Məhkəmə qərarları › İş №e-2-2(121)-2218/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2218/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2218/2022 10.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı - əsas borc üzrə 764,64 manat və 17,75 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 782,39 manat məbləğdə borcun və 70 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 764,64 manat və 17,75 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 782,39 manat məbləğdə borcun və 70 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2022-ci il tarixində Cavabdeh oğlu ilə (bundan sonra, “Cavabdeh” və ya “İcarəçi”) İddiaçı ASC (indiki İddiaçı QSC) (bundan sonra “İddiaçı” və ya “İcarəyə verən”) arasında 001/22 saylı icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 22 ünvanında icarəyə verənin mülkiyyətində olan inzibati binanın üçüncü mərtəbəsində yerləşən 12.00 m2 sahə icarəçiyə icarəyə verilmişdir. Müqavilənin 1.2-ci maddəsinə əsasən, icarəçi hazırkı müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üçün müəyyən edilmiş icarə haqqını icarəyə verənə vaxtında ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən, icarə obyekti üzrə bir ay üçün icarə haqqı 12 m2 sahəyə 254,88 manat (216.00+38.88 (ƏDV 18%)) =254.88 manat) təşkil edir. Müqavilənin 2.4-cümaddəsinə əsasən, icarəçi aylıq hesab-faktura və elektron qaimə üzrə icarə haqqını avans olaraq cari ayın 5-nə kimi nağd və ya bank köçürməsi yolu ilə ödəyir. Müqavilənin 2.6-cı maddəsinə əsasən, icarəçi müqavilədə göstərilmiş ödəniş müddəti bitdikdən sonra 5 bank günündən artıq ödənişi gecikdirərsə, hər gecikdirilmiş gün üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1 və 449.1-ci maddələrinə uyğun olaraq müəyyən olunmuş qaydada 0.1% miqdarında dəbbə hesablanır. Müqavilənin 3.1-ci maddəsinə əsasən, hazırkı müqavilə üzrə icarə müddəti müqavilə imzalandığı tarixdən başlayaraq 12 ay müddətinə müəyyənləşdirilir. Müqavilənin 4.2 və 4.2.2ci maddələrinin tələblərinə görə, hazırkı müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı və digər xərclər üzrə ödənişləri vaxtında həyata keçirmək icarəçinin vəzifəsidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən, icarəçi hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 7 təqvim günü ərzində icarə obyektini, təbii aşınma və normal köhnəlmə vəziyyəti nəzərə alınmaqla komplektdə daxil olan ləvazimatlarla birlikdə təhvil-təslim aktı əsasında icarəyə verənə qaytarmalıdır. Müqavilənin 7.4 və 7.4.1-ci maddələrinin tələblərinə görə əgər icarəçi icarəyə verənin xəbərdarlığına baxmayaraq hazırki müqavilənin maddələrinə uyğun olmayan və icarəyə verənin hüquqlarını pozan istifadəni davam etdirərsə, o cümlədən, icarə obyektini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə saxlayarsa və ya təhlükəyə məruz qoyarsa, icarəyə verən xəbərdarlıq müddətini gözləmədən hazırkı müqaviləyə xitam verə bilər. Dəfələrlə yazılı olaraq xəbərdarlıq etmələrinə baxmayaraq, 08 iyun 2022-ci il tarixinə qədər mart, aprel və may ayları üzrə cəmi 764,64 manat məbləğində olan icarə haqqını cavabdeh hələ də ödəməmiş və təhvil-təslim etmədən öz əşyalarını götürərək xəbərsiz formada icarə obyektini tərk etmişdir. Bu səbəbdən icarəyə verən tərəfindən 01 iyun 2022-ci il tarixində müqaviləyə bir tərəfli qaydada xitam verilmiş və bununla bağlı icarəçinin hüquqi ünvanına, həmçinin elektron vergi kabinetinə bildiriş təqdim edilmişdir. Buna baxmayaraq, cavabdeh əsas borc üzrə 764,64 manat və 17.75 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 782,39 manat məbləğində borcu iddiaçıya hələ də ödəməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 08 iyun 2022-ci il tarixində isə cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən 17 iyun 2022-ci il tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq, cavabdeh borcun ödənişindən yayınmışdır və bununla müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də, təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 001/22 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 22 ünvanında yerləşən inzibati binanın üçüncü mərtəbəsində yerləşən 12 m2 olan sahə 12 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh icarəyə verilmişdir. Müqaviləyə əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə hər ay 254,88 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə obyektinin təhvil-təslim aktı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 22 ünvanında yerləşən inzibati binanın üçüncü mərtəbəsində yerləşən 12 m2 olan sahədə 1 ədəd kondisioner, 1 komplekt jalüz pərdə, komplekt ofis mebeli olmaqla İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin direktoru X1 və Cavabdeh arasında bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001/22 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh 782,39 manat borcu yaranmışdır. Odur ki, cavabdehə sonuncu dəfə müraciət edilərək, 782,39 manat məbləğində borcunun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı QSC -yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “ikin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür k, İddiaçı QSC ilkin mediasiya sessiyasında iştirak etmiş və 70 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı QSC ilə Cavabdeh arasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 22 ünvanında yerləşən inzibati binanın üçüncü mərtəbəsində yerləşən 12 m2 olan sahəsinin 12 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanılmışdır. Bundan sonra Cavabdeh hər ay 254,88 manat məbləğində icarə haqqını xx.xx.2022-ci il tarixindən xx.xx.2023-ci il tarixinədək iddiaçıya ödəməli olmasına baxmayaraq cavabdeh xx.xx.2022-ci il tarixinə qədər mart, aprel, may ayları üçün 764,64 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Belə olduğu təqdirdə iddiaçının icarə haqqının ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Odur ki, iddia 782,39 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin “70 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 70 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 17,75 manat penya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır və təmin edilməlidir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001/22 saylı icarə müqaviləsinin 2.6-cı yarımbəndinə əsasən, icarəçi hazırki müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödəniş etmədikdə gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1%-i həcmində cərimə tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 764,64 manat əsas borc, 17,75 manat dəbbə pulu və 70 manat məbləğində mediasiya xərci, cəmi 852,39 manat məbləğdə pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar