Məhkəmə qərarları › İş №e-2-2(121)-203/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-203/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-203/2025 25.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon Dərvişli kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya dəymiş 12000 (on iki min) 800 (səkkiz yüz) manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı Biləsuvar rayonunun Dərvişli kəndində kənd təsərrüfatının əkinçilik sahəsi ilə məşğuldur. Əkinçilik təsərrüfatı ilə pay torpağında məşğul olur. Ailəsinin maddi ehtiyacı olduğu üçün əlavə icarəyə torpaq götürüb əkib becərmək qənaətinə gəlmişdir. xx.xx.2016-cı il tarixdə mərhum X8 ilə 5 il müddətinə Biləsuvar RİHB-nın Dərvişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cavabdeh2 iştirakı ilə icarə müqaviləsi bağlamışdır. Təxminən bir ay müddətindən sonra da Cavabdeh1 və icra nümayəndəsi Cavabdeh2 iştirakı və imzaları ilə icarə müqaviləsini 7 il müddətinə artıraraq razılaşmışlar. İddiaçı 5 (beş) il həmin X2 icarəyə götürdüyü torpağı əkib becərmişdir. Sonra növbəti dəfə həmin torpağı becərmək istədikdə digər kənd sakini X3 adına icarə müqaviləsi bağlandığını öyrənmişdir. Həmin icarə müqaviləsinə də Cavabdeh1 özü və bacısı X10 imza etmişdir. İddiaçı torpağı Cavabdeh1 tələb edən zaman ona cavab vermişdir ki, guya icarə müqaviləsinə onların əvəzində düzəliş etmişdir və icarə müqaviləsində 7 il düzəlişini iddiaçı özü etmişdir. Onların deməsinə görə icarə müqaviləsində Cavabdeh1, Firoza Həsənovun və Cavabdeh2 əvəzində iddiaçı imza etmişdir. İddiaçı bu barədə müxtəlif instansiyalara və rayon prokurorluğuna müraciət etmişdir. Araşdırma zamani yazı və imza nümunələrinin götürülməsi barədə protokol tərtib olunaraq toplanmış materiala əlavə edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlarına ziyanının ödənilməsi ilə bağlı poçt vasitəsilə Pretenziya göndərmişdir. Lakin bu barədə heç bir cavab almamışdır. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1771 nömrəli ekspert rəyində ekspertiza tədqiqatınin nəticəsi aşağıdaki kimi göstərilmişdir. 1. Ekspertizaya təqdim edilmiş, 01 oktyabr 2016-c1 il tarixli "torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 1-ci vərəqinin “1.1” bəndinin 2-ci sətrində əlavə 2 il rəqəmli yazıları və həmin vərəqin aşağı sol hissəsində “3,6” bəndində “+2=7 rəqəmləri Cavabdeh2 tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş 01 oktyabr 2016-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 2-ci vərəqinin aşağı hissəsində “H.Firoza" və Cavabdeh1” yazıları qarşısında imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur.” Beləliklə, iddiaçının sözügedən 2 ha torpağın 7 il müddətinə 2400 manat pul ödəməklə icarəyə götürməyi təsdiqini tapmışdır. İddiaçının həmin 2 ha torpağı 5 il becərdikdən sonra 2 ilə qeyri-qanuni olaraq icarə müqaviləsinin vaxtı bitməmiş qanunsuz olaraq X9 ilə müqavilə bağlamışlar. İddiaçı bu hüquqa zidd hərəkətlərdən şikayətçi olduğu zaman Cavabdeh1 onun 2400 manatından 1400 manatını geri özünə qaytaracağına söz verdi. Lakin, bu sözünə əməl etmədi. Həm Cavabdeh1, həm də Cavabdeh2 ona sübut etməyə çalışdı ki, o, icarə müqaviləsində özü düzəliş edərək imza atmışdır. Lakin ekspertizanın nəticələri təsdiq etdi ki, icarə müqaviləsində həmin şəxslər özləri imza etmiş və icara müqaviləsini tərtib etmişlər. O, Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində 2 (iki) il qanuni icarəyə götürdüyü torpaqdan heç bir fayda götürməmişdir. Onu da bildirir ki, icarə müqaviləsi İlham Məmmədovun adına olsa da əsl həqiqətdə Dərvişli kənd məktəbinin direktoru X1 2 ha torpaq sahəsini becərir. Həmin torpaqdan gələn gəliri Füzuli Məmmədov götürür. Bu barədə Biləsuvar rayon PŞ-nin təhqiqat bölməsində material üzrə qərar qəbul edilmişdir. İddiaçı TB-nin qərarından narazı olduğu üçün Baş Prokurorluğa qərarın ləğv olunmasi və material üzrə cinayət işinin başlanması məsələsinə baxılmasını müraciət edərək xahiş etmişdir. Bu müraciəti ilə bağlı o, rayon prokurorluğu tərəfindən cavab verilən qərarın qüvvədə qalmasını və bu barədə məhkəməyə müraciət etməyini tövsiyyə etdi. İddiaçı icarə götürdüyü hər hektardan 800 (səkkiz yüz) ədəd yonca kipi götürürdü. Bağlanan hər kipin birini 4 manata satırdı. Hər hektardan 3 min iki yüz manat fayda götürürdü. Ümumilikdə 2 (iki) il ərzində 12.000 (on iki min) 800 (səkkiz yüz) manat fayda götürəcək idi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz əməlləri nəticəsində o, 12000 (on iki min) 800 (səkkiz yüz) manat ziyana düşmüş, zərər etmişdir. Həmin ziyanın ödənilməsini müştərək olaraq Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməsini tələb etmək qənaətinə gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, mübahisəli torpaq sahəsinin 5 il müddətinə icarəyə verilməsinə dair iddiaçı ilə mərhum atası arasında icarə müqaviləsi bağlandığını, 5 il ərzində iddiaçının həmin sahədə yonca bitkisi əkdiyini, iddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddəti bitdikdən sonra tərəfindən həmin torpaq sahəsinin digər şəxsə icarəyə verdiyini, mərhum atası ilə iddiaçı arasında bağlanmış müqavilənin 2 il müddətinə uzadılması barədə qeydlə bağlı imzanın onun tərəfindən icra edilmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, icra nümayəndəsi qismində mərhum X8 ilə iddiaçı arasında xx.xx.20216-cı il tarixdə bağlanmış icarə müqaviləsini təsdiq etdiyini, bundan sonra həmin müqaviləyə heç bir qeyd aparmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə baxış iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X8 (İcarəyə verən) ilə İddiaçı (İcarəçi) arasında bağlanmış və Biləsuvar rayon İHB-nin Dəvrişli kəndi üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən imzaları təsdiq edilmiş xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin: 1.1-ci bəndinə əsasən, X8 JN 0232 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona məxsus olan 2 ha torpaq sahəsini 5 il müddətinə kənd təsərrüfatı bitkiləri əkib becərmək üçün İddiaçı icarəsinə verir. 2.1-ci bəndinə əsasən, İcarəçi icarəyə götürdüyü 2 ha torpaq sahəsinin hər bir hektarına 100 manat icarə haqqı ödəməyi öhdəsinə götürür, bu şərtlə ki, buqda əkininə və yanacağa görə dövlət tərəfindən ödəniləcək subsidiyanı İcarəyə verən alacaqdır. 3.6-cı bəndinə əsasən, müqavilə 5 il müddətinə bağlanılır və imzalandığı andan qüvvəyə minir. İş materiallarında olan X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin ikinci vərəqinin alt hissəsində əl yazısdı ilə yazılmış və X12 və Cavabdeh1 tərəfindən imzalanmış mətnin məzmunundan görünür ki, X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin müddətinin əvvəlcədən ödənilmiş icarə haqqı əsasında müqavilə bağlandığı xx.xx.2016-cı il tarixdən 5 il müddətinə artırılmasına razılıq verilmişdir. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan X12 və Cavabdeh1 ilə X6 arasında Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 3M-186 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X12 və Həsənov X7 rayonu, Dərvişli kəndi ünvanında yerləşən torpaq sahəsini illik 600 manat icarə haqqı ödənilməklə X4 icarəyə vermişdir. İş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli 980d- 22 nömrəli məktubunun surətindən görünür ki, Biləsuvar RPŞ-nın xx.xx.2022-ci il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmiş və material araşdırmanın davam etdirilməsi üçün Biləsuvar rayon Polis Şöbəsinə qaytarılmışdır. İş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1771 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 1-ci vərəqinin “1.1” bəndinin 2-ci sətrində “əlavə 2 il” yazıları və həmin vərəqin aşağı sol hissəsində “3.6” bəndində “+2=7” rəqəmləri Cavabdeh2 tərəfindən icra olunmuşdur. xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 2-ci vərəqinin aşağı hissəsində “H.Froza” və “Cavabdeh1” yazıları qarşısındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları 12800 manat məbləğində zərərin ödənilməsi tələb etmişdir, əks halda dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Kənd Təsərrrüfatı Nazirliyi X17 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilir ki, Biləsuvar rayonunun Dəvrişli kənd sakini İddiaçı 2022-2023-cü illər üzrə X11 İnformasiya Sistemində (EKTİS) yonca və digər bitkilərin əkilməsi ilə bağlı əkin bəyanı qeydə alınmamışdır. 2022 və 2023-cü illər üzrə rayonun statistik məlumatlarına və “Aqrar bazar portalı” məlumatlarına əsasən yonca bitkisinin orta məhsuldarlığı və 1 sentner məhsulun orta satış qiyməti aşağıdakı kimi olmuşdur: 2022-ci il üzrə yonca bitkisinin orta məhsuldarlığı 91,6 sentner,1 sentner yonca məhsulunun (quru kütlə hesabı ilə) orta satış qiyməti 16 AZN; 2023-ci il üzrə yonca bitkisinin orta məhsuldarlığı 105,8 sentner,1 sentner yonca məhsulunun (quru kütlə hesabı ilə) orta satış qiyməti 16 AZN təşkil etmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı cavabdehlərdən Cavabdeh1 mərhum atası ilə aralarında bağladıqları icarə müqaviləsinə əsasən icarə obyekti olan torpaq sahəsindən 5 il müddətində istifadə edərək orada yonca bitkisi əkdiyini, sonradan Cavabdeh1 ilə icarə müqaviləsinin müddətinin daha 2 il artırılması barədə razılığa gəldiklərini, bu barədə müvafiq qeydin müqaviləyə əlavə edildiyini, digər cavabdeh tərəfindən isə həmin razılaşmanın təsdiq edildiyini, lakin Cavabdeh1 aralarında olan razılaşmanın şərtlərini pozaraq mübahisəli torpaq sahəsini başqa şəxsin icarəsinə verdiyini, nəticədə həmin torpaq sahəsindən istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda şəklində zərərə məruz qaldığını iddia edir. Cavabdeh1 icarə müqaviləsinin müddətinin daha 2 il artırılması barədə iddiaçı ilə heç bir razılaşmalarının olmadığını, bu barədə müqaviləyə edilmiş müvafiq qeydin onun tərəfindən imzalanmadığını, mərhum atası ilə iddiaçı arasında bağlanmış müqavilənin müddəti bitdikdən sonra mübahisəli torpaq sahəsinə dair digər şəxslə qanuna müvafiq qaydada notarial qaydada yeni müqavilə bağladığını, iddia tələbinin əsasssız olduğunu, digər Cavabdeh2 icra nümayəndəsi qismində mərhum X8 ilə iddiaçı arasında xx.xx.20216-cı il tarixdə bağlanmış icarə müqaviləsini təsdiq etdiyini, bundan sonra həmin müqaviləyə heç bir qeyd aparmadığını, iddianın əsassız olduğunu bildirirlər. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddia tələbinin predmetini cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsi barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə, iddianın predmeti ilə bağlı gəldiyi qənaətə əsasən hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını öhdəlik hüquq münasibətləri üzrə əldən çıxamış fayda şəklində vurulmuş zərərin yaranması və tələb edilə bilinməsinin normativ tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 443.4-cü maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 mərhum atası ilə aralarında torpaq sahəsinin 5 il müddətinə icarəyə verilməsi barədə icarə müqaviləsinin bağlandığı, həmin müddət ərzində sözügedən torpaq sahəsinin iddiaçının istifadəsində olduğu, icarə müddəti ərzində iddiaçı tərəfindən orada yonca bitkisinin əkildiyi, 2021-ci ildən sonra mübahisəli torpaq sahəsinin başqa şəxsin icarəsinə verildiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli hallarını müqavilə müddətinin artırılmasına baxmayaraq mübahisəli torpaq sahəsinin Cavabdeh1 tərəfindən qanunsuz olaraq başqa şəxsin icarəsinə verilməsi nəticəsində əldən çıxmış fayda şəklində zərərə məruz qalması barədə iddiaçının tələbi, həmçinin Cavabdeh1 iddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddətinin artırılmasından məlumatsız olması, həmin müqaviləyə bu barədə edilmiş qeydin onun tərəfindən imzalanmaması barədə, digər cavabdehin isə sözügedən müqaviləyə müddətin artırılmasına dair əlavə qeydin onun tərəfindən həyata keçirilmədiyi barədə etirazları təşkil edir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və işin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən bu nəticəyə gəlir ki, cavabdehlərin öz etirazlarının əsası kimi istinad etdiyi hallar iş materialları ilə təkzib edilir. Belə ki, iddiaçının şikayəti üzrə aparılmış araşdırma zamanı Biləsuvar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1771 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 1-ci vərəqinin “1.1” bəndinin 2-ci sətrində “əlavə 2 il” yazıları və həmin vərəqin aşağı sol hissəsində “3.6” bəndində “+2=7” rəqəmləri Cavabdeh2 tərəfindən, xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 2-ci vərəqinin aşağı hissəsində “H.Froza” və “Cavabdeh1” yazıları qarşısındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Bununla da müəyyən olunur ki, cavabdehlərin etirazlarının əsası kimi istinad etdikləri icarə müqaviləsində olan müvafiq qeydlərin və imzaların onlara məxsus olmaması barədə iddiaları öz təsdiqini tapmamışdır. İşin məhkəmə araşdırması zamanı da, cavabdehlər qeyd olunan halların təsdiqi ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə, yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı ilə mərhum X8 arasında xx.xx.2016-cı il tarixdə 5 il müddətinə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin müddətinin iddiaçı ilə Cavabdeh1 qarşılıqlı razılaşmalarına əsasən 2 il artırılması və digər cavabdeh tərəfindən bu barədə qeydin müqaviləyə əlavə edilməsi işin mübahisəsiz halları kimi qəbul edilməlidir. Məhkəmə, işin mübahisəsiz halları kimi müəyyən edilmiş xüsusatları nəzərə alaraq bu nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçı ilə bağlanmış və sonradan müddəti uzadılmış icarə müqaviləsinin müddəti bitmədən həmin icarə müqaviləsinin obyekti olan torpaq sahəsinə dair digər şəxslə icarə müqaviləsi bağlamaqla, bununla da iddiaçı ilə bağlanmış müqavilədən birtərəfli qaydada imtina etməklə öhdəlik hüququnda müqavilə işitrakçısının və həmçinin icarə hüquq münasibətləri üzrə icarəyə verənin öhdəliklərini nəzərdə tutan bir sıra maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 708.1-ci maddəsinə əsasən, icarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüququ normalarının tələblərindən göründüyü kimi, müqavilə işitrakçıları müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməli, müqavilə üzrə öhdəliyin icrasından birtərəfli imtina etməməli və onun şərtlərini birtərəfli dəyişdirməməlidirlər. Bununla yanaşı, icarə müqaviləsi üzrə icarəyə verən icarə obyektini icarəçinin istifadəsinə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə, qüsurlardan və üçüncü şəxslərin iddia və hüquqlarından azad şəkildə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə Cavabdeh1 tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərini pozduğu müəyyən edildiyi üçün, iddiaçının ona qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələblə çıxış etməsi üçün hüquqi əsas yaranmışdır. Qeyd olunmalıdır ki, mülki qanunvericilikdə icarə müqaviləsi üzrə icarəyə verən öhdəliklərini pozduqda icarəçinin pozulmuş hüquqlarının bərpasını və pozuntu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə görə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 708.3-cü maddəsinə əsasən, icarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir. 676.0-cı maddəsinə əsasən, bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 676.0.3. üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; 677.1.2-ci maddəsinə əsasən, əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları ümumiləşdirərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh1 qarşı müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etməsi üçün subyektiv hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsini tələb edir. Buna görə məhkəmə hesab edir ki, iddianın uğurluluğu iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi işin faktiki hallarının əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsinin maddi hüquqi tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 443.4cü maddələrinin dispozisiya şərtlərini ödəməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın(21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür(21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır(21.3). Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə, işin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən bu qənaətə gəlir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri baxılan işdə mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi onun istifadəsində olduğu müddətdə orada yonca bitkisini əkdiyi hər iki tərəfin izahatları ilə öz təsdiqini tapmışdır. Həmçinin, icarə müqaviləsinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən 2 il (2022 və 2023-cü illər) müddətinə artırılmasına baxmayaraq, Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin digər şəxsin icarəsinə verilməsi, bununla da iddiaçının həmin sahədən istifadəsinə maneə yaradılması tam sübut olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Kənd Təsərrrüfatı Nazirliyi X17 İnkişaf Mərkəzi tərəfindən verilmiş cavab məktubuna görə, 2022 və 2023-cü illər üzrə Biləsuvar rayonunun statistik məlumatlarına və “Aqrar bazar portalı” məlumatlarına əsasən 2022-ci il üzrə yonca bitkisinin orta məhsuldarlığının 91,6 sentner,1 sentner yonca məhsulunun (quru kütlə hesabı ilə) orta satış qiymətinin 16 manat, 2023-ci il üzrə yonca bitkisinin orta məhsuldarlığının 105,8 sentner,1 sentner yonca məhsulunun (quru kütlə hesabı ilə) orta satış qiymətinin 16 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bu qaydada hesablama aparıldıqda 2 il ərzində (2022 və 2023-cü illər üzrə) 2 hektar sahədən orta hesabla cəmi 6316,8 manat məbləğində (1465,6 manat + 1692,8 manat = 3158,4 manat x 2 il) yonca məhsulunun əldə edilə biləcəyi müəyyən edilir ki, bu məbləğ iddiaçının əldən çıxmış fayda şəklində məruz qaldığı zərərin məbləğini təşkil edir. Məhkəmə, Biləsuvar rayonunun Dəvrişli kənd sakini İddiaçı 2022-2023-cü illər üzrə X11 İnformasiya Sistemində (EKTİS) yonca və digər bitkilərin əkilməsi ilə bağlı əkin bəyanının qeydə alınmaması barədə X17 İnkişaf Mərkəzinin məktubunda göstərilən məsələ ilə əlaqədar müəyyən edir ki, əkin bəyanının qeydə alınması fermerlərə müvafiq əkin istiqamətləri üzrə dövlət tərəfindən subsidiyanın verilməsi məqsədi ilə tətbiq olunan güzəşt növü olmaqla, məcburi xarakter daşımır və bu fakt iddiaçı tərəfindən yonca bitkisinin əkilməməsinə dəlalət edə bilməz. Digər tərəfdən iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində, sahənin onun istifadəsində olduğu müddətdə yonca bitkisinin əkilməsi işin mübahisəsiz halını təşkil edir. Məhkəmə, iddia tələbinin Cavabdeh2 münasibətdə əsassız olduğu qənaətinə gələrək qeyd edir ki, Cavabdeh2 icarə münasibətlərinin tərəfi olmadığına görə, icarə müqaviləsi üzrə hər hansı bir öhdəliyin daşıyıcısı da olmamışdır. İşin müəyyən edilmiş hallarında göründüyü kimi, Cavabdeh2 icra nümayəndəsi qismində mövcud qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən istifadə edərək nümayəndəliyin ərazisində yaşayan şəxslər arasında bağlanmış icarə müqaviləsini rəsmiləşdimək məqsədi ilə həmin müqaviləyə müvafiq qeyd və təsdiq işini həyata keçirmişdir. İddiaçıya vurulmuş ziyanın əmələ gəlməsində Cavabdeh2 hər hansı bir təqsirinin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbi Cavabdeh1 münasibətdə qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 6316,8 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar