Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2107/2024 15.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı – icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və s. tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra edilməmiş öhdəliyə görə 780.00 (yeddi yüz səksən) manat məbləğində icarə haqqı və 390.00 (üç yüz doxsan) manat dəbbə pulu və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu, cəmi 1202 (min iki yüz iki) manat alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY), (İcarəyəverən) ilə Cavabdeh (İcarəçi) arasında xx.xx.2022-ci il tarixli 169608 nömrəli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında, Bakı Dəmir Yolu Vağzalı kompleksi “Perron Gallery” ticarət mərkəzinin 2-ci (ikinci) mərtəbəsində yerləşən M 213saylı icarə sahəsi kimi qeydə alınmış 38.5 kv.m. olan sahə Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 10.1-ci bəndinə əsasən icarə müqaviləsi 1 (bir) il müddətinə bağlanılmışdır. Müqaviləyə Əlavə 1-in 1.1-ci bəndinə əsasən aylıq icarə haqqı 1600.00 (min altı yüz manat) manat təşkil edir və icarə haqqı xx.xx.2022-ci il tarixdən hesablanır. Müqavilənin 10.5-ci bəndinin (i) yarımbəndinə əsasən İcarəçi 30 gündən artıq müddətə icarə haqlarını İcarəyəverənə ödəmədikdə İcarəyəverən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Tərəflər arasında bağlanmış Müqaviləyə cavabdehin üzərinə düşən öhdəlikləri icra etməməsi səbəbindən bildiriş verilərək birtərəfli qaydada 01 avqust 2022-ci il tarixdən xitam verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsi bağlanılan tarixdən cəmi 4020.00 (dörd min iyirmi manat) manat icarə haqqı ödənilmiş, 780 (yeddi yüz səksən manat) manat icarə haqqı ödənilməmişdir. Cavabdehə bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, xx.xx.2023-cü il tarixdə isə pretenziya məktubu göndərilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəlik icra edilməmiş, xx.xx.2023-cü il tarixədək icarə haqqına görə borcun məbləği 780.00 (yeddi yüz səksən manat) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 169608 nömrəli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında, Bakı Dəmir Yolu Vağzalı kompleksi “Perron Gallery” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən M 213 saylı icarə sahəsi kimi qeydə alınmış 38.5 kv.m. olan sahə Cavabdeh icarəyə verilmişdir. - Müqavilənin 10.1-ci bəndinə əsasən icarə müqaviləsi 1 (bir) il müddətinə bağlanılmışdır. - Müqavilənin Əlavə 1-in 1.1-ci bəndinə əsasən aylıq icarə haqqı 1.600 manat təşkil edir və icarə haqqı xx.xx.2022-ci il tarixdən hesablanır. - 24.08.2022-ci il tarixli razılaşmadan görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. - Pretenziyadan görünür ki, 780 manat pul ödənilmədiyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müracitə olunacağı barədə cavabdeh məlumatlandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “"xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 169608 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında, Bakı Dəmir Yolu Vağzalı kompleksi “Perron Gallery” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən M 213 saylı icarə sahəsi kimi qeydə alınmış 38.5 kv.m. olan sahə aylıq 1.600 manata Cavabdeh icarəyə verilmişdir. Daha sonra tərəflərin qarşılıqlı razılaşması ilə icarə müqaviləsinə xitam verilmişdir. Xitam razılaşmasına əsasən cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcu 1.600 manat təşkil etməsi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı icarə haqqı olaraq 780 manat manat pulu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı icarə müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı 780 manat icarə haqqının cavabdehdən tələb etməsi əsaslıdır. Buna görə də iddia əsas borca münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, iddianın 390 manat cərimənin cavabdehdən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə borcun 780 manat təşkil etməsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın “dövlət rüsumu kimi ödənilmiş 34 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddia cərimə borcuna münasibətdə qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 22,15 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 780 manat məbləğində əsas borc, 30 manat cərimə borcu və 22,15 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 832,15 (səkkiz yüz otuz iki manat, on beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2107/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2107/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver