Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-202/2024 01.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 131000 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiya xərcinin və 21 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə birgə imzaladıqları təhviltəslim aktında Cavabdeh 31 aprel 2023-cü il tarixdə 365.217 kq arpanın dəyəri olan 168000 ( bir yüz altmış səkkiz min) manat puldan qalıq borc olan 131000 (bir yüz otuz bir min) manatı qaytaracağına söz vermişdir. Amma buna baxmayaraq cavabdeh verdiyi sözə əməl etməmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi keçirilmiş və Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı müvafiq arayış təqdim edilmişdir və onun tərəfindən 400 manat rüsum ödənilmişdir. Həmin 131000 manat pulun pretenziya qaydasında 3 gün müddətində qaytarılması Cavabdeh məxsus ********** saylı VÖEN-ə internet vergi portalından iddiaçıya məxsus ********** saylı VÖEN-dən təklif olunmuşdur. Borc qaytarılmadığı halda Şirvan Kommersiya Məhkəməsində iddia qaldırılacağı bildirilmişdir. Yenə də nəticəsi olmamışdır. 131000 manat tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər eyni qaydada Cavabdeh məxsus ********** saylı VÖEN-ə internet vergi portalından iddiaçıya məxsus ********** saylı VÖEN-dən göndərilmişdir. 400 manat mediasiya üçün rüsum, əlavə olaraq 21 manat məhkəmə rüsumu ödənilmişdir. Bunlar da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın əsası xx.xx.2023-cü il tarixdə tərəflərin birgə imzaladıqları təhvil-təslim aktı, 21 manat dövlət rüsumu qəbzi, mediasiya arayışı və 400 manat rüsum qəbzi, VÖEN-ər, elektron qaydada göndərilmiş pretenziya, iddia ərizəsi və əlavə edilmiş sənədlərdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, X1 Salyan rayonu, Şorsulu kəndində fermer və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olduğunu, X3 veteranı olduğunu, 2022-ci ilin noyabr ayında Neftçala rayonu, Aşağı Surra kənd sakini Cavabdehağa Əvəz oğlunun iddiaçının təsərrüfatından əldə etdiyi arpa məhsulunu satmaq üçün razılığa gəlməyini xahiş etdiyini, 1 kiloqramı 45 qəpik olan arpanı 46 qəpikdən götürmək barədə razılığa gəldiklərini, cavabdehin əvvəl vaxtlar götürdüyü arpanın bir həssəsinin pulunu verdiyini, müəyyən müddət keçdikdən sonra isə apardığı arpanın pulunu vermədiyini, cavabdehin arpanı iddiaçıdan 46 qəpikdən alaraq 35-40 qəpiyə satdığını öyrəndikdən sonra onunla İddiaçı Yolüstü restoranında görüşdüklərini, ondan “bu nə ticarətdir edirsən, sən bununla bizim pulumuzu necə qaytaracaqsan?” suruşulduğunu, cavabdehin “mən azot götürdükdən sonra qazanc əldə edib Sizin pulunuzu qaytaracam və qazanc əldə edəcəm. Azotun hər bir kisəsində 15 manat qazanc əldə edirəm, siz narahat olmayın, mən kişiyəm sözümün ağasıyam” söylədiyini, eyni zamanda “sən öl” vurmaqla malı verməkdə davam etmələrini istədiyini, cavabdehin daha sonra məhkəməyə təqdim edilən aktı imzaladığını, amma Cavabdeh 131000 (bir yüz otuz bir min) manat pul dəyərində arpa məhsulunu mənimsədiyini və hazırki vaxta qədər pulu qaytarmadığını, buna görə də iddiaçının texnikaların lizinq haqlarını və vergiləri ödəməsində problemlər yaşadığını və banklarda da müəyyən çətinliklərlə üzləşdiyini bildirmişdir. İddiaçı məhkəmə iclasında verdiyi şifahi izahatında iddia tələbini müdafiə etdiyini, cavabdehin 2022-ci ilin noyabr ayında satmaq məqsədi ilə ondan arpa almaq üçün müraciət etdiyini, aralarında arpanın 1 kilosunun 46 qəpiyə satılması barədə razılıq əldə edildiyini, bundan sonra təxminən bir-iki ay müddətində yük maşınları ilə cavabdehə arpa göndərdiyini, ümumilikdə cavabdehə 299086 manat dəyərində arpa təhvil verdiyini, əvəzində cavabdehin ona 168000 manat pul verdiyini, cavabdehin ona bir dəfə göndərdiyi arpanın təmiz olmamasını bildirdiyini, lakin arpanın razılaşdırılmış qiymətdən aşağı qiymətə satılmasına razı olmadığını, bu barədə cavabdehə səlahiyyət vermədiyini, cavabdehin öz imzası ilə 131000 manat məbləğində borcunun olmasını etiraf etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tərəflər arasında alğı-satqı münasibətlərinin olduğunu, iddiaçının satdığı malın dəyərini cavabdehdən tələb etdiyini bildirdi və iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi şifahi izahatında iddianı qəbul etmədiyini, iddiaçıya borcunun olmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, həm iddiaçı, həm də özü arpa və digər kənd məhsullarının satışı ilə məşğuldurlar, iddiaçını əvvəllər tanımamışdır, iddiaçının qardaşı ilə bir müddət alver etmişdir, sonradan iddiaçı ilə tanış olmuş və ondan arpa götürərək müxtəlif şəxslərə satmağa başlamışdır, iddiaçı ilə arpanın 1 kiloqramının 46 qəpiyə satılması barədə razılığa gəlsələr də, sonradan iddiaçı tərəfindən ona göndərilən arpanın təmiz olmaması səbəbi ilə alıcılar şikayətlər etmişlər, o, bu barədə iddiaçıya məlumat verərkən iddiaçı ona bir təhər satışı davam etdirməsini, bu məsələni qabartmamasını, əks halda onun nüfuzuna xələl gətirilə biləcəyini bildirmişdir. O, iddiaçıya arpanın təmiz olmamasına görə satış məbləğini azaldaraq arpanı 1 kiloqramını 30 qəpikdən satmağa məcbur olduğunu bildirmiş, iddiaçı da buna etiraz etməmişdir. İddiaçı ona təxminən 1 aydan çox müddətdə ümumi çəkisi 650 ton olan 30 maşın arpa göndərmişdir. Satışa başladığı birinci gün iddiaçının göndərdiyi təmiz olan ilk 40 ton arpanı müştərilərə 1 kiloqramı 46 qəpikdən, qalan 610 ton arpanı isə 1 kiloqramı 30 qəpikdən satmış, satışdan əldə edilmiş vəsaitdən iddiaçıya ümumilkdə 168000 manat pul vermişdir. Qalan məbləği verməməsinin səbəbi isə, arpanın keyfiyyətsiz olması səbəbindən müştərilərin ödəniş etməkdən yayınmaları olmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2021-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı məxsus olan ümumi çəkisi 650000 kq arpanı satmağı Cavabdeh öz öhdəsinə götürmüşdür və satış mərhələsində 168000 manat dəyərində 365217 kq arpanın pulunu ödəmişdir. Cavabdeh 365217 kq arpanın dəyəri olan 168000 manat puldan qalıq borc 284782 kq arpanın dəyəri olan 131000 manat məbləğində pulu 31 aprel 2023-cü il tarixində ödəyəcəyini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 365217 kq arpanın dəyəri olan 168000 manat puldan qalıq borc olan 131000 manat məbləğində pulun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 400 manat vəsait ödəmişdir. Məhkəmə hesab edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün ilk növbədə tərəflər arasında mövcud olmuş münasibətlərin xarakterinin, həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının, həmçinin işin mübahisəsiz və mübahisəli hallarının aşkar edilməsi, mübahisəli halların kimin tərəfindən sübut edilməsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən müəyyən edilməsi zəruridir. Məhkəmə baxılan iş üzrə tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən edərkən nəzərə alır ki, iş üçün əhəmiyyət kəsb edən sübutlar tərəflər arasında imzalanmış təhvil-təslim aktından və onların məhkəmə iclaslarında verdikləri izahatlarından ibarətdir. Buna görə də, ilk növbədə həmin sübutlara istinad edilərək tərəflərin daxil olduqları münasibətin xarakteri müəyyən edilməlidir. Beləliklə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında, iddiaçının tədarük etdiyi yem məhsulunun (arpanın) üçüncü şəxslərə satılması üçün cavabdehə təhvil verilməsinə, cavabdehin təhvil aldığı (iddiaçıdan satın aldığı) malı öz adından və öz hesabına təkrar satışının təşkil edilməsinə dair şifahi razılıq əldə olunmuşdur. Bu zaman tərəflər əlavə olaraq razılaşmışlar ki, cavabdeh təhvil aldığı malın təkrar satış qiymətlərini sərbəst təyin edə bilər. İddiaçı aralarında olan razılaşmaya əməl edərək cavabdehə ümumi dəyəri 299086 manat olan 650 ton çəkidə arpa təhvil verdiyini, əvəzində cavabdehin ona 168000 manat pul verdiyini, nəticədə cavabdehin ona 131000 manat məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh həqiqətən iddiaçı tərəfindən ona ümumilikdə 650 ton çəkidə arpa göndərildiyini, iddiaçı ilə əməkdaşlıqlarının ilk günü göndərilən 40 ton arpanı razılaşdıqları kimi 1 kiloqramını 46 qəpik iddiaçıya ödəmək şərti ilə, 48-50 qəpikdən satdığını, sonradan göndərilən arpanın təmiz olmaması səbəbindən iddiaçıya məlumat verməklə 1 kiloqramını 30 qəpikdən satdığını, satdığı son iki maşın arpadan başqa satdığı arpanın dəyərini iddiaçıya ödədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarına əsasən iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının və onu nümayəndəsinin izahatlarında malların cavabdehə şifahi qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən verilməsi, lakin cavabdeh tərəfindən nisyə aldığı malların dəyərinin ödənilməməsi qeyd olunmaqla tələbin maddi hüquqi əsası kimi Mülki Məcəllənin alğı-satqı müqaviləsinə dair münasibətləri təmzimləyən müvafiq maddələrinə istinad olunsa da, tərəflərin razılaşmasının və həmin razılaşmaya əsasən onların həyata keçirdikləri hərəkətlərinin məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında alğı-satqı münasibətləri deyil, Mülki Məcəllənin ticarət vasitəçiliyi xidməti göstərilməsinə dair müqavilələrə dair müvafiq normalarından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, ilk növbədə işdə olan hər iki tərəfin imzası ilə təsdiq edilmiş “Təhvil-təslim aktı” adlandırılan sənədin məzmunundan görünür ki, iddiaçı ona məxsus olan arpa məhsulunu satmaq üçün cavabdehə müraciət etmişdir, cavabdeh də iddiaçı ilə razılaşaraq iddiaçıya məxsus olan arpa məhsulunu satmağı öhdəsinə götürmüşdür və onlar qiymətlə razılaşıb satışa başlamışlar. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iş materiallarında olan həmin “Təhvil-təslim aktı” mübahisə ilə bağlı təqdim edilmiş əsas yazılı sənəd olduğuna görə, həmin sənədin məzmunu mübahisənin həlli baxımından həlledici əhəmiyyət kəsb edir. Buna görə, tərəflərin məhkəmə iclaslarında verdikləri ziddiyətli izahatlarına qeyd olunan sənədin məzmununa əsasən aydınlıq gətirilməsini də məhkəmə münasib hesab edir. Məhkəmə, yuxarıda şərh olunan xüsusatla yanaşı, tərəflərin izahatlarına əsasən müəyyən edilən digər faktiki hallara qiymət verərək qeyd edir ki, cavabdehin təhvil aldığı arpa məhsulunu realizə etməklə əlaqədar öz ticarət fəaliyyətini sərbəst təşkil etmək, o cümlədən iddiaçı ilə razılaşdırılmış qiymətdən fərqli satış qiymətlərini sərbəst təyin etmək hüququnun olması da tərəflərin daxil olduqları hüquq münasibətinin maddi hüquqi əsasının müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, tərəflərin iradə ifadəsi iddiaçıya məxsus malın təkrar satışının həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən ticarət vasitəçiliyi xidməti göstərilməsinə dair münasibətlərin qurulmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd olunan konteksdə qiymətləndirmə apararaq məhkəmə müəyyən edir ki, tərəflər arasında malların alğı-satqısına dair razılaşma deyil, malların realizə edilməsinə dair xidmət göstərilməsi barədə razılaşma mövcud olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşmanın şərtlərinə, eləcə də razılaşmanın icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü fəslində nəzərdə tutulan kommersiya konsensiyası müqaviləsinə dair normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməli, tərəflərin münasibətlərinə adı çəkilən müqaviləyə dair normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Həmin Məcəllənin 803.1-ci maddəsinə əsasən, konsessionerin öz ticarət fəaliyyətini sərbəst təşkil etmək, o cümlədən təkrar satış qiymətlərini sərbəst təyin etmək hüququ vardır. Yuxarıda qeyd olunan qanun normalarının dispozisiya şərtlərini hazırki işə tətbiq edərək məhkəmə müəyyən edir ki, iddiaçı (tapşıran) ona məxsus olan malı (arpa məhsulunu) üçüncü şəxslərə satılması üçün cavabdehə (konsessionerə) təqdim edir, cavabdeh (konsessioner) iddiaçının (tapşıranın) ona təqdim etdiyi malları satın alaraq öz adından və öz hesabına başqalarına satmağı və satışdan əldə olunan vəsaitdən iddiaçıya razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kommersiya konsensiyası müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə ümumi çəkisi 650 ton olan arpa məhsulunun təhvil verilməsi, cavabdeh tərəfindən iddiaçıya cəmi 168000 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halları belədir ki, iddiaçı cavabdehə təhvil verdiyi məhsulun ümumi dəyərinin 299086 manat təşkil etdiyini, cavabdehin isə ona 168000 manat pul verdiyini, nəticədə cavabdehin ona 131000 manat məbləğində borcunun qaldığını bildirir, cavabdeh isə iddiaçıdan aldığı arpanın təmiz olmaması səbəbindən iddiaçıdan təhvil aldığı məhsulun əksər hissəsini əvvəl razılaşdıqları qiymətdən aşağı qiymətə satdığını, satışdan əldə etdiyi məbləği iddiaçıya tam ödədiyini bildirir. Məhkəmə, hər iki tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdikləri hallara və bu halları sübut etmək üçün gətirdikləri dəlillərə hüquqi qiymət verərək aşağıdakı nəticələrə gəlir. Əvvəla, tərələrin daxil olduqları münasibətlərə tətbiq olunacaq maddi hüquq normalarının tələblərinə görə, cavabdeh (konsessioner) iddiaçıdan (tapşıran) başqalarına satmaq məqsədi ilə satın aldığı malların dəyərini, həmin malların dəyərinin üçüncü şəxslər tərəfindən ödənilib-ödənilməməsindən asılı olmayaraq iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin konsessiya müqaviləsinin leqal tərifini nəzərdə tutan 800-cü maddəsinə görə, konsessioner ilk növbədə tapşırandan malları satın almaq, daha sonra isə həmin malları öz adından və öz hesabına başqasına satmaq öhdəliyinin daşıyıcısıdır. Məhkəmə, qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin satdığı malların dəyərinin alıcılar tərəfindən tam ödənilmədiyinə görə iddiaçı qarşısında borc öhdəliyinin yaranmaması barədə dəlili əsassızdır. Şərh olunduğu kimi, tərəflərin daxil olduqları konsessiya müqaviləsi üzrə öhdəliklər konsessionerə münasibətdə alğı-satqı müqaviləsi üzrə alıcının öhdəliklərini də ehtiva edir. Məhkəmə, yuxarıda təhlil olunanları nəzərə alaraq iddiaçının satdığı mallara görə pul tələbinə dair iddiasını mahiyyətcə əsaslı hesab edir. İddiaçının qeyd olunan tələbi konsessiya müqaviləsi üzrə tapşıranın mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından irəli gəlir. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələbi, tələbin həcminə münasibətdə tam əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehə təhvil verdiyi ümumi çəkisi 650 ton olan arpa məhsulunun ümumi dəyərini arpanın bir kiloqramını cavabdehlə müqavilə münasibətlərinə daxil olarkən razılaşdıqları kimi 46 qəpikdən hesablayaraq tələb edir. Bu tələbinin faktiki əsası kimi iddiaçı tərəflərin imzası ilə təsdiq edilmiş “Təhvil-təslim aktı” adlandırılan sənədə istinad edir. Lakin cavabdeh öz etirazının əsası kimi ona istinad edir ki, iddiaçı tərəfindən ona göndərilmiş arpanın əksər hissəsi təmiz olmadığına görə arpanın bir kiloqramını əvvəllər razılaşdırılan qiymətə deyil, daha aşağı qiymətə satmağa məcbur olmuşdur və bu barədə iddiaçıya məlumat vermiş, iddiaçı da satışın aşağı qiymətə davam etməsinə etirazını bildirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona bir dəfə göndərdiyi arpanın təmiz olmamasını bildirdiyini etiraf etmişdir, bununla yanaşı cavabdehə arpanın razılaşdırılmış qiymətdən aşağı qiymətə satılmasına razı olmadığını bildirməsinə, həmçinin iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı etirazında və yenə məhkəmə iclasında iddiaçının izahatında cavabdehin arpanı 35-40 qəpiyə satdığını öyrəndikdən sonra onunla görüşdüyünü və bu barədə iradını bildirdiyini söyləməsinə baxmayaraq, hansı səbəbdən cavabdehə mal göndərməyə davam etdiyinə, cavabdehlə ticarət münasibətlərini kəsmədiyinə açıqlıq gətirə bilməmişdir. Məhkəmə, hər iki tərəfin sənətkarlıq şəklində arpa və digər kənd təsərrüfatı məhsullarının topdan və ya parakəndə satışı ilə məşğul olmalarının müəyyən edildiyini nəzərə alaraq qeyd edir ki, hər iki tərəfin baxılan iş üzrə müqavilə münasibətlərinə daxil olmalarında yeganə və ümumi məqsədləri kənd təsərrüfatı təyinatlı malın satışını və təkrar satışını həyata keçirməklə gəlir əldə etməkdən ibarət olmuşdur. Bu baxımdan iddiaçı və cavabdehin münasibətlərini birgə ticarət fəaliyyəti, birgə əməkdaşlıq kimi xarakterizə etmək daha doğru, işin həqiqi hallarına uyğun hesab etmək olar. Belə olan halda qeyd etmək olar ki, birgə əməkdaşlıq şəraitində ticarət fəaliyyətini həyata keçirərkən hər bir iştirakçı müəyyən mənada müvafiq riskin daşıyıcılarıdırlar. Buna görə də, həmin iştirakçıların bir-birlərinə qarşı irəli sürdükləri tələblər yalnız formal əsaslara, imzalanmış hər hansı bir sənədə deyil, vicdanlılıq, qarşılıqı etimad və yardımlaşma, öhdəliklərdə şəriklilik kimi prinsiplərə əsaslanmalıdır. Sadalanan prinsiplər ilk növbədə mülki dövriyyənin sabitliyinə, davamlılığına və mülki hüquq subyektləri arasında inam və etibarın formalaşmasına xidmət edirlər və həmin prinsiplər mülki qanunvericilikdə normativ qaydada tənzimlənmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmçinin qeyd edilməlidir ki, mülki hüquq subyektlərinin daxil olduqları münasibətlərdə vicdanlılığın tələb etdiyi tərzdə davranmalarının mülki dövriyyənin sabitliyi baxımından əhəmiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun bir sıra qərarlarında ətraflı şərh olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 17 sentyabr tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır.” Şərh olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan təhvil aldığı arpa məhsulunun təmiz olmaması səbəbindən razılaşdırılmış qiymətdən aşağı qiymətə satılması ilə əlaqədar yaranmış zərərin tamamilə cavabdehin üzərinə qoyulmasını işin hallarına uyğun və ədalətli hesab etmək olmaz. Belə ki, işin hallarından müəyyən edildiyi kimi arpanın razılaşdırılmış qiymətdən daha ucuz qiymətə satılması onun təmiz olmaması səbəbindən baş vermişdir və arpanın təmiz olmamasında onu tədarük edən iddiaçının təqsirli olması şübhəsizdir. Məhkəmə bu məqamda vacib olan bir məsələyə bir daha açıqlıq gətirməyi zəruri hesab edərək qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən ilk göndərilən iki avtomobil yüklü arpadan sonra gələn arpanın çirkli olması səbəbindən arpanı daha aşağı qiymətə satdığını və bu barədə iddiaçıya məlumat verdiyini bildirir. İddiaçının izahatlarından və məhkəməyə təqdim etdiyi yazılı etirazından isə onun bu barədə məlumatlı olması, lakin buna baxmayaraq arpanı göndərməyə davam etməsi öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, razılaşdırılmış qiymətdən aşağı qiymətə arpanın satılması nəticəsində zərərə məruz qaldığını iddia edən iddiaçının həmin zərərin yaranmasına səbəb ola biləcək hərəkətləri də zərərin həcminin müəyyən edilməsində nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi “Təhvil-təslim aktı”na hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh həmin aktı özünün imzaladığını etiraf etsə də, aktın məzmununun həqiqəti əks etdirmədiyini, həmin aktı iddiaçının xahişi ilə, onun digər şəxslər qarşısında öhdəliklərinin olduğunu və bu aktın ona lazım olduğunu bildirdiyinə görə imzaladığını, həmin aktı gələcəkdə iddiaçının ona qarşı istifadə edəcəyini gözləmədiyini bildirmişdir. Məhkəmə, tərəflər arasında imzalanmış aktın hüquqi mahiyyətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, həmin sənəd təhvil-təslim aktı adlandırılsa da mahiyyət etibarı ilə borcun etirafına dair üzləşmə aktı xarakterlidir. Buna görə də həmin sənədə bu konteksdə hüquqi qiymət verilməlidir. Əvvəla qeyd edilməlidir ki, üzləşmə aktı özlüyündə əqddir və mülki qanunvericilikdə əqdlər üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər üzləşmə aktına da şamil edilir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər üzləşmə aktının da etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Lakin qeyd edilməlidir ki, üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, aktı imzalayan tərəflər arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Qeyd edilən xüsusiyyətlərindən çıxış edərək söyləmək olar ki, üzləşmə aktının etibarlı hesab edilməsi üçün bütün əqdlər üçün zəruri olan etibarlılıq şərtləri ilə yanaşı, həmin aktın tərtib edilməsinə səbəb olan həqiqi münasibətlərin müəyyən edilməsi, onların xarakterinin aydınlaşdırılması, həmin münasibətlərin qanunilik prinsiplərinə uyğun olub-olmamasına qiymət verilməsi vacibdir. Məhkəmə hesab edir ki, baxılan işdə cavabdeh adı çəkilən aktın məzmununu mübahisələndirdiyinə, həmin sənəddə bəyan etdiyi iradə ifadəsinin onun əsil iradəsinə və işin həqiqi hallarına uyğun gəlməməsini bildirdiyinə görə, aktda göstərilən hallar məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin faktiki hallarına əsasən qiymətləndirilməlidir. Belə qiymətləndirmənin nəzitcəsində isə cavabdehin “Təhvil-təslim aktı”nda göstərilən məbləğdə borcunun olması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə, iddia tələbinin həcminin müəyyən edilməsi zamanı nəzərə alır ki, cavabdeh iddiaçı tərəfindən ona ümumilikdə 650 ton çəkidə arpa göndərildiyini, iddiaçı ilə əməkdaşlıqlarının ilk günü göndərilən 40 ton arpanı razılaşdıqları kimi 1 kiloqramını 46 qəpikdən, sonradan göndərilən 610 ton çəkidə arpanın 1 kiloqramını 30 qəpikdən satdığını, ümumilkdə iddiaçıya 168000 manat pul ödədiyini etiraf etmişdir. Bu qaydada hesablandıqda (40 ton X 46 qəpik = 18400 manat, 610 ton X 30 qəpik = 183000 manat, 183000 + 18400 = 201400 manat, 201400 – 168000 = 33400 manat) müəyyən olunur ki, cavabdehin iddiaçıya ödənilməmiş cəmi 33400 manat məbləğində borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan məbləğdə borcun olması tam sübut olunduğuna görə iddia tələbi həmin məbləğdə təmin edilməli və 33400 manat məbləğində borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbini mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab edir. Belə ki, Cavabdeh öhdəliyini tam icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 21 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməli, iddia ərizəsinin verilməsinə nəzərdə tutulmuş dövlət rüsumunun qalığı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 190,2 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, iddia tələbi qismən təmin olunduğuna, həmçinin iddiaçı tərəfindən 21 manat məbləğində dövlət rüsumu ödənildiyinə görə, 169,2 manat məbləğində dövlət rüsumunun qalığı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 33400 manat məbləğində borc, ödənilmiş 21 manat məbləğində dövlət rüsumu və 400 manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla, ümumilikdə 33821 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 169,2 manat məbləğində dövlət rüsumu qalığı cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-202/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-202/2024
01.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver