hüquqi qiymət verilərkən müqavilənin ləğv edilməsi nəzərə alınmalıdır.
22. Məhkəmə qeyd edir ki, Cavabdeh2 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər Cavabdeh1 və Cavabdeh3 qeyd edilən kredit müqaviləsi üzrə üzrə iddiaçı qarşısında Cavabdeh2 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.
23. Məhkəmə yuxarıda göstərilənləri də nəzərə alaraq qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaya qarşı etirazlarını bildirməmişlər, həmçinin iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını, iş materiallarında olan sənədləri və müqavilənin ləğv edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsas və faiz borcuna münasibətdə tam əsaslı olmaqla, cavabdehlərin borc məbləğinin əsas borc üzrə 8000 manat, faiz borcu üzrə isə 270,48 manat təşkil etməsi öz təsdiqini tapır.
24. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında imzalanmış kredit müqavilənin 6-cı bəndində "Borcalan" cavabdeh kredit üzrə öz öhdəliklərini icra etmədikdə cavabdehin cərimə ödəmək öhdəliyi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışında hesablanmış cərimə 659,83 manat olaraq qeyd olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanmış cəriməni tənasübsüz surətdə yüksək hesab edərək belə qənaətə gəlir ki, hesablanmış cərimə azaldılaraq 200 manat müəyyən edilməli və həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
25. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 109,31 manat dövlət rüsumuna münasibətdə AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddinın təmin edilmiş hissəsinə mütənasib olaraq 104,71 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan 4,76 manatı hissəsi isə iddiaçıya aid edilməlidir.
Nəticə:
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 84- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 8000 manat məbləğində əsas borc, 270,48 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə olmaqla, cəmi 8470,48 (səkkiz min dörd yüz yetmiş manat, qırx səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 104,71 (bir yüz dörd manat, yetmiş bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 4,76 (dörd manat, yetmiş altı qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev