Məhkəmə qərarları › İş №e-2-2(121)-2/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2/2021 17.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X4 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 373.013,92 manat əsas borc, 5.505,60 manat faiz borcu və 209.037,59 manat cərimə borcu olmaqla, cəmi 587.557,11 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumu və çəkilmiş məhkəmə xərclərinin borclunun bank hesabı və digər əmlakları hesabına tutularaq “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 372.046,92 manat əsas borcun, 7.007,64 manat faiz borcunun və 264.555,73 manat cərimə borcunun cavabdehdən tutularaq “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi (həcminin azaldılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, 372.046,92 manat əsas borcun, 14.449,76 manat faiz borcunun və 19.035,93 manat cərimə borcunun cavabdehdən tutularaq “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 07.10.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq uyğun olaraq, güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılmasında müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatı “xxxx” MMC arasında 21.07.2014-cü il tarixdə “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında" müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin edir. Müqavilənin 3.6-cı bəndinə əsasən, sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarına güzəştli kreditləri, hesablanmış faizləri və digər ödənişləri ödəyibödəməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısındakı öhdəliklərini müqavilənin şərtlərinə uyğun olaraq vaxtında yerinə yetirməlidirlər. Müqavilənin 5.8-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 bank günündən gec olmayaraq fondun müvafiq xəzinə hesabına ödəməlidirlər. Müqavilənin 5.8-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 bank günündən gec olmayaraq fondun müvafiq xəzinə hesabına ödəməlidirlər. Müqavilənin 3.5-ci bəndinə əsasən, kredit vəsaiti üzrə faizlərin hesablanması güzəştli kredit vəsaitinin Fondun xəzinə hesabından silindiyi tarixdən başlayır və əsas borc üzrə son ödənişin fondun xəzinə hesabına daxil olduğu tarixədək davam edir. Müqavilənin 6.1-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatının fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətindən asılı deyildir. Müvəkkil kredit təşkilatı fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 ay ərzində öhdəliklərini icra etmədikdə, fond vəsaitlərin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. Müqavilə şərtlərinə uyğun olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Fondun vəsaitləri hesabına 2014-2016-cı illər ərzində sahibkarlıq subyektlərinin 136 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında 680.000 manat güzəştli kredit ayrılmışdır. Ancaq ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində "xxxx" MMC 01.12.2016-cı il tarixdən gecikmələrə yol vermiş və nəticədə müqavilənin müvafiq bəndləri pozulduğuna görə öhdəliklərin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanılmışdır. Müqavilə şərtlərinə əməl etmədiyi üçün “xxxx" MMC-nin yaranmış borcu üzrə qanunvericiliyin tələbləri və müqavilə şərtlərinə uyğun olaraq Fond tərəfindən faiz və cərimələrin hesablanması davam etdirilmişdir. Fondla “xxxx” MMC arasında 01.08.2018-ci il tarixdə aparılmış və “xxxx” MMC-nin rəhbəri tərəfindən imzalanmış və möhürlənmiş üzləşmə aktına əsasən borclunun Fond qarşısındakı öhdəlikləri onun tərəfindən hər hansı mübahisələndirmə aparılmadan təsdiq edilmişdir. Fond tərəfindən edilmiş çoxsaylı rəsmi xəbərdarlıqlara baxmayaraq kredit təşkilatı tərəfindən öhdəliklərin yerinə yetirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.06.2020-ci il tarixli, 1052 saylı Fərmanı ilə “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” təsdiq edilmişdir. Sözügedən qaydanın 3.7-ci bəndinə müvafiq olaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə cərimə ödəyirlər. Sözügedən Qaydanın tələbini nəzərə alaraq, hesablanmış cərimənin məbləği 19.035,93 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X4 nümayəndəsi X3 iddia ərizəsinin və iddianın dəyişdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə cavabdeh “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.07.2014-cü il tarixli Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə “xxxx” MMC arasında Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 7 oktyabr tarixli, 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadə Qaydaları”nın 1.3-cü bəndinə müvafiq olaraq Fondun vəsaitlərinin istifadə edilməsinin şərtlərini nəzərdə tutan müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin edir. Müqavilənin 3.3-cü bəndinə əsasən, müvəkkil kredit təşkilatları Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər. Müqavilənin 3.4-cü bəndinə əsasən, Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatı tərəfindən verilən kreditlərin hədləri, müddət və faizləri, habelə kreditlər üzrə güzəşt müddəti Qaydalara uyğun olaraq müəyyən edilir. Müqavilənin 3.5-ci bəndinə əsasən, kredit vəsaiti üzrə faizlərin hesablanması güzəştli kredit vəsaitinin Fondun xəzinə hesabından silindiyi tarixdən başlayır və əsas borc üzrə son ödənişin fondun xəzinə hesabına daxil olduğu tarixədək davam edir. Faizlər günlər üzrə hesablanır və hesablama zamanı 1 (bir) il 360 (üç yüz altmış) günə bərabər götürülür. Müqavilənin 3.6-cı bəndinə əsasən, sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarına güzəştli kreditləri, hesablanmış faizləri və digər ödənişləri ödəyibödəməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısındakı öhdəliklərini müqavilənin şərtlərinə uyğun olaraq vaxtında yerinə yetirməlidirlər. Müqavilənin 3.16-cı bəndinə əsasən, Qaydalar və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin müvəkkil kredit təşkilatı tərəfindən pozulması aşkar edildikdə, müvəkkil kredit təşkilatı layihədən kənarlaşdırılır. Belə bir halda sahibkarlıq subyektləri tərəfindən öhdəliklərin yerinə yetirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı tərəfindən Fond qarşısında bütün öhdəliklər təxirə salınmadan icra edilir. Müqavilənin 5.8-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 bank günündən gec olmayaraq fondun müvafiq xəzinə hesabına ödəməlidirlər. Müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatının fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatı fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 ay ərzində öhdəliklərini icra etmədikdə, fond vəsaitlərin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. İş materiallarında olan qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “xxxx” MMC-yə verilmiş güzəşli kredit vəsaitləri üzrə 01 avqust 2018-ci il tarixinə qalıqları barədə tərəflər arasında qarşılıqlı üzləşmə aktı imzalanmışdır. Həmin üzləşmə aktına əsasən, “xxxx” MMC-nin əsas kredit borcu üzrə 377.709,92 manat, faiz borcu üzrə 4.468,39 manat və 165.436,96 manat cərimə təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, “xxxx” MMC-nin “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 01.06.2020-ci il tarixə 372.046,92 manat əsas borcu, 11.038,79 manat faiz borcu və 412.983,68 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxs tərəfindən “xxxx” MMC-yə 05.10.2018-ci il tarixli, 06/01-12/85 saylı, 06.11.2018-ci il tarixli, SİF-06/01-12/126 saylı və 07.12.2018-ci il tarixli, SİF-06/01- 12/200 saylı məktublar göndərilərək, borcun ödənilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsi tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-2(086)-190/2019 saylı qiyabi qətnaməsi ilə, iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X4 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 372.046,92 manat əsas kredit, 7.007,64 manat faiz və 264.555,73 cərimə borcunun tutularaq iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X4 hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən məhkəməyə təqdim olunmuş 21.06.2019-cu il tarixli, 116 saylı ərizədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-2(086)-190/2019 saylı Qiyabi qətnaməsinin ləğv olunması və işin iddia icraatına keçirilməsi xahiş olunmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 28.06.2019-cu il tarixli, e-2-2(086)-190/2019 saylı qərardadı ilə, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-2(086)- 190/2019 saylı Qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün təzələnməsi qərara alınmışdır. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətdə əsas və faiz borcunun müəyyənləşdirilməsi üçün məhkəməmühasibatlıq ekspertizasının təyin olunması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2020-ci il tarixli, 23893 saylı ekspert rəyində iş materialları əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25.07.2019-cu il tarixli 2-2(086)-190/2019 saylı qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia tələbinə qarşı təqdim olunmuş etirazda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin çox çətin vəziyyətdə olduğunu, cərimə ödəmək iqtidarında olmadığını, iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X4 iddia tələbinin qismən təmin olunaraq, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 333.507 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunması xahiş olunmuşdur. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş 03.06.2020-ci il tarixli, 03 saylı məktubda SKMF-dən müxtəlif illərdə ayrılmış pul vəsaitlərindən 136 fiziki şəxsə hər biri 5.000 manat olmaqla ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş 03.06.2020-ci il tarixli, 04 saylı məktubda 26.11.2019-cu il tarixdən halhazıradək SKMF hesabına verilmiş kreditlər üzrə heç bir əməliyyat aparılmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 aprel 2021-ci il tarixli, 9/3410 saylı ekspert rəyində iş materiallarında olan “xxxx” MMC tərəfindən Fond vəsaitlərinin istifadə edilməsi barədə və Fonda aparılmış ödənişlər barədə sənədlər əsasında “xxxx” MMC-nin Fond qarşısında 01.06.2020-ci il tarixə 372.046,92 manat əsas kredit borcunun və 11.038,79 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə “xxxx” MMC arasında 21.07.2014-cü il tarixdə bağlanmış fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq “xxxx” MMC-yə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında güzəştli kredit ayrılmışdır. Cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən ayrılmış güzəştli kredit vəsaitini Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, 20 aprel 2021-ci il tarixli, 9/3410 saylı ekspert rəyi ilə cavabdehin 01.06.2020-ci il tarixə 372.046,92 manat əsas kredit borcunun və 11.038,79 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Qeyd olunan məbləğlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında da öz əksini tapmışdır. Yəni, iddiaçı tərəfindən cavabdehə əsas və faiz borcu düzgün hesablanmışdır. Lakin bununla belə, cavabdeh tərəfindən borc ödənilmədiyindən və tərəflər arasında münasibətlər davam etdiyindən, cavabdehin faiz borcu artmış və bununla bağlı iddiaçı tərəfindən məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim edilərək, cavabdehdən fazi borcu olaraq, 14.449,76 manat tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 01.06.2020-ci il tarixə olan əsas və faiz borcları düzgün hesablandığından, 20 aprel 2021-ci il tarixli, 9/3410 saylı ekspert rəyi ilə həmin məbləğlər təsdiq edildiyindən, tərəflərin münasibətləri davam etdiyindən və cavabdeh tərəfindən hər-hansı ödəniş aparılmadığından onun faiz borcunun 01.06.2020-ci il tarixdən 01.05.2021-ci il tarixədək, 11 ay ərzində artaraq 14.449,76 manat təşkil etməsi ağlabatandır və həmin məbləğin (faiz borcunun artırılmış hissəsinin) düzgün hesablanmadığına dair hər-hansı şübhə yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış 21.07.2014-cü il tarixli müqaviləyə əsasən, 372.046,92 manat əsas və 14.449,76 manat faiz borcu hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatının fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatı fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 ay ərzində öhdəliklərini icra etmədikdə, fond vəsaitlərin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehdən cərimə borcu kimi 209.037,59 manatın tutulmasını, daha sonra həmin hissədə iddianı dəyişdirərək (həcmini artıraraq) 264.555,73 manat cərimə borcunun xahiş etmişdir. Bundan sonra, iddiaçı iddianın dəyişdirilməsi (həcminin azaldılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19.035,93 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. İş materiallarında olan qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, “xxxx” MMCnin Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fonduna 165.436,96 manat cərimə borcunun olduğunu cavabdeh özü təsdiq etmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.06.2020-ci il tarixli, 1052 saylı Fərmanı ilə “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” təsdiq edilmişdir. Sözügedən qaydanın 3.7-ci bəndinə müvafiq olaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə cərimə ödəyirlər. Sözügedən Qaydanın tələbini nəzərə alaraq, hesablanmış cərimənin məbləği cavabdehin xeyrinə azldılaraq, 19.035,93 manat hesablanmışdır. Belə olan halda isə məhkəmə cavabdehdən iddiaçının xeyrinə 19.035,93 manat cərimə borcunun (dəbbə pulunun) tutulmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 195 (bir yüz doxsan beş) manat cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 372.046,92 manat əsas borc, 14.449,76 manat faiz borcu və 19.035,93 manat cərimə (dəbbə pulu) borcu olmaqla, cəmi 405.532,61 (dörd yüz beş min beş yüz otuz iki manat, altmış bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 372.046,92 manat əsas borc, 14.449,76 manat faiz borcu və 19.035,93 manat cərimə (dəbbə pulu) borcu olmaqla, cəmi 405.532,61 (dörd yüz beş min beş yüz otuz iki manat, altmış bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 195 (bir yüz doxsan beş) manat cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar