Məhkəmə qərarları › İş №e-2-2(121)-2022/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2022/2022

02.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2022/2022 02.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 046678 nömrəli aktın ləğv edilməsi və 1.335,80 manat məbləğində cərimənin silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, 046678 nömrəli aktın ləğv edilməsi və 1.335,80 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus fermada işıq sağyacının yandığı barədə işıq idarəsinin bir neçə işçisinə məlumat verilmiş 05 yanvar 2022-ci il tarixdə sayğaca baxış keçirməklə sayğacın yenisi ilə əvəz olunması barədə akt tərtib edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz olundu, həmin vaxtdan təxminən bir ay keçəndən sonra İddiaçı məxsus sayğaca 1.335,80 manat cərimə yazıldığını bilmiş akt tərtib edilib həmin aktın surəti həmin vaxt İddiaçı verilmişdir. Həmin aktda dövrədən keçən yük 5,3 qeyd edilsə də, lakin sonradan İmişlidə hansısa işçi tərəfindən aktda düzəliş edib 25,3 qeyd edərək qanun kobud şəkildə pozulmuşdur. Həmin cərimə İddiaçı əsassız yazılıb. İddiaçı cərimədən 22 mart 2022-ci tarixdə xəbəri olmuşdur. İşıq idarəsinin işçilərinin İddiaçı barədə yazdığı cərimə əsassız və qanunsuzdur. Belə ki, sayğacın yanmasında İddiaçı heç-bir günahı yoxdur. Həmin cərimə Azərbaycan Respublikası qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla qanunsuz olaraq İddiaçı üzərinə qoyulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin İddiaçı teleqram vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməklə, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 046678 saylı sayğaca baxış keçirməklə sayğacın yenisi ilə əvəz olunması barədə akt tərtib edilmişdir. İş materiallarında olan sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə xx.xx.2022-ci il tarixli 242064 nömrəli aktdan görünür ki, 046678 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 046678 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsini "xxxx" ASC-dən xahiş etmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10 avqust 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının nümayəndəsi X2 13 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə sahibkarlıq obyektinə məxsus (Azərişıq ASC-yə məxsus TM-in 0,4 kV-luq tərəfində) **********91001 abonent kodu ilə qeydiyyatda olan hesablaşma elektrik sayğacına baxış keçirilərkən sayğacının yanması barədə 046678 nömrəli akt tərtib edilmişdir. 47 gün sonra, yəni xx.xx.2022-ci il tarixində qüsurlu sayğac 242064 nömrəli sayğac quraşdırma aktına əsasən yenisi ilə əvəz olunmuşdur. Yeni quraşdırılan sayğacın dəyəri (180,39 manat) abonent hesabına əlavə edilmişdir. Aktda göstərilən qüsura görə faktiki güc 5,57 kVt götürülməklə 100 gün müddətə 1335.8 manat məbləğində hesabat aparılaraq abonent hesabına əlavə olunmuş və bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın (Qaydalar) 8.16-cı bəndinin tələbləri (istehlakçının təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitechizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitachizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır) pozulmuşdur. Digər tərəfdən sayğacın "xxxx" ASC-yə məxsus TM-in 0.4 kV-luq tərəfində quraşdırılmasına baxmayaraq, Qaydaların 7.7-ci bəndinin tələbləri (hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçu transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür) nəzərə alınmadan yeni sayğacın dəyəri abonent hesabına əlavə olunmuşdur. Eyni zamanda tərtib olunmuş aktda sayğacın göstəricisinin oxunmadığı qeyd olunsa da, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə çıxarılan sayğacın üst göstəricisi oxunmuş və göstəricinin 26099 kvts olduğu dövriyyə blankına əlavə olmuşdur. Nəticə etibarı ilə yuxarıda qeyd olunanlar nəzərə alınaraq, abonentin təqsiri olmadan uçot müvəqqəti pozulduğu üçün Qaydaların 8.16-ci bəndinə əsasən hesabata yenidən baxılması və abonentin hesabına əsassız olaraq əlavə olunmuş sayğac dəyərinin silinməsinin məqsədə uyğun hesab edilmişdir. xx.xx.2022-ci il tarixli, 046678 saylı aktda qeyd edilir ki, E.E.İ.Q-ya uyğun obyektə məxsus sayğacına baxış keçirilən zaman məlum oldu ki, sayğac yanmış və yenisi ilə əvəz olunmalıdır. Mütəxəssis - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının nümayəndəsi X3 13 oktyabr 2022-ci il tarixdə məhkəməyə verdiyi rəydə qeyd etmişdir ki, abonentin təqsiri olmadan uçot müvəqqəti pozulduğu üçün Qaydaların 8.16-ci bəndinə əsasən hesabata yenidən baxılması və abonentin hesabına əsassız olaraq əlavə olunmuş sayğac dəyərinin silinməsinin məqsədə uyğun hesab edilmişdir. Göründüyü kimi, qeyd olunan aktda abonent tərəfindən hər-hansı qanunsuz hərəkətə yol verilməsi, kənar xəttin qoşulması, sayğaca müdaxilə edilməsi, enerji itkisinə yol verilən və digər neqativ halların aşkar edilməsinə dair hər-hansı hal müəyyən edilməmişdir Belə olan halda isə abonentin təqsiri olmadan uçot müvəqqəti pozulduğu üçün cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 046678 saylı akta əsasən iddiaçıya 1.335,8 manat borcun hesablanmasını məhkəmə əsassız hesab edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerji sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir); İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə sahibkarlıq obyektinə məxsus (Azərişıq ASC-yə məxsus TM-in 0,4 kV-luq tərəfində) **********91001 abonent kodu ilə qeydiyyatda olan hesablaşma elektrik sayğacına baxış keçirilərkən sayğacının yanması barədə 046678 nömrəli akt tərtib edilmişdir. 47 gün sonra, yəni xx.xx.2022-ci il tarixində qüsurlu sayğac 242064 nömrəli sayğac quraşdırma aktına əsasən yenisi ilə əvəz olunmuşdur. Yeni quraşdırılan sayğacın dəyəri (180,39 manat) abonent hesabına əlavə edilmişdir. Aktda göstərilən qüsura görə faktiki güc 5,57 kVt götürülməklə 100 gün müddətə 1335.8 manat məbləğində hesabat aparılaraq abonent hesabına əlavə olunmuş və bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın (Qaydalar) 8.16-cı bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib edilən sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 046678 saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 1.335,8 manat məbləğində borc İddiaçı hesabından (abonent kodu **********91001) silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilən 046678 nömrəli akt ləğv edilsin və 1.335,80 manat məbləğində cərimə borcu İddiaçı hesabından (abonent kodu **********91001) silinsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar