Məhkəmə qərarları › İş №e-2-2(121)-2232/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2232/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2232/2024 29.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xanbaba oğlundan 6897 manat məbləğində pulun və 90 manat dövlət rüsumunun, cəmi 6987 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibakarlıqla məşqul olmaqla yaşadığı Lənkəran rayonu, Gərmətük qəsəbəsində yolun kənarında yanacaqdoldurma məntəqəsi vardır. Həmin yanacaqdoldurma məntəqəsində yanacaq və sürtgü məhsullarının satışı ilə məşqul olur. Yanacaq məhsullarını almaq üçün bankdan 200000 manat məbləğində kredit götürmüşdür. Elə vaxtlar olur ki, tanıdığı və etibar etdiyi adamlar nağd pulları olmayanda gəlib, yanacaq və sürtgü məhsullarını ondan nisyə də alırlar. Cavabdeh Xanbaba oğlu da həmin şəxslərdəndir ki, iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsindən qarşılıqlı razılıq əsasında 29 sentyabr 2021-ci il tarixindən 26 mart 2023cü il tarixinədək olan müddət aralığında 4529 manat dəyərində olan yanacaq məhsullarını alaraq pulunu hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh Xanbaba oğlu 4529 pulu vaxtında qaytarmadığı üçün iddiaçı həmin pula münasibətdə 2368 manat məbləğində kredit faizi ödəmişdir. Lakin Cavabdeh Xanbaba oğlu hazırda iddiaçıdan nisyə götürdüyü məhsulların dəyəri olan 4529 manat pulu və həmin pulu ona vaxtında ödəmədiyi üçün vurduğu 2368 manat ziyan olmaqla, ümumilikdə 6897 manat pulu ödəməkdən imtina edir. Dəfələrlə onunla danışıqlar aparmışdır, lakin o, hər dəfə bir bəhanə gətirərək borclu olduğu pulu ödəməkdən yayınır. Onun iddiaçıya borclu olmağını Cavabdeh Xanbaba oğlu özü və onun maşınlarını idarə edən sürücülərin imzası olan vərəqlər təsdiq edir. Bir daha qeyd edir ki, iddiaçı dəfələrlə cavabdeh X1 borcla bağlı şifahi xəbərdarlıqlar etmişdir və telefon vasitəsi ilə ona zənglər etmişdir, lakin o, borclu olduğu 6897 manat pulu könüllü olaraq qaytarmaq istəmir. Həmçinin bununla bağlı onun ünvanına 28 iyun 2024-cü il tarixdə rəsmi qaydada pretenziya göndərmişdir. Lakin bütün bunların heç bir nəticəsi olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd etdiyi hallar Cavabdeh Xanbaba oğlunun maşınlarını idarə edən sürücülərin imzası olan vərəqlərlə təsdiq olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, iddiaçıdan 3600 manat məbləğində yanacaq aldığını bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hər iki tərəf sahibkarlıq subyekti kimi dövlət reyestrində qeydiyyata alınmışlar. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş yanacağın nisyə satışı barədə məlumatları əks etdirən qeydlərdən görünür ki, cavabdeh tərəfindən müxtəlif tarixlərdə iddiaçıdan yanacaq alınmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən 4529 manat məbləğində borcun və 2368 manat məbləğində vurulmuş ziyanın ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ona məxsus olan yanacaqdoldurma məntəqəsində cavabdehə nisyə yanacaq məhsulları satdığını, cavabdehin aldığı yanacağın dəyərini tam ödəmədiyini iddia edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, iddiaçıya 3600 manat borcunun qaldğını bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı münasibətlərinin yarandığı, cavabdehin iddiaçıdan nisyə şəkildə yanacaq məhsullarını aldığı, həmin məhsulların minimal məbləğinin 3600 manat təşkil etdiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 4529 manat borc və həmin borcun vaxtında ödənilməməsi ilə əlaqədar vurulmuş 2368 manat ziyan olmaqla, ümumilikdə 6897 manat məbləğində borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin öhdəliyini icra etməyərək aldığı məhsulun qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəfindən aparılmış qeydlərə və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür. Cavabdeh iddia tələbini 3600 manat məvləğinə dair hissədə qismən qəbul etdiyini bildirsə də, tərəflərin iştirakı ilə məhkəmə iclasında həyata keçirilən sübutların tədqiqi nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə cavabdeh tərəfindən iddiaçıdan ümumilkdə cəmi 6608 manat məbləğində yanacaq məhsulunun alındığı tam sübut olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan məhsulların qiymətini təşkil edən 4529 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, cavabdeh nisyə aldığı yanacaq məhsulunun dəyərini iddiaçıya tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini borcun vaxtında ödənilməməsi ilə əlaqədar vurulmuş 2368 manat ziyan tutulması hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı həmin tələbi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehqarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 4529 manat məbləğində borc və ödənilmiş 90 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4619 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar