Məhkəmə qərarları › İş №e-2-2(121)-2050/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2050/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2050/2023 26.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun tutulması tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 15.067,90 manat pul vəsaitinin və 200 manat mediasiya xərcinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh oğluna məxsus ******************** saylı kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdehin bu kart hesabından xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında müxtəlif əməliyyatlar aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, mobil operatorlara, stasionar telefona, kommunal istiqamətlərə müvafiq ödənişlər etmiş, həmçinin, başqa kart hesablarına köçürmələr etmişdir (çıxarış əlavə edilir). Nəticədə, Cavabdeh banka cəmi 15.067,90 ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə İddiaçının hesabına əsassız varlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsində qeyd olunanları nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh ərizəsi əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində “Sahibkarlıqla məşğul olan fiziki şəxslərlə bağlanılan ödəniş kartı və hesaba dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bank müştəriyə AZ21AİİB******************** saylı hesab əsasında bank tərəfindən emissiya edilən Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə edilə bilən ödəniş kartını müştəriyə verməyi və bu növ hesab üçün Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini mədaxil etməyi, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən banka ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3.2-ci bəndinə əsasən hesabında olan pul vəsaitlərindən mövcud qanunvericiliyə uyğun istifadə etmək, habelə bu müqaviləyə əsasən verilmiş kartdan onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinə, Bankın müəyyən etdiyi və gələcəkdə müəyyən edəcəyi qaydalarına əsasən yalnız sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə etməyi müştəri öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 5.5-ci bəndinə görə müştəri ödəniş kartı ilə aparılan əməliyyatların məbləğinin hesabından silinəcəyini və hesabında kifayət qədər vəsait olmadığı təqdirdə çatışmayan borc qədər texniki overdraft-ın yaranacağını qəbul edir. İş materiallarında olan Cavabdeh məxsus ******************** nömrəli plastik kart hesabından xx.xx.2022 – xx.xx.2023-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixləri ərzində aparılmış əməliyyatlar nəticəsində hesabın balansı “-15.067,90 manat” olmuşdur. Həmin tarixdən etibarən hesaba mədaxil edilməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 16/T1463 saylı xəbərdarlıqdan görünür ki, Cavabdeh istifadəsində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus ******************** nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 15.125,71 manat məbləğində yaranmış borcun 5 gün ərzində karta mədaxil edilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixində “Sahibkarlıqla məşğul olan fiziki şəxslərlə bağlanılan ödəniş kartı və hesaba dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən plastik kart verilmişdir. Cavabdeh oğlu ona məxsus ******************** saylı kart hesabından xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Nəticədə, Cavabdeh banka 15.067,90 manat məbləğində ziyan vurmuşdur. Həmin tarixdən iddia ərizəsi məhkəməyə verilən günədək keçən müddət ərzində cavabdehin hesabına heç bir mədaxil edilmədiyindən, balansda mənfi qalıq qalmışdır. Hazırda bank müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız nəticəsində yaranmış borcun cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15.067,90 manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 15.067,90 manat məbləğində pul və 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 15.267,90 (on beş min iki yüz altmış yeddi manat, doxsan qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar