Məhkəmə qərarları › İş №e-2-2(121)-2065/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2065/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2065/2024 19.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 7323,84 manat məbləğində əsas borcun, 147,61 manat məbləğində faiz borcunun, cəmi 7471,45 manat borcun və 96 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 25% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2nın İddiaçı ASC-yə 30361,95 manat əsas, 4448,03 manat faiz, 120 manat məbləğndə cərimə borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında kredit müqaviləsi üzrə 5.822,35 manat əsas və 153,90 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli kredit sazişi bağlanmışdır. Göstərilən kredit sazişinə əsasən cavabdehə illik 25 faiz ödəmək şərti ilə 36 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, zamin Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 5.822,35 manat əsas, 153,90 manat faiz, 0 manat məbləğində cərimə borcu vardır. - İddiaçı ASC tərəfindən cavabehlərə pretenziya göndərilmişdir. - 30.04.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh1 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik münasibətlərini tənzimləyən xx.xx.2022-ci il tarixli kredit saziş müqaviləsinin imzalanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı 5.822,35 manat məbləğində əsas borcun və ona hesablanmış 153,90 manat məbləğində faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, cavabdeh (zamin) Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, digər Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında Cavabdeh1 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 96 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 76,78 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5.822,35 manat məbləğində əsas borc, 153,90 manat məbləğində faiz borcu və 76,78 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 6.053,03 (altı min əlli üç manat, üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar