Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-223/2023 28.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 24 dekabr 2014-cü il tarixli müqavilə üzrə yaranmış 1934,05 cərimə borcunun, 23 yanvar 2015-cı il tarixli müqavilə üzrə yaranmış 8527,85 cərimə borcunun, 06 iyul 2015-cı il tarixli müqavilə üzrə yaranmış 31,51 manat faiz borcu və 3878,25 manat cərimə borcunun, 15 aprel 2016-cı il tarixli müqavilə üzrə yaranmış 27236,80 manat əsas məbləğ üzrə borcun, 43,35 manat faiz borcunun, 10 000 manat cərimə borcunun, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə yaranmış 21419,95 manat əsas məbləğ üzrə borcun, 33,94 manat faiz borcunun və 5000 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 (dörd yüz) manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manatın, cəmi: 78,805.70 (yetmiş səkkiz min səkkiz yüz beş manat, 70 qəpik) manat pul vəsaitinin cavabeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 24 dekabr 2014-cü il tarixli, 23 yanvar 2015-ci il tarixli, 06 iyul 2015-ci il tarixli, 15 aprel 2016-cı il tarixli və 21 noyabr 2016-cı il tarixli müqavilələr bağlanmışdır. Bu müqavilələr üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 24 dekabr 2014-cü il tarixli müqavilə üzrə 1934,05 cərimə borcu, 23 yanvar 2015-cı il tarixli müqavilə üzrə 8527,85 cərimə borcu, 06 iyul 2015-ci il tarixli müqavilə üzrə 31,51 manat hesablanmış faiz borcu, 3878,25 manat cərimə borcu, 15 aprel 2016-cı il tarixli müqavilə üzrə 27236,80 manat əsas məbləğ üzrə borc, 43,35 manat hesablanmış faiz borcu, 10 000 manat cərimə borcu, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə 21419,95 manat əsas məbləğ üzrə borc, 33,94 manat hesablanmış faiz borcu, 5000 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Sonradan iddiaçı “iddia həcminin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 24 dekabr 2014-cü il tarixli müqavilə üzrə yaranmış 1934,05 cərimə borcunun, 23 yanvar 2015-cı il tarixli müqavilə üzrə yaranmış 8527,85 cərimə borcunun, 06 iyul 2015-cı il tarixli müqavilə üzrə yaranmış 31,51 manat faiz borcu və 3878,25 manat cərimə borcunun, 15 aprel 2016-cı il tarixli müqavilə üzrə yaranmış 18584,80 manat əsas məbləğ üzrə borcun, 43,35 manat faiz borcunun, 10 000 manat cərimə borcunun, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə yaranmış 18219,95 manat əsas məbləğ üzrə borcun, 33,94 manat faiz borcunun və 5000 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 dröd) yüz) manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 çü) yüz) manatın, cəmi 66953,70 (altmış altı min doqquz yüz əlli üç manat, 70 qəpik) manat pul vəsaitinin cavabeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək iddia tələbi üzrə əsas və faiz borcunu qəbul etdiyini, lakin hesablanmış cərimə borcu ilə razılaşmadığını bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bütün sübutların məhkəməyə elektron qaydada təqdim edildiyini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, “iddia həcminin azaldılmasına dair” ərizəni və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtəri haqqında xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədi ilə "xxxx" MMC müvəkkil kredit təşkilatı seçilmişdir. Müvəkkil kredit təşkilatı üçün 100.000 manat həcmini aşmamaq şərti ilə ilkin kredit xətti müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtəri haqqında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədi ilə "xxxx" MMC müvəkkil kredit təşkilatı seçilmişdir. Müvəkkil kredit təşkilatı üçün 350.000 manat həcmini aşmamaq şərti ilə ilkin kredit xətti müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtəri haqqında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədi ilə "xxxx" MMC müvəkkil kredit təşkilatı seçilmişdir. Müvəkkil kredit təşkilatı üçün 100.000 manat həcmini aşmamaq şərti ilə ilkin kredit xətti müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtəri haqqında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədi ilə "xxxx" MMC müvəkkil kredit təşkilatı seçilmişdir. Müvəkkil kredit təşkilatı üçün 100.000 manat həcmini aşmamaq şərti ilə ilkin kredit xətti müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 5935 nömrəli məxaric xəzinə orderinin surətindən görünür ki, "xxxx" MMC-yə 50.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 6115 nömrəli məxaric xəzinə orderinin surətindən görünür ki, "xxxx" MMC-yə 30.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtəri haqqında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədi ilə "xxxx" MMC müvəkkil kredit təşkilatı seçilmişdir. Müvəkkil kredit təşkilatı üçün 50.000 manat həcmini aşmamaq şərti ilə ilkin kredit xətti müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 6512 nömrəli məxaric xəzinə orderinin surətindən görünür ki, "xxxx" MMC-yə 50.000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti (Aqrar Kredit və İnkişaf Agentliyi) ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında “Xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr bağlanmışdır. "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xx.xx.2014cü il tarixli müqavilə üzrə 1934,05 manat cərimə borcu, 23 yanvar 2015-ci il tarixli müqavilə üzrə 8527,85 manat cərimə borcu, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 31,51 manat faiz borcu, 3878,25 manat cərimə borcu, 15 aprel 2016-cı il tarixli müqavilə üzrə 27.236,80 manat əsas borcu, 43,35 manat faiz borcu, cərimə borcu 10.000 manat, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə 21419,95 manat əsas borcu, 33,94 manat faiz borcu, 5.000 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış müqavilələrə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda müqavilələr üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-yə xəbərdarlıq edilmişdir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı xx.xx.2014-cü il tarixli, 23 yanvar 2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, 15 aprel 2016-cı il tarixli və 21 noyabr 2016cı il tarixli müqavilələr üzrə hesablanmış əsas, faiz və cərimə borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış müqavilələrin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit alsa da kredit məbləğini iddiaçıya tam qaytarmamışdır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin müqavilələr üzrə hesablanmış cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 23 yanvar 2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, 15 aprel 2016-cı il tarixli və 21 noyabr 2016-cı il tarixli müqavilələrdən irəli gəlir. Yəni, iddiaçı həmin müqavilələrin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı Agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0.1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli müqavilə üzrə 193,40 manat, 23 yanvar 2015-ci il tarixli müqavilə üzrə 852,70 manat, 06 iyul 2015-ci il tarixli müqavilə üzrə 390 manat, 15 aprel 2016-cı il tarixli müqavilə üzrə 1.000 manat, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə 500 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 300 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 300 manat müəyyən olunmaqla Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 200 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2014-cü il tarixli müqavilə üzrə 193,40 manat cərimə borcu, 23 yanvar 2015-ci il tarixli müqavilə üzrə 852,70 manat cərimə borcu, 06 iyul 2015-ci il tarixli müqavilə üzrə 31,51 manat faiz borcu, 390 manat cərimə borcu, 15 aprel 2016-cı il tarixli müqavilə üzrə 18.584,80 manat əsas borc, 43,35 manat faiz borcu, 1.000 manat cərimə borcu, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə 18.219,95 manat əsas borc, 33,94 manat faiz borcu, 500 manat cərimə borcu, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat və hüquqi yardımla bağlı ödənilmiş 200 manat, ümumilikdə 40.449,65 (qırx min dörd yüz qırx doqquz manat, altmış beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-223/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-223/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver