Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1968/2024 07.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 01 fevral 2018-ci il tarixli, 2305 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 3.967,34 manat icarə haqqı borcu, ona hesablanmış 715,44 manat cərimə borcu olmaqla, cəmi borc 4.682,78 manat və 01 fevral 2018-ci il tarixli, 2407 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 4.328,00 manat icarə haqqı borcu, ona hesablanmış 780,48 manat cərimə borcu, 382,72 manat kommunal borc, cəmi borc 5.491,20 manat olmaqla, yekun olaraq 8.295,34 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 1.495,92 manat cərimə və 382,72 manat komunal borc olmaqla, ümumilikdə 10.173,98 manat məbləğində pul tələbinin və 221,33 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, tərəflər arasında imzalanmış 01 fevral 2018-ci il tarixli, 2305 və 2407 nömrəli icarə müqavilələrinə xitam verilməsi, habelə müvafiq qeyri-yaşayış sahələrinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2305 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “2305” nömrəli qeyri-yaşayış sahəsini (oyuncaq satışı mağazası) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 (iki yüz iyirmi) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Habelə, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, “2407” nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “2407” nömrəli qeyri-yaşayış sahəsini (ayaqqabı satışı) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 240 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi şəxs qeyd edilən müqavilələr üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş: -08 aprel 2024-cü il tarixli 04-07/Q-2024-M/78 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 2305 nömrəli icarə müqaviləsi üzrə 06 aprel 2024-cü il tarixə icarəçi Cavabdeh Möhübbədin oğlunun icarə haqqı borcu 3.967,34 manat, ona hesablanmış cərimə borcu 715,44 manat olmaqla, cəmi borc 4.682,78 manat məbləğindədir; 08 aprel 2024-cü il tarixli 04-07/Q-2024-M/77 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 2407 nömrəli icarə müqaviləsi üzrə 06 aprel 2024-cü il tarixə icarəçi Cavabdeh Möhübbədin oğlunun icarə haqqı borcu 4.328,00 manat, ona hesablanmış cərimə borcu 780,48 manat, komunal borcu 382,72 manat olmaqla, cəmi borc 5.491,20 manat məbləğindədir. Göründüyü kimi, qeyd edilən iki adda icarə müqaviləsi üzrə 06 aprel 2024-cü il tarixə icarəçi Cavabdeh Möhübbədin oğlunun icarə haqqı borcu 8.295,34 manat, ona hesablanmış cərimə borcu 1.495,92 manat, komunal borcu 382,72 manat olmaqla, yekun olaraq borc 10.173,98 manat təşkil edir. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə verərək, Cavabdeh tərəfindən 01 fevral 2018-ci il tarixli, 2305 nömrəli subicarə müqaviləsi üzrə ödənilməli olan 4231,34 manat icarə haqqı borcu, ona hesablanmış 813,83 manat cərimə borcu olmaqla, cəmi borc 5045,17 manat və 01 fevral 2018-ci il tarixli, 2407 nömrəli subicarə müqaviləsi üzrə ödənilməli olan 4616 manat icarə haqqı borcu, ona hesablanmış 887,81 manat cərimə borcu, 112,58 manat kommunal borc, cəmi borc 5616,39 manat olmaqla, yekun olaraq 10661,56 manat məbləğində pulun və 221,33 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, tərəflər arasında imzalanmış 01 fevral 2018-ci il tarixli, 2305 və 2407 nömrəli subicarə müqavilələrinə xitam verilməsi, habelə müvafiq qeyri-yaşayış sahələrinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli, 2305 nömrəli icarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq İcarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “İcarə obyekti”) İcarəçiyə icarəyə verməyi və İcarəçi digər ödənişləri ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 m2 olan “2305” nömrəli mağaza-qeyriyaşayış sahəsidir. 4.1-ci bəndinə əsasən, İcarəçi bu müqavilə qüvvədə olduğu müddət ərzində İcarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqında əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. 4.3-cü bəndinə əsasən, İcarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir. 9.1-ci bəndinə əsasən, Bu müqavilə imzalandığı tarixdən etibarən 11 ay müddətində bağlanılır. 9.2-ci bəndinə əsasən, Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə, müqavilənin qüvvəsi eyni müddətə artırılır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2022ci il tarixli, 01 nömrəli əlavə razılaşmanın 1-ci bəndinə əsasən, Tərəflər hazırki Əlavə razılaşma ilə 01 fevral 2018-ci il tarixli 2305 nömrəli İcarə müqaviləsinə əsasən icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 m2 ölçüsündə olan “2305” nömrəli qeyri-yaşayış sahəsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq icarə haqqının 154 manat (ƏDV daxil) məbləğində müəyyən olması barədə razılığa gəlirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh icarə haqqı borcu 3967,34 manat, cərimə borcu 715,44 manat, cəmi borc 4682,78 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli, 2407 nömrəli icarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq İcarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “İcarə obyekti”) İcarəçiyə icarəyə verməyi və İcarəçi digər ödənişləri ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 m2 olan “2407” nömrəli mağaza-qeyriyaşayış sahəsidir. 4.1-ci bəndinə əsasən, İcarəçi bu müqavilə qüvvədə olduğu müddət ərzində İcarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 240 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqında əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2022ci il tarixli, 01 nömrəli əlavə razılaşmanın 1-ci bəndinə əsasən, Tərəflər hazırki Əlavə razılaşma ilə 01 fevral 2018-ci il tarixli 2407 nömrəli İcarə müqaviləsinə əsasən icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 m2 ölçüsündə olan “2407” nömrəli qeyri-yaşayış sahəsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq icarə haqqının 168 manat (ƏDV daxil) məbləğində müəyyən olması barədə razılığa gəlirlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2305 nömrəli və 01 fevral 2018-ci il tarixli 2407 nömrəli icarə müqavilələri üzrə ödənilməli olan 8295,34 manat icarə haqqı borcu və 1495,92 manat cərimə borcunun, yekun olaraq 9791,26manat məbləğində borcun 7 yeddi gün müddətində ödənilməsi Cavabdeh tələb olunmuş, əks təqdirdə qeyd edilən icarə haqqı borcunun ödənilməsi, icarə müqavilələrinə xitam verilməsi, qeyri-yaşayış sahələrinin boşaldılması ilə bağlı tədbirlər görüləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2305 nömrəli müqavilə üzrə 3.967,34 manat icarə haqqı borcu, ona hesablanmış 715,44 manat cərimə borcu olmaqla, cəmi 4.682,78 manat borcun ve 01 fevral 2018-ci il tarixli 2407 nömrəli müqavilə üzrə 4.328,00 manat icarə haqqı borcu, ona hesablanmış 784,48 manat cərimə borcu, 382,72 manat kommunal borc olmaqla, cəmi 5.491,20 manat borcun və ödənilmiş 221,33 manat məbləğində dövlət rüsumunun ödənilməsi, 01 fevral 2018-ci il tarixli 2305 nömrəli və 01 fevral 2018-ci il tarixli 2407 nömrəli icarə müqavilələrinə xitam verilməsi, habelə qeyri-yaşayış sahələrinin boşaldılması barədə iddia ərizəsinin surəti Cavabdeh təqdim olunmuşdur. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü sahədən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar bağladıqları icarə müqavilələri ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektlərini cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək qeyd edir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilələrin bağlandığı, həmin müqavilələrin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının icarə müqavilələrinin obyekti olan qeyri-yaşayış sahələrini cavabdehə təhvil verməsi, cavabdehin hər iki müqavilə üzrə icarə müqavilələrinə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verildiyi xx.xx.2024-cü il tarixə cəmi 8295,34 manat məbləğində icarə haqqı borcunun olması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan icarə haqqı üzrə borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən icarə müqavilələri üzrə ümumilkdə cəmi 8295,34 manat məbləğində icarə haqqının şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 8295,34 manat məbləğində icarə haqqı üzrə borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 8295,34 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan qeyri-yaşayış sahələrini cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh sahələri təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi əsas borca (icarə haqqı tələbinə) münasibətdə tam təmin edilməlidir. Məhkəmə, iddia tələbini cərimənin (dəbbə pulunun) tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən, icarə haqqının ödənişi gecikdirildikdə, gecikdirilən məbləğin 1 % həcmində cərimə ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdehin icarə haqqı ödənişini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini də vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü icarə haqqının şərtləşdirilmiş vaxtda ödənilməsi ilə bağlı öhdəliyinin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 01 fevral 2018-ci il tarixli, 2305 nömrəli müqavilə üzrə 715,44 manat və 01 fevral 2018-ci il tarixli, 2407 nömrəli müqavilə üzrə 780,48 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 01 fevral 2018-ci il tarixli, 2305 nömrəli müqavilə üzrə 50 manat və 01 fevral 2018-ci il tarixli, 2407 nömrəli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə, iddiaçı tərəfindən verilmiş iddianın dəqiqiləşdirilməsinə dair ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı həmin ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə olan münasibətlərə hazırda xitam verilmədiyi üçün və cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmadığından, məhkəməyə müraciət edildikdən sonra da müvafiq borc yarandığı üçün iddianın həcmi artırılmışdır. Məhkəmə, iddiaçının bu tələbi ilə bağlı qeyd edir ki, işdə olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarına əsasən, iddiaçı həmin məktublarda cavabdehdən icarə müqavilələri üzrə yaranmış borcun ödənilməsini tələb etməklə yanaşı, artıq icarə müqavilələrinə xitam verilməsi və icarə obyektlərinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə cavabdehə xəbərdarlıq etmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə cavabdeh öz üzərlərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyinə görə iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə öhdəliklərinin icrası üçün əlavə vaxt vermiş, həmin vaxtda öhdəlik icra olunmadığı üçün xx.xx.2024-cü il tarixli məktubda müqavilələrə vaxtından əvvəl xitam verilməsi barədə iddia irəli sürüldüyünü bəyan etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müqaviləyə xitam verilməsi barədə bildiriş (xəbərdarlıq) göndərməklə müqavilədən birtərəfli qaydada imtina etdiyinə görə artıq məhkəmədən kənar qaydada müqaviləyə xitam verilmişdir. Digər ifadə ilə müqavilədən imtina (müqavilənin ləğvi) bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilmişdir. Bu halda, yəni iradə ifadəsinin digər tərəfə çatdırılması yolu ilə müqaviləyə xitam verildiyinə görə, məhkəmə tərəfindən yalnız tələb olduğu təqdirdə müqavilələrin xitam edilmiş hesab olunması müəyyən edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.1 və 421.3-cü maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında şərh olunan hüquqi mövqe belədir ki, “O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatik öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir.” Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarı ilə bu nəticəyə gəlmişdir ki,”İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.” Beləliklə, qeyd edilən maddi hüquq normalarının tələblərinə və Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinə iddiaçının müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə bildirməklə xitam verilmiş hesab olunmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2305 nömrəli və 01 fevral 2018-ci il tarixli 2307 nömrəli icarə müqavilələrinə xx.xx.2024-cü il tarixdən xitam verildiyinə görə, qeyd edilən tarixdən sonra həmin müqavilələrə əsasən icarə haqqı və cərimə məbləğlərinin artırılmasına dair iddiaçının tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər icarə müqavilələrinə xitam verildikdən sonra da həmin münasibətlərinə davam etmişlərsə, bu halda həmin münasibətlər artıq hüquqi olaraq yeni icarə münasibətləri hesab ediilir və bu halda həmin münasibətlərdən yaranan tələblər ayrı icraatda irəli sürülə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 01 fevral 2018-ci il tarixli 2305 nömrəli icarə müqaviləsi üzrə 3967,34 manat məbləğində icarə haqqı borcu, 50 manat məbləğində cərimə borcu, 01 fevral 2018ci il tarixli 2407 nömrəli icarə müqaviləsi üzrə 4328 manat məbləğində icarə haqqı borcu, 50 manat məbləğində cərimə borcu və ödənilmiş 221,33 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8616,67 manat məbləğində pul tutularaq “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2305 nömrəli və 01 fevral 2018-ci il tarixli 2407 nömrəli icarə müqavilələri xx.xx.2024-cü il tarixdən xitam edilmiş hesab olunsun. İcarə obyektləri olan qeyri-yaşayış sahələri boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1968/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1968/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver