Məhkəmə qərarları › İş №e-2-2(121)-2016/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2016/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2016/2022 01.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RBLLF-422 saylı kredit müaviləsi üzrə əsas borca görə 4.371,28 manat, faiz borcuna görə 94,05 manat, cərimə borcuna görə 3.000 manat olmaqla cəmi 7.465,33 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun, mediasiya xidmətinə ödənilmiş 100 manat məbləğində vəsaitin, cəmi 235 manat pulun tutulması, tələbin Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180,30 kv.m. olan və 0,4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən xx.xx.2019- cu il tarixli, RBLLF-422 saylı kredit müqaviləsi üzrə cəmi 7.465,33 manat və 235 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180,30 kv.m. olan və 0,4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəsinin cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RBLLF-422 saylı kredit müaviləsi üzrə əsas borca görə 4.371,28 manat, faiz borcuna görə 94,05 manat, cərimə borcuna görə 3.000 manat olmaqla cəmi 7.465,33 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun, mediasiya xidmətinə ödənilmiş 100 manat məbləğində vəsaitin, cəmi 235 manat pulun tutulması, tələbin Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180,30 kv.m. olan və 0,4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən xx.xx.2019cu il tarixli, RBLLF-422 saylı kredit müqaviləsi üzrə cəmi 7.465,33 manat və 235 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180,30 kv.m. olan və 0,4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəsinin cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RBLLF-422 saylı kredit müqaviləsinə əsasən illik 5 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 15.000 manat məbləğində kredit hissə-hissə verilmişdir. xx.xx.2019-cu il tarixli, RBLLF-422 saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RBLLF-422 saylı kredit müaviləsi üzrə borcunun məbləği əsas borca görə 4.371,28 manat, faiz borcuna görə 94,05 manat, cərimə borcuna görə 3.000 manat olmaqla borcun cəmi məbləğində 7.465,33 manat pul təşkiledir. xx.xx.2019-cu il tarixli, RBLLF-422 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1180,30 kv.m. olan və 0,4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RBLLF- 422 saylı Baş kredit müqaviləsinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək iddia tələbini əsas və faiz borcuna münasibətdə qəbul etdiyini, lakin hesablanmış cərimə borcunun çox olduğunu qeyd edərək azaldılmasını, məhkəmədən qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Cavabdeh1 izahatlarını dinləyərək, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 5 faiz dərəcəsi ilə 36 ay müddətinə 15.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1.180,3 kv.m və 0,4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus, Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1.180,3 kv.m və 0,4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-5048 saylı maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 4.371,28 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 94,05 manat, cərimə borcu 3.000 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 7.465,33 manat təşkil edir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 19 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı kredit müqaviləsi üzrə borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 19 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı müqavlə əsasında aldığı kredit üzrə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli “bildirişin dövlət qeydiyyatı barədə” məktubun surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 oktyabr 2022-ci il tarixinə fərdi yaşayış evinin qiymətləndirilməsi aktından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı ipoteka müqaviləsinə əsasən, Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 1.180,3 kv.m və 0,4711 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin likvid dəyəri 140.600 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş hesab fakturaya əsasən qiymətləndirmə haqqı 500 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh1 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, qeyd olunan Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabeh həmin müqaviləyə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh1 iddiaçıya 19 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı kredit müqaviləsinə əsasən 4.371,28 manat əsas, 94,05 manat faiz borcu yaranmışdır. Buna görə də iddianın kredit müqaviləsinə əsasən 4.371,28 manat əsas, 94,05 manat faiz borcun ödənilməsinə dair hissəsi iş materialları ilə tam sübut olunduğundan iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 3.000 manat məbləğində deyil, 300 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 08 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviənin 3-cü bəndinə əsasən bu müqavilə ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında Lənkəran şəhərində bağlanmış xx.xx.2016-cı il tarixli, RBLLF-422 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklər təmin edilir. Göründüyü kimi 08 avqust 2019-cu il tarixli, RBLLF-422 saylı sonrakı ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixli, RBLLF-422 saylı kredit müaviləsinin təminatı kimi bağlanmamışdır. xx.xx.2019-cu il tarixində əsas öhdəlik mövcud olmadığı halda, yəni iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi xx.xx.2019-cu il tarixində imzalandığından, əsas öhdəlikdən əvvəlki tarixə mövcud olmayan öhdəliyin təmini üsulu kimi ipoteka müqaviləsinin bağlanması mümkün deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi həmin hissədə əsassızdır. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə” bildirişindən görünür ki, İddiaçı ASC hazırkı iddia üzrə 135 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tələbin ipoteka predmetinə tutma yönəldilməsi hissəsi təmin edilmədiyi üçün qeyd olunan xərc iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddianın “ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 100 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ASC ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində iddia təmin olunmadığından işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1dan xx.xx.2019-cu il tarixli, RBLLF-422 saylı kredit müqaviləsinə əsasən 4.371,28 manat əsas borc, 94,05 manat faiz borcu, 300 manat cərimə borcu və 100 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 4.865,33 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar