Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2005/2025 11.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X1 müştərək qaydada 24954,37 manat məbləğində əsas bоrc və 0 manat faiz borcu оlmaqla, cəmi 24954,37 manat borcun və 164,86 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Səfərov Nahid Namiq oğlu arasında bağlanmış 17 iyul 2024-cü il tariхli, 900842-839312/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 22% dərəcəsi ilə 30000.00 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh2 arasında 17 iyul 2024 il tariхli, 900842-839312/1 nömrəli və Cavabdeh1 arasında 17 iyul 2024 il tariхli, 900842-839312/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 17 iyul 2024 il tariхli, 900842-839312/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Bundan başqa, əsas borclu Səfərov Nahid Namiq oğlu xx.xx.2024-cü il tarixdə “Baş beynin diffuz travması” səbəbi ilə vəfat etmişdir. (Bu barədə ölüm haqqında şəhadətnamənin surəti də ərizəyə əlavə edilmişdir) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə,zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.” Həmçinin həmin qərarın 3-cü bəndində qeyd edilmişdir ki, “Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəlisürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Beləliklə bank öhdəliyin icrasını zamindən tələb edə bilər. 07 aprel 2025-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 24954.37 manat məbləğində əsas bоrcu və 0 manat faiz borcu оlmaqla, cəmi 24954.37 (İyirmi dörd min doqquz yüz əlli dörd (.37)) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasınə xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Səfərov Nahid Namiq oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 900842-839312/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Səfərov Nahid Namiq oğluna 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 30000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, 900842-839312/1 nömrəli krеdit razılaşması üzrə ilk ödəniş tarixi kimi xx.xx.2024-ci il, son ödəniş tarixi isə xx.xx.2027-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Səfərov Nahid Namiq oğlu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə zamin, borcalanın xx.xx.2024cü il tarixli, 900842-839312/1 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, Səfərov Nahid Namiq oğlu “Baş beynin diffuz travması” səbəbi ilə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Səfərov Nahid Namiq oğlunun xx.xx.2024-cü il tarixli, 900842-839312/1 nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 24954,37 manat, faiz borcu 0 manat, cərimə borcu olmaqla, cəmi borc məbləği 24954,37 manat təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı ASC ilə Səfərov Nahid Namiq oğlu arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə, Kredit verən İddiaçı ASC borclu Səfərov Nahid Namiq oğluna borc (kredit) verməyi, Səfərov Nahid Namiq oğlu isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla Kredit verənə qaytarmağı öhdələrinə götürmüşlər. Həmin kredit müqaviləsi üzrə borclu Səfərov Nahid Namiq oğlunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə görə isə, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borclu Səfərov Nahid Namiq oğlunun öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürməyi və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Məhkəmə işdə olan sənədlərə əsasən qeyd edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək Səfərov Nahid Namiq oğluna kredit verməsi, sonuncunun həmin krediti alması, xx.xx.2024-cü il tarixli, 900842-839312/1 nömrəli krеdit razılaşması üzrə ilk ödəniş tarixi kimi xx.xx.2024-ci il olaraq şərtləşdirilməsi, Səfərov Nahid Namiq oğlunun xx.xx.2024-cü il tarixdə vəfat etməsi və Səfərov Nahid Namiq oğlunun ölümündən sonra kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməməsi baxılan işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə ödənişlər gecikdirildiyinə görə iddiaçının əsas borc, faiz və cərimə tutulmasına dair tələb irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır. Lakin həmin tələbin hazırki işin müəyyən edilmiş faktiki hallarına və qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən cavabdeh-zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürülə bilməsi, başqa ifadə ilə iddiaçının verdiyi kredit məbləğinin vaxtında qaytarılmaması ilə bağlı pozulmuş subyektiv hüququnun müdafiəsi ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətinin yaranıb-yaranmamasına açıqlıq gətirilməsini məhkəmə zəruri hesab edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ilk növbədə zaminlik institutunun, zaminin məsuliyyətinin əsaslarının və xüsusiyyətlərinin mövcud qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən müvafiq normalarına və eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşmış hüquqi mövqeyə əsasən təhlil edilməsi vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminin məsuliyyətinin əsaslarını və həcmini müəyyən edən Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1), əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinin hüquqi təbiətinə aydınlıq gətirərək qeyd etmişdir ki, kreditor və borclu arasında bağlanan əsas müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi birtərəfli, konsensual müqavilə olmaqla kreditorla zamin arasında əsas öhdəliyə münasibətdə aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Sadalanan maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, zaminin kreditor qarşısında öhdəliyi zaminliklə təminat altına alınmış əsas öhdəliyə münasibətdə əlavə (aksessor) xarakter daşıyır. Zaminin əsas borclu ilə bərabər kreditor qarşısında birgə məsuliyyət daşımasına (subsidiar məsuliyyət daşıması ilə bağlı hal istisna olmaqla), əsas öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmamasından irəli gələn bütün növ tələblərə qarşı əsas borclu ilə eyni məsuliyyətlə cavabdeh olmasına baxmayaraq, zaminin əlavə (aksessor) öhdəlik daşıyıcısı olması səbəbi ilə kreditor qarşısında öhdəliyinin yaranması, ona qarşı tələb irəli sürülə bilməsi üçün əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulmasının baş verməsi tələb olunur. Yalnız bu hüquqi faktın baş verməsi, yəni borclunun öhdəliyini lazımınca icra etməsindən yayınması zaminin kreditor qarşısında öhdəliyinin yaranması üçün əsas yaradır. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Burada nəzərə alınmalı olan əsas məqam ondan ibarətdir ki, zaminlik müqaviləsi gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması məqsədilə bağlandığından, zaminlik müqaviləsi bağlandığı andan qüvvəyə minsə də, həmin müqavilə üzrə hüquq və vəzifələr əsas öhdəliyin borclu tərəfindən pozulması halında yaranır. Buna görə də, kreditor zaminə qarşı tələbini yalnız əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulması baş verdikdə irəli sürə bilər. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 4 sentyabr 2012-ci il tarixli qərarında da öz əksini tapmışdır. Adı çəkilən Plenum qərarında qeyd olunmuşdur ki, “Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz.” Məhkəmə, yuxarıda şərh olunanları hazırki işin faktiki hallarına tətbiq edərək hesab edir ki, baxılan iş üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyin borclu tərəfindən pozulması ilə əlaqədar zaminlik müqavilələrindən irəli gələn öhdəliyi yaranmamışdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, borclu Səfərov Nahid Namiq oğlu kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə həyata keçirilməli olan ilk ödənişdən əvvəl, xx.xx.2024-cü il tarixdə ölmüşdür. Buradan belə nəticə hasil olur ki, kredit müqaviləsi üzrə əsas borclu Səfərov Nahid Namiq oğlu tərəfindən kredit borcunun ödənilməsinin həyata keçirilməməsi onun ölümü ilə əlaqədar olmuşdur. Məhkəmə, borclunun ölümünun öhdəliyin pozulması kimi qəbul edilərək zaminlərə qarşı tələb irəli sürülməsini tamamilə əsassız hesab edərək vurğulayır ki, öhdəliyin pozulması (icra edilməməsi və ya lazımınca icra edilməməsi) iradəvi aktdır və məhz buna görə də, qanunvericilik borclunun kreditor qarşısında mülki məsuliyyətinin yaranmasını onun təqsirli pozuntuya yol verməsi ilə əlaqələndirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə, hazırki işin qanuni və əsaslı həlli ilə əlaqədar bir məsələni də qeyd etməyi zəruri sayır. Kredit müqaviləsi üzrə borc şəxsi xarakterli, borclunun şəxsiyyəti ilə sıx bağlı olan öhdəlik olmadığına görə, borclunun ölümü halında kredit müqaviləsi üzrə onun öhdəlikləri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrinə keçir. Buna görə də məhkəmə hesab edir ki, kreditor kredit müqaviləsi üzrə əsas borclunun ölməsi faktını müəyyən etdikdə, əgər ölmüş şəxs həmin məqamadək müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmişdirsə və ya öhdəliyin pozulması borclunun təqsirli hərəkələri nəticəsində baş verməmişdirsə, borcun ödənilməsi barədə tələbi ilk növbədə ölmüş şəxsin vərəsələrinə qarşı irəli sürməlidir. Vərəsələr tərəfindən borcun qaytarılmasına dair öhdəliklərin pozulması baş verdikdə zaminlik müqaviləsi üzrə öhdəliklər davam etdiyinə görə zaminin öhdəliyi yaranmış olur ki, bu zaman kreditorun zaminə qarşı tələb irəli sürməsi üçün hüquqi zəmin yaranır. Zaminlərin ölmüş şəxsin öhdəliklərinə görə mülki məsuliyyətinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında da ətraflı şərh olunmuşdur. Adı çəkilən qərarda xüsusilə vurğulanmışdır ki, “Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.” Beləliklə məhkəmə müəyyən edir ki, baxılan iş üzrə iddiaçı ölmüş əsas borclunun vərəsələri müəyyən edilərək onlara qarşı tələb irəli sürülmədən zaminlərə qarşı tələblə çıxış etməkdə haqlı olmamışdır. Nəzərə alınsa ki, əsas borclu tərəfindən öhdəliyin pozulması borclunun təqsirli hərəkələri nəticəsində baş verməmiş, onun ölümü ilə əlaqədar olmuşdur, bu halda zaminlərin öhdəliyinin yaranmasından danışmaq olmaz. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmamalı və iddiaçıya ilk növbədə mirası qəbul etməkdən imtina etməmiş vərəsələrə qarşı tələb irəli sürülməsi, vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə zaminlərə qarşı tələb irəli sürmək hüququnun yarandığı izah olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddia rədd edildiyinə görə məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməllidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2005/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2005/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver