Məhkəmə qərarları › İş №e-2-2(121)-2183/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2183/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2183/2024 06.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh” MMC-dən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar mart ayının icarə haqqından qalan 900,00 (doqquz yüz) manat, ƏDV daxil 1062,00 (bir min altmış iki) manat, xx.xx.2024-cü il tarixli, AİS-SRS-080224 saylı müqavilənin 2 saylı əlavəsinə əsasən 2000,00 (iki min) manat, ƏDV daxil 2360,00 (iki min üç yüz altmış) manat, xx.xx.2024-cü il tarixli, AİS-SRS-080224 saylı müqavilənin 2 saylı əlavəsinə əsasən ödənişi gecikdirilmiş günlərə görə 400,00 (dörd yüz) manat, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 125,05 (bir yüz iyirmi beş manat beş qəpik) manat, ümumilikdə 3947,05 (üç doqquz yüz qırx yeddi manat beş qəpik) manat məbləğində pul vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında xx.xx.2024-cü il tarixində AİS-SRS-080224 nömrəli tikinti texnikasının icarəsinə dair Müqavilə (bundan sonra – Müqavilə) imzalanmışdır. Müqaviləyə əsasən İcarəyə verən tərəfindən tikinti texnikası İcarəçinin icarəsinə verilmişdir və tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. İcarəçi 2024-cü ilin mart ayı üçün icarə haqqını ödəməmişdir. İcarəçiyə müxtəlif formalarda icarə haqqının ödənilməsi ilə bağlı bildirişlər verilsə də o, öhdəliyini icra etməkdən yayınmış və bununla da Müqavilənin şərtlərini pozmuşdur. Tərəflər arasında imzalanmış 08 aprel 2024-cü il tarixli 2 nömrəli təhvil-təslim aktına əsasən cavabdeh ƏDV daxil olmaqla 10 620,00 (on min altı yüz iyirmi) manat məbləğində icarə haqqı ödəməlidir. Müqaviləyə 1 nömrəli Əlavənin 3.1-3.5-ci bəndlərinə əsasən cavabdehin ödəməli olduğu icarə haqqı məbləği ödənişin edilməsi vaxtından asılıdır. Hazırda cavabdehin ödənişi Müqaviləyə 1 nömrəli Əlavənin 3.2-ci bəndinə əsasən 9 900,00 (doqquz min doqquz yüz) manat, ƏDV daxil olmaqla isə 11682 (on bir min altı yüzsəksən iki) manat təşkil edir. İddiaçı MMC-nin Cavabdeh MMC pretenziya məktubundan sonra cavabdeh tərəfindən 9 000,00 (doqquz min) manat, ƏDV daxil olmaqla 10 620,00 (on min altı yüz iyirmi) manat məbləğində pul vəsaiti ödənsə də, 900,00 (doqquz yüz) manat, ƏDV daxil 1 062,00 (bir min altmış iki) manat məbləğində pul vəsaiti bu günədək ödənilməmişdir. Bundan sonra tərəflər arasında əldə edilmiş razılığa əsasən 17 aprel 2024-cü il tarixdə bağlanmış xx.xx.2024-cü il tarixli, AİS-SRS-080224 saylı müqavilənin 2 saylı əlavəsinin 2-ci maddəsinə əsasən İcarəçi 17 aprel 2024-cü il tarixdən 5 may 2024-cü il tarixinə qədər olan dövr üzrə tikinti texnikasının boşdayanma haqqının əvəzi olaraq ƏDV xaric 2 000,00 (iki min) manat məbləğində vəsaiti icarə verənə ödəmək öhdəliyi daşıyır. Həmin əlavənin 3-cü maddəsinə əsasən 2 000,00 (iki min) manat məbləğində vəsaiti 07 may 2024-cü il tarixədək İcarə verənə ödəməlidir, ödəniş gecikdirildiyi halda Müqavilənin 1 saylı əlavəsinin 3.1-3.5-ci bəndlərinin şərtləri qeyd olunan məbləğə proporsional qaydada tətbiq ediləcəkdir. Qeyd olunanlardan da göründüyü kimi, İcarəçi 900,00 (doqquz yüz) manat, ƏDV daxil 1 062,00 (bir min altmış iki) manat, 2 000,00 (iki min) manat, ƏDV daxil 2 360,00 (iki min üç yüz altmış) manat, ümumilikdə 3 422,00 (üç min dörd yüz iyirmi iki) manat məbləğində pul vəsaitini bu günədək Cəmiyyətə ödəməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli, AİS-SRS-080224 saylı müqavilənin 1 saylı əlavəsinin 3.3-cü maddəsinə əsasən İcarəçi 25 gündən çox müddətə icarə haqqını ödəmədiyi üçün 2 000,00 (ikimin) manatdan əlavə olaraq 400,00 (dörd yüz) manat ödəmək öhdəliyi yaranır. Cavabdeh direktoru X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, iddiaçı təşkilat ilə xx.xx.2024-cü il tarixində bir ədəd Ekskovator icarəyə götürmüşlər. Müqavilə imzalandıqdan sonra şərtlərə diqqət edərkən həmin şərtlər onu qane etməmişdir. Bu haqda texnikanı onlara verən Anar və Şəhriyar adlı şəxslərə bildirmişdir ki, bunu istəmirlər, lakin həmin şəxslər bildirdilər ki, o elə belə yazılıb sizə təsiri olmayacaq. İşlədikləri iki ay müddətində tam ödəniş olunmuşdur. Növbəti aylarda iş olmadığı üçün boşdayanmaya görə operatorun əmək haqqını təşkil edən 2000.00 manat pulun ödənilməsinə zəmanət məktubu vermişlər. Bununla belə bildirir ki, 2024-cü ilin mart ayında Qurban və Novruz bayramları ilə əlaqədar Nazirlər Kabineti 7 gün qeyri iş günü elan etmişdir, həmin vaxt podratçı təşkilat da işləməmişdir. Texnikanın operatoru martın 18-dən 27-nə qədər işdə olmamışdır, görüntü kameraları bunu təsdiqləyə bilər. Amma podratçı təşkilat bunu nəzərə almayıb, bütöv ay kimi hesablamışdır. Bu haqda onlara dedikdə bildirdilər ki, siz ödənişi edin, biz əvəzinə 7 gün ödənişsiz işləyərik. Daha sonra texnikanı apardılar. Xahiş edir ki, artıq hesablanmış 2769.00 manat əsas, 498,00 manat ƏDV-ni geri qaytarılmasına qərar verilsin. O halda onlara 2000.00 manat boşdayanma pulunun ödənilməsinə zəmanət verir. Əlavə olaraq xahiş edir ki, podratçı şirkətin nizamnaməsinə baxılsın ki, gecikməyə görə onların hesabladığı faizlə Mərkəzi Bankın kredit faizindən on dəfə çox olması barədə Nazirlər Kabinetinin təsdiqi var ya yox. Xahiş edir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi Anar, Şəhriyar və onların nümayəndəsi Emin Rəhimov iştirak etsinlər. İddiaçı nümayəndəsi X3 iştirak etdiyi məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclaslarında etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbini əsassız hesab etsə də, iddiaçıya 2000 manat borcu olduğunu qəbul etdiyini, iddiaçıya 9000 manat məbləğində pul ödədiyini, mart ayında yeddi gün qeyri-iş günü olduğu halda bir ayın icarə haqqını tam şəkildə ödədiyini, iddiaçının nümayəndələrinin bunu nəzərə alacaqlarını bildirmələrinə baxmayaraq, hazırda ondan əlavə pul tələb etdiklərini, onun tərəfindən artıq ödənilmiş 2769 manat əsas, 498 manat ƏDV məbləği ilə iddiaçının boşdayanmaya görə tələb etdiyi 2000 manat məbləğində pulun əvəzləşdirilməli, qalan məbləğin isə ona qaytarılmalı olduğunu bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli AİS-SRS-080224 nömrəli “tikinti texnikalarının icarəsinə dair” müqavilənin: 1.1-ci bəndinə əsasən, bu Müqaviləyə əsasən İcarəyə verən təsviri, icarə müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilmiş və razılaşdırılmış tikinti texnikasını (bundan sonra texnika) icarə predmeti qismində bu Müqavilə ilə razılaşdırılmış şərtlərlə İcarəçiyə icarəyə verməyi, İcarəçi isə texnikanı icarəyə götürüb qarşılığında bu Müqavilə ilə razılaşdırılmış icarə haqqını Müqavilədə müəyyən olunan qaydada və şərtlərlə İcarəyə verənə ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, texnika İcarəçi tərəfindən onun əsas təyinatı dəyişdirilmədən istifadə olunmaq üçün icarəyə götürülür. İcarəçi avtonəqliyyat vasitələrini yalnız işçiləri tərəfindən tikinti işlərinin icra edilməsi məqsədilə Azərbaycan Respublikasının Qubadlı və Laçın rayonlarının ərazisində tikinti işlərində istifadə ediləcəkdir. 2.1-ci bəndinə əsasən, “İcarəyə verən” öhdəsinə götürür: 2.1.1-ci bəndinə görə, Texnikaları bu Müqavilə ilə razılaşdırılmış qaydada və texniki standartlara uyğun şəkildə İcarəçiyə icarəyə vermək; 2.1.2-ci bəndinə görə, Texnikaları Təhvil-təslim aktına əsasən İcarəçiyə təhvil vermək və icarə müddətinin sonunda təbii amortazisasiya nəzərə alınmaqla Təhvil-təslim aktına əsasən təhvil almaq; 2.2-ci bəndinə əsasən, ”İcarəçi” öhdəsinə götürür: 2.2.1- ci bəndinə görə, Texnikaları təhvil aldığı tarixdə yoxlayıb Təhvil-təslim aktını 2 (iki) nüsxədə imzalamaqla və 1 (bir) nüsxəsini İcarəyə verənə verməklə qəbul etmək və ya texnikalarda hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə Təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina etmək. 2.2.3-cü bəndinə görə, bu Müqavilə ilə razılaşdırılmış icarə haqqını vaxtında ödəmək; 3.1-ci bəndinə əsasən, texnikalar üçün icarə haqqının məbləği Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsi ilə müəyyən edilir. 3.2-ci bəndinə əsasən, texnikaların icarəsinə görə xidmət haqqı hər ay bitdikdən sonra 15 (on beş) gün ərzində ödəniləcəkdir. Bu Müqavilənin qüvvədə olduğu hər təqvim ayı bitdikdən sonra İcarəyə verən 1 (bir) iş günü ərzində təhvil-təslim aktı tərtib edir və İcarəçiyə təqdim edir. İcarəçi həmin təhvil-təslim aktına 1 (bir) iş günü ərzində münasibət bildirməlidir. İcarəçinin təhvil-təslim aktını imzalamaqdan əsassız olaraq imtina etməsi İcarəçini icarə haqqını ödəməkdən azad etmir. 3.4-cü bəndinə əsasən, texnikaların aylıq icarə haqqı dedikdə texnikaların təqvim ayı ərzində (30 gün ərzində) 26 gün və gündəlik 8 saatlıq istifadəsi müddəti nəzərdə tutulur. Texnikanın İcarəyə verəndən asılı olmayan səbəblərdən istifadə edilməməsi aylıq icarə haqqının günləri hesablanarkən nəzərə alınmır. 3.6-cı bəndinə əsasən, icarə haqqına texnikaların operator xidməti daxildir (Operatorun qidalanma və qalma yeri ilə təmin edilmə xərcləri İcarəçiyə aiddir). 7.1-ci bəndinə əsasən, bu Müqavilə hər iki Tərəf onu imzaladığı andan qüvvəyə minir. Müqaviləyə əsasən icarə müddəti bir ay təşkil edir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış tikinti texnikasının icarəsinə dair xx.xx.2024-cü il tarixli AİS-SRS-080224 nömrəli müqaviləyə 1№-li Əlavənin: 1-ci bəndinə əsasən, bu Əlavə, İddiaçı MMC (İcarəyə verən) və Cavabdeh MMC arasında bağlanmış Tikinti texnikasının icarəsinə dair xx.xx.2024-cü il tarixli AİS-SRS- 080224 nömrəli Müqavilənin (bundan sonra - Müqavilə) ayrılmaz tərkib hissəsidir və icarəyə verilən texnikanın Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq xüsusiyyətlərini və icarə müddətini və icarəyə görə ödənişin məbləğini müəyyən edir. 2-ci bəndinə əsasən, müqaviləyə əsasən Tərəflər Hundai R 210 W-95 (Təkərli Ekskavator; dövlət qeydiyyat nömrəsi: AZİ **-FY-***; Buraxılış ili 2013) markalı tikinti texnikasım İcarəçiyə bir ay müddətinə icarəyə verilməsi barədə razılığa gəlirlər. 3-cü bəndinə əsasən, İcarə haqqı Texnikanın istifadə edildiyi tam ay (30 gün ərzində 26 gün) və ya günlərin sayına uyğun olaraq aşağıdakı qaydada hesablanır: 3.1: İcarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən etibarən 15 (on beş) gün ərzində ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 9000 (doqquz min) manat; 3.2: İcarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 15 (on beş) gündən gec, lakin 25 (iyirmi beş) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 9900 (doqquz min doqquz yüz) manat; 3.3: İcarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 25 (iyirmi beş) gündən gec. lakin 40 (qırx) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 10800 (on min səkkiz yüz) manat; 3.4: İcarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 40 (qırx) gündən gec, lakin 55 (əlli beş) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 11700 (on bir min yeddi yüz) manat; 3.5: İcarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 55 (əlli beş) gündən gec ödəniləcəyi təqdirdə isə aylıq icarə haqqının məbləği 13500 (on üç min beş yüz) manat. İş materiallarında olan 01 nömrəli “Təhvil-təslim aktı”ndan görünür ki, bu akt İddiaçı (İcarəyə verən) ilə Cavabdeh (İcarəçi) arasında xx.xx.2024-cü il tarixində imzalanmış AİS- SRS- 080224 nömrəli Müqavilə üzrə İcarəçi tərəfindən icarəyə götürülmüş Hyundai R 210 W- 95 (Təkərli Ekskavator; dövlət qeydiyyat nömrəsi: AZ1**-FY-***;Buraxılış ili 2013) markalı tikinti texnikasının xx.xx.2024-cü il tarixdə tam saz vəziyyətdə, hər hansı çatışmazlıq olmadan İcarəçiyə təhvil verilmişdir. İş materiallarında olan 02 nömrəli “Təhvil-təslim aktı”ndan görünür ki, tərəflər bu aktı tərtib edərək təsdiq edirlər ki, İcarəyə verən tərəfindən aylıq yerinə yetirilmiş iş normasına əsasən icarə obyekti olan texnikanın xx.xx.2024-xx.xx.2024 tarixləri üçün icarə xidməti təslim edildi və İcarəçi həmin icarə xidmətini təslim aldı. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AİS-SRS-080224 nömrəli “tikinti texnikalarının icarəsinə dair” müqaviləyə əsasən 2024-cü ilin fevral və mart ayları üzrə ödənilməli olan 18000 manat məbləğində icarə haqqı borcunun xx.xx.2024-cü il tarixinədək ödənilməsi Cavabdeh MMC-dən tələb olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X4 öz ifadələrində icarə obyekti olan texnikanın iddiaçının istifadəsində olduğu müddətdə bayramla əlaqədar olaraq bir neçə gün iş görülmədiyini, texnikanın sonradan iddiaçıya qaytarıldığını təsdiq etdilər. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüquqlarının pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddia tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan texnikanın razılaşdırılmış məqsədlə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə təhvil aldığı texnikanın istifadəsinə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar “tikinti texnikalarının icarəsinə dair” xx.xx.2024-cü il tarixli AİS-SRS-080224 nömrəli müqavilə ilə rəsmiləşdirmişlər. İcarəyə verilmiş texnikanın istifadə və icarə haqqına dair müqavilənin şərtlərinə görə texnikanın İcarəyə verəndən asılı olmayan səbəblərdən istifadə edilməməsi aylıq icarə haqqının günləri hesablanarkən nəzərə alınmır və icarə haqqına texnikaların operator xidməti daxildir. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini (texnikanı) cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini iddia edir. Cavabdeh isə 2000 manat icarə haqqı borcunun olduğunu qəbul etsə də, bunun əvəzinə iddiaçıya qeyri-iş günlərinə görə artıq pul ödədiyini bildirərək qarşılıqlı borcların əvəzləşdirilməli olduğunu iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının icarə müqaviləsinin obyekti olan texnikanı cavabdehə təhvil verməsi, cavabdeh tərəfindən ƏDV daxil olmaqla 10620 (on min altı yüz iyirmi) manat məbləğində icarə haqqını ödəməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halları belədir ki, iddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini tam icra etməyərək icarə obyektinin istifadəsində olduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər olan dövr üzrə tikinti texnikasının boşdayanma haqqının əvəzi olaraq ƏDV daxil 2360 manat məbləğində icarə haqqını (ƏDV-siz 2000 manat pulu) ödəmədiyini iddia edir, həmin icarə haqqının ödənilməsini tələb etməklə yanaşı cavabdehlə aralarında bağladıqları müqavilə şərtlərinə əsasən cavabdehin icarə haqqının ödənişini gecikdirdiyi üçün nəzərdə tutulan cərimə pulunun da cavabdehdən tutulmasını xahiş edir. İddiaçı qeyd olunan tələblərinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə və müqaviləyə əlavələrin şərtlərinə, təhvil-təslim aktlarına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Cavabdeh isə borcunun olmadığını bildirir və öz etirazının əsası kimi iddiaçıya qeyri-iş günlərinə görə artıq pul ödədiyi faktına istinad edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi baxılan işin əsas mübahisəli məqamını tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqqı borcunun olub-olmaması ilə bağlı tərəflərin iddiaları təşkil edir. Məhkəmə, işin müəyyən edilmiş əsas mübahisəli halının aydınlaşdırılması ilə bağlı qeyd edir ki, tərəflər arasında münasibətlər onların bağladıqları yazılı müqaviləyə əsasən yarandığına görə, həmin münasibətlərdən irəli gələn mübahisələr də ilk növbədə qeyd olunan müqavilə şərtləri çərçivəsində qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinə daxil olan içitrakçıların hüquq və vəzifələri, o cümlədən daxil olduqları münasibətlərin şərtləri, riayət etmələri zəruri olan qaydalar əsas olaraq onların iradə ifadələrinin açıq və mübahisəsiz təzahürünü əks etdirən müqavilə bağlanması yolu ilə rəsmiləşdirilir. Tərəflərin əməl edilməsində razılığa gəldikləri müqavilə şərtləri, onların öz üzərlərinə götürdükləri öhdəliklərə müvafiq olaraq məcburi davranış qaydalarını, öhdəliklərin icrası qayda və şərtlərini müəyyən edir. Müqavilə şərtlərinə əməl edilməsi həm “müqavilələr icra edilməlidir” prinsipindən irəli gəldiyi kimi, həm də gələcəkdə tərəflər arasında yarana biləcək mübahisələrin obyektiv həll edilməsində mühüm rol oynayır. Buna görə də müqavilə əsasında yaranan mülki hüquq münasibətlərinin tərəflərindən ilk növbədə müqavilə şərtlərinə əməl etmələri tələb olunur. Müqavilə və daha sonra qanunla tənzimlənməyən münasibətlərdən yaranan mübahisələrin həll edilməsində işgüzar adətlər və s. rol oynaya bilər. Buradan belə nəticə çıxır ki, əgər mülki hüquq subyektləri arasında müqavilə münasibətləri ilə əlaqədar mübahisə yaranmışdırsa, həmin mübahisələrin həlli üçün ilk növbədə müqavilə şərtlərinə baxılmalı və müqavilənin şərtlərinə əsasən mübahisə həll edilməlidir. Məhkəmə qeyd edilənlərin yekunu olaraq bu nəticəyə gəlir ki, əgər tərəflər arasında etibarlı şəkildə bağlanmış müqavilə mövcuddursa və müqavilə şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdirsə, həmin müqavilənin şərtlərinə əsasən mübahisənin həlli qanuni və buna görə də ədalətli hesab edilməlidir. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AİS-SRS-080224 nömrəli müqavilənin 3.4 və 3.6-cı bəndləri ilə razılaşdırılmış şərtlərə görə, texnikanın İcarəyə verəndən asılı olmayan səbəblərdən istifadə edilməməsi aylıq icarə haqqının günləri hesablanarkən nəzərə alınmır və icarə haqqına texnikaların operator xidməti daxildir. Məhkəmə, yuxarıda qeyd edilən müqavilə şərtlərini şərh edərək bu qənaətə gəlir ki, icarəyə götürülmüş texnikanın icarəçi tərəfindən icarəyə verənin təqsiri olmayan hər hansı bir səbəbdən istifadə edilə bilinməməsi onu (icarəçini) razılaşdırılmış icarə haqqını ödəmək vəzifəsindən azad etmir. Həmçinin tərəflər razılaşdırdıqları icarə haqqına texnikanın idarə edilməsi üçün təyin olunmuş operatorun xidmət haqqının da daxil olmasını öz aralarında müəyyən etmişlər. Buna görə də, icarə obyekti olan texnikanın istifadə edilmədiyi hallara, o cümlədən boşdayanmaya görə iddiaçının cavabdehdən icarə haqqı tələbi tərəflərin razılaşmalarına uyğun olduğu üçün əsaslıdır. Qeyd olunmalıdır ki, cavabdeh də iddiaçıya boşdayanma vaxtına görə hesablanmış icarə haqqı borcu olduğunu təkzib etməmişdir. Məhkəmə, cavabdehin qeyri-iş günlərinə görə də icarə haqqı ödədiyi üçün həmin ödədiyi məbləğin iddiaçının tələb etdiyi icarə haqqı ilə əvəzləşdirilməli olmasına dair etirazının əsası kimi istinad etdiyi dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla yuxarıda şərh olunduğu kimi tərəflər arasında imzalanmış müqavilənin 3.4-cü bəndinə əsasən, icarəyə verilən texnikanın aylıq icarə haqqı dedikdə texnikaların təqvim ayı ərzində (30 gün ərzində) 26 gün və gündəlik 8 saatlıq istifadəsi müddətinin nəzərdə tutulduğu razılaşdırılmışdır. Həmçinin texnikanın İcarəyə verəndən asılı olmayan səbəblərdən istifadə edilməməsinin aylıq icarə haqqının günləri hesablanarkən nəzərə alınmaması da tərəflər arasında olan razılaşmanın bir hissəsini təşkil etmişdir. Digər tərəfdən öhdəliklərin əvəzləşdirilməsi yalnız o halda mümkündür ki, hər iki öhdəlik üzrə tələb mübahisəsiz qaydada mövcud olsun, ən azından qarşılıqlı tələbin mövcudluğu mötəbər dəlillərlə öz təsdiqini tapa bilsin. Baxılan işdə isə cavabdehin artıq məbləğdə icarə haqqı ödəməsi faktı mötəbər və təkzib olunmaz dəlillərlə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi icarə haqqının ödənilməsi hissəsində əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi əsas borca (icarə haqqı tələbinə) münasibətdə tam təmin edilməlidir. Məhkəmə, iddia tələbini gecikdirilmiş günlərə görə cərimənin (dəbbə pulunun) tutulması hissəsində əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin və müqaviləyə əlavələrin şərtlərindən görünür ki, icarə haqqı üzrə ödənişlərin gecikdirilməsi halında ödənilməsi tələb olunan cərimə, öhdəliyi icra etməməyə və ya lazımınca icra etməməyə görə mülki məsuliyyət sanksiyası kimi nəzərdə tutulmuşdur. Mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan cərimə öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan cərimənin tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində cərimənin tətbiq edilməsi üçün əsas yaranır. Şərh olunanları baxılan işin müəyyən edilmiş fakriki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, cavabdeh icarə obyekti onun istifadəsində olduğu müddətdə öz öhdəliyini əsasən yerinə yetirmişdir. İşin hallarından müəyyən olunduğu kimi, bayram günləri zamanı boşdayanma halı ilə əlaqədar olaraq cavabdeh tərəfindən müvafiq ödəniş vaxtında və tam həcmdə həyata keçirilməmişdir. Cavabdehin borcunu qərəzli olaraq və ya kobud ehtiyatsızlıqdan ödəməməsi faktı isə iddiaçı tərəfindən sübut edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə məbləğinin cavabdehdən tutulması hissəsində əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci və 448.2-ci maddələrinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 43,6 manat məbləğində dövlət rüsumu (təmin edilmiş iddianın dəyərinə uyğun) cavabdehdən tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumu məbləği isə dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.1 və 114.2-ci maddələrinə müvafiq olaraq qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi üzrə pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, AİS-SRS-080224 saylı müqavilənin 2 saylı əlavəsi üzrə 2360 manat icarə haqqı borcu və ödənilmiş 43,6 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2403,6 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 81,45 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar