Məhkəmə qərarları › İş №e-2-2(121)-2058/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2058/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2058/2024 10.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə pul və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə pul və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsindəki qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsinin 6 aylıq icarə haqqını təşkil edən cəmi 1800 manat və 45 manat kommunal borcları ilə bir yerdə cəmi 1845 manat borcun, 55,45 manat dövlət rüsumunun, 1000 manat maddi və 1000 manat mənəvi təzminatın cavabdehdən tutularaq iddaçı "xxxx" MMC yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC olaraq Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Baki-Quba yolu 27.km-də olan təmir boksu, cavabdehə aylıq 300 manat olaraq müqavilə əsasında icarəyə verilmişdir. Lakin Cavabdeh müqavilənin 5-ci bəndinə əməl etməyərək 6 aylıq icarə haqqı olan 1800 manat borcu ve 45 manat kommunal borclarını ödəmədiyinə görə xx.xx.2024-cü il tarixdə 1 ay əvvəlcədən xəbərdarlıq edilərək borclarının ödənişini etməyi barədə ve əgər ödəniş olunmazsa icarə muqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin Cavabdeh ünvanına göndərilən xəbərdarlıq məktubunu götürməkdən imtina edərək borclarını da ödəməkdən boyun qaçırıb. O, ödənişlərini etməməsinə və icarə müqaviləsinin şərtlərini bir tərəfli pozmağına baxmayaraq fəaliyyətini davam etdirməktədir. Cavabdehə onlayn xəbərdarlıq məktubu və xususi qaydada poct ilə pretenziya və iddia ərizəsi ilə əlavə sənədlər göndərilsə də Cavabdeh borclarını ödəməkdən ve istifadəsində olan boksu boşaltmaqdan boyun qaçırmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, 2400 manat icarə haqı borcu, 270 manat kommunal borcu, 66,70 manat dövlət rüsumunun, 1000 manat maddi və 1000 manat mənəvi təzminatın cavabdehdən tutularaq iddaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə (İcarəyə verən) Cavabdeh (İcarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İcarəyə verən "xxxx" MMC-dən icarəyə götürdüyü Baki-Quba yolunun 27-ci km-də yerləşən qeyri-yaşayış sahəsini subicarə qaydasında İcarəçiyə icarəyə verir, İcarəçi isə həmin qeyri-yaşayış sahəsinin icarəsinin əvəzi olaraq bu müqavilə ilə razılaşdırılmış qaydada və məbləğdə icarə haqqı ödəyir. 5.1-ci bəndinə əsasən, İcarəçi bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq icarə haqqını İcarəyə verənə manatla ödəməlidir. Aylıq icarə haqqı hər ay üçün 300 manat məbləğində müəyyən olunur. 6.1, 6.3 və 6.4-cü bəndlərinə əsasən, bu müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü əhatə edir. Bu müqavilə imzalandığı andan qüvvəyə minir. Tərəflər arasında müqaviləyə xitam verməyə əsas olmadığı halda müqavilə müddəti uzadılmış hesab edilir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı direktoru Mahir Abdullayevə ünvanlanmış yazılı sənəddən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcunun 1520 manat təşkil etdiyini, 500 manat təmir işlərinə xərclədiyini, qalıq borcunun 1020 manat olduğunu bildirir və borcunu hissə-hissə ödəyəcəyinə söz verir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehə 500 manat güzəşt tətbiq olunmasına baxmayaraq həmin tarixə olan 570 manat borcun ödənilmədiyi, əksinə mart və aprel ayları üçün də icarə haqqının ödənilmədiyi, bununla cavabdehin 1240 manat borcunun yarandığı bildirilmiş və 10 gün müddətində borcun ödənilməsi tələb edilmiş, əks halda müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (icarə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən onun icarəsində olan qeyri-yaşayış sahəsinin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin subicarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü sahədən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə müqavilənin qüvvədə olduğu dövrdə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən hər ay 300 manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı, 2024-cü ilin fevral ayına cavabdehin ödənilməmiş 570 manat məbləğində borcunun olduğu işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli hallarını isə 2024-cü ilin sentyabr ayına kimi cavabdehin icarə haqqı borcunun 2400 manat məbləğində və kommunal ödənişlərə görə borcunun 270 manat məbləğində olması barədə iddiaçının tələbi təşkil edir. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizəyə, icarə haqqı üzrə borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir. Məhkəmə, işin mübahisəli halları ilə bağlı iddiaçının gətirdiyi dəlillərə qiymət verərək hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər sübut dəlillərlə sübut edə bilmişdir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında icarə haqqı məbləği aylıq 300 manat olaraq razılaşdırılmışdır. Həmçinin, 2024-cü ilin fevral ayına cavabdehin ödənilməmiş 570 manat məbləğində borcunun olduğu da işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavənin verildiyi 2024-cü il 29 sentyabr tarixinə kimi cavabdehin icarə obyektini iddiaçıya təhvil verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyinə görə hesab olunur ki, icarə haqqı borcunun ümumi məbləği 2024-cü ilin fevral ayından etibarən (570 manat borcun mövcud olması faktı nəzərə alınmaqla) 2024-cü ilin sentyabr ayına kimi (sentyabr ayı daxil olmaqla) hesablanmalıdır. Belə hesablama aparıldıqda isə icarə haqqı borcunun iddia ərizəsində tələb olunan məbləğdən də artıq olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan qeyri-yaşayış sahəsini cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh sahəni təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Buna görə də, həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi əsas borca (ödənilməmiş icarə haqqı tələbinə) münasibətdə tam təmin edilməlidir. Məhkəmə, iddia tələbini icarə obyekti olan boşaldılması hissəsində əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, işin halları ilə cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini pozması faktı öz təsdiqini tapmışdır. İşdən göründüyü kimi, iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərərək icarə müqaviləsindən birtərəfli qaydada imtina etdiyini və icarə obyektininin boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müqaviləyə xitam verilməsi barədə bildiriş (xəbərdarlıq) göndərməklə müqavilədən birtərəfli qaydada imtina etdiyinə görə artıq məhkəmədən kənar qaydada müqaviləyə xitam verilmişdir. Digər ifadə ilə müqavilədən imtina (müqavilənin ləğvi) bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.1 və 421.3-cü maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında şərh olunan hüquqi mövqe belədir ki, “O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatik öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir.” Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarı ilə bu nəticəyə gəlmişdir ki,”İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.” Məhkəmə şərth olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, tərəflər arasında icarə münasibətlərinə xitam verildiyinə görə, icarə obyekti cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin oluduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 66,70 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbini 1000 manat maddi və 1000 manat mənəvi təzminatın cavabdehdən tutularaq iddaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalmasını sübut edə bilməmiş, bu barədə mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Buna görə də, həmin hissədə iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə pul və s. tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2400 manat məbləğində icarə haqqı borcu və ödənilmiş 66,70 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2466,7 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İcarədə olan qeyri-yaşayış sahəsi boşaldılsın və İddiaçınə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar