Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1993/2023 06.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – iddiaçı "xxxx" MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı – 1. 35/N kV-luq “Mehrablı” yarımstansiyasından çəkilmiş 35 kV-luq bir dövrəli hava xəttinin və yeni tikilmış 10 MVA 35/N kV-luq transformator olan şərti adı "xxxx" olan yarımstansiyanın balans mənsubiyyətinin müəyyən edilməsi, 2. MMC-nin təlabatı üçün nəzərdə tutulmuş 35/N kV-luq yarımstansiyadan qoşulmuş N kV-luq hərbi hissə hava xəttindən qoşulmuş (hərbi hissədən başqa) bütün tələbatçıların açılması və hərbi hissənin elektrik sayğacının bərpa edilməsinin təmin edilməsi, 3. 35/N kV-luq yarımstansiyada əlavə 30-a yaxın transformatorun qoşulması səbəbindən yanaraq sıradan çıxmış və istismara yararsız hala düşmüş elektrik avadanlıqlarının yenisi ilə əvəz edərək, yarımstansiyanın yararlı vəziyyətə gətirilməsini təmin edilməsi, 4. MMC-nin hesabatına süni surətdə daxil edilmiş, hərbi hissənin elektrik sayğacının işləməməsi səbəbindən istifadə etmədiyi elektrik enerji sərfi dəyərinin və texniki itkilərin MMC-nin hesabından azaldılmasının təmin edilməsi, 5. 35/N kV-luq yarımstansiyanın 10kV-luq tərəfində quraşdırılmış hərbi hissənin elektrik sayğacının və hərbi hissənin 10kV-luq hava xəttinə qoşulmuş artezianların elektrik sayğaclarının kompleks yoxlanmasının təmin edilməsi, 6. Subabonentlərin elektrik enerjisi sərfinin və ona aid tranzit elektrik enerjisi itkilərin (texnoloji sərfiyyat) MMC-nin sərfinə hesablanmasının dayandırılması, 7. Subabonentlərin şəbəkiyə qoşulan vaxtdan onların elektrik enerjisi sərfinə və ona aid tranzit elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə MMC tərəfindən ödənilmiş vəsaitlərin hesablanaraq MMC-yə geri ödənilməsi, 8. Elektrik enerjisinin kəsilməsinə görə "xxxx" MMC-yə dəymiş zərər və eləcə də mülki dövriyyə şəraitində əldə edəcəyimiz gəlirlərin (əldən çıxmış faydanın) hesablanaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia tələbi 8 tələbdən (8 hissədən) ibarətdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia tələblərinin bir hissəsində (1-dən 6-ya qədər olan hissəsində) iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, bir hissəsində (7-dən 8-ə qədər olan hissəsində) isə iddia ərizəsi geri qaydarılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 14-cü bəndində isə göstərilir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən qərarın 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud iddia tələblərinin bir hissəsində (1-dən 6-ya qədər olan hissəsində) "xxxx" ASC-nin hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olduğundan, hazırki iddia ərizəsinə həmin hissələrdə kommersiya məhkəməsi tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də qeyd edilən hissələrdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin göstərilən hissələrinə kommersiya məhkəməsi tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, qeyd edilən hissələrdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə eyni zamanda hesab edir ki, digər hissələri (7-dən 8-ə qədər olan hissələri) üzrə isə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (149.4). Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə də cavab vermir. Ona görə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş həmin iddia ərizəsinin elektrona aid “Giriş” hissəsində (“Tərəflər” bölməsində) iş üzrə tərəflərin – yəni, iddiaçının və cavabdehin ünvanları göstərilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin “Giriş” hissəsində (“Tərəflər” bölməsində) tərəflərin, yəni iddiaçının və cavabdehin ünvanları göstərilməlidir. Belə ki, iddiaçının və cavabdehin ünvanları, faktiki ünvanı, telefon nömrələrinə dair məlumatlar iddia ərizəsində qeyd olunmamışdır. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsinin elektrona aid olan hissəsində cavabdeh qismində "xxxx" ASC-nin (yəni, 1 cavabdehin) olması göstərilmiş olsa da, iddia ərizəsinin elektrona aid olmayan hissəsində əlavə 2 cavabdehin də olması görünür. Halbuki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, pretenziya məktubu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada göndərilməmiş, cavabdeh "xxxx" ASC tərəfindən alınmasına dair sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd edilən Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl pretenziya məktubunu cavabdeh(lər)in “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərmədiyindən (cavabdeh(lər) “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyi halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmədiyindən) iddia ərizəsi qeyd edilən hissələrdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi göstərilən hissələrdə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin həmin hissələrinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi qeyd edilən hissələrdə (7-dən 8-ə qədər olan hissələrdə) geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi - 35/N kV-luq “Mehrablı” yarımstansiyasından çəkilmiş 35 kV-luq bir dövrəli hava xəttinin və yeni tikilmış 10 MVA 35/N kV-luq transformator olan şərti adı "xxxx" olan yarımstansiyanın balans mənsubiyyətinin müəyyən edilməsi, MMC-nin təlabatı üçün nəzərdə tutulmuş 35/N kV-luq yarımstansiyadan qoşulmuş N kV-luq hərbi hissə hava xəttindən qoşulmuş (hərbi hissədən başqa) bütün tələbatçıların açılması və hərbi hissənin elektrik sayğacının bərpa edilməsinin təmin edilməsi, 35/N kV-luq yarımstansiyada əlavə 30-a yaxın transformatorun qoşulması səbəbindən yanaraq sıradan çıxmış və istismara yararsız hala düşmüş elektrik avadanlıqlarının yenisi ilə əvəz edərək, yarımstansiyanın yararlı vəziyyətə gətirilməsini təmin edilməsi, MMC-nin hesabatına süni surətdə daxil edilmiş, hərbi hissənin elektrik sayğacının işləməməsi səbəbindən istifadə etmədiyi elektrik enerji sərfi dəyərinin və texniki itkilərin MMC-nin hesabından azaldılmasının təmin edilməsi, 35/N kV-luq yarımstansiyanın 10kV-luq tərəfində quraşdırılmış hərbi hissənin elektrik sayğacının və hərbi hissənin 10kV-luq hava xəttinə qoşulmuş artezianların elektrik sayğaclarının kompleks yoxlanmasının təmin edilməsi, Subabonentlərin elektrik enerjisi sərfinin və ona aid tranzit elektrik enerjisi itkilərin (texnoloji sərfiyyat) MMC-nin sərfinə hesablanmasının dayandırılmasına dair hissələrdə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi Subabonentlərin şəbəkiyə qoşulan vaxtdan onların elektrik enerjisi sərfinə və ona aid tranzit elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə MMC tərəfindən ödənilmiş vəsaitlərin hesablanaraq MMC-yə geri ödənilməsi, Elektrik enerjisinin kəsilməsinə görə "xxxx" MMC-yə dəymiş zərər və eləcə də mülki dövriyyə şəraitində əldə edəcəyimiz gəlirlərin (əldən çıxmış faydanın) hesablanaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissələrdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1993/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1993/2023
06.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver