Məhkəmə qərarları › İş №e-2-2(121)-2272/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2272/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2272/2023 10.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh1 şərikli olaraq 16.568 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı eyni predmet barəsində, eyni əsasla olan və eyni məzmunlu iddia ərizələri eyni əsaslarla Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1895/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, e-2-2(121)-2141/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və e- 2-2(121)-2193/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadları ilə geri qaytarılmışdır. Həmin qərardadların çıxarılmasına (iddia ərizəsinin geri qaytarılmasına) əsas iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktublarının elektron qaydada cavabdehlərə göndərilməsi (çatdırılması və ya cavabdehlər tərəfindən alınması) haqqında sənədin iddia ərizəsinə əlavə edilməməsi olmuşdur. Məhkəmə müəyyən edir ki, iddiaçı hazırki iddia ərizəsinə də yuxarıda göstərilən sənədləri əlavə etməmiş, bununla da növbəti dəfə kommersiya mübahisələrinə dair iş üzrə iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə, iddia ərizəsinin mümkünlüyünə dair mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun iddiaçı tərəfindən elektron qaydada vergi ödəyicisi olan Cavabdeh1 (VÖEN: **********) və X1 (VÖEN: **********) çatdırılmasına dair sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda iddia ərizəsinin məhkəmə icraatı növbəti dəfə mümkün hesab edilməməlidir. Məhkəmə bir daha qeyd edir ki, iddia ərizəsi məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun qaydada təqdim edilməlidir. Əks halda həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməyəcək və iddia ərizəsi geri qaytarılacaqdır. Hazırki kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi üçün əməl edilməsi zəruri olan şərtlər belədir:

1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Yəni, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron qaydada cavabdehlərin elektron kabinetlərinə göndərilməlidir və bu barədə məlumat məhkəməyə təqdim olunan iddia ərizəsinə əlavə edilməlidir. Əgər cavabdehlərin elektron kabinetləri yoxdursa bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin cavabdehlərin Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə göndərməli və bu barədə məlumat məhkəməyə təqdim olunan iddia ərizəsinə əlavə edilməlidir.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Yəni, iddiaçı tərəfindən pretenziya məktubu elektron qaydada cavabdehlərin elektron kabinetlərinə göndərilməlidir və bu barədə məlumat məhkəməyə təqdim olunan iddia ərizəsinə əlavə edilməlidir. Əgər cavabdehlərin elektron kabinetləri yoxdursa bu halda 1-ci bənddə göstərilən qaydada pretenziya göndərilməli və bu barədə məlumat məhkəməyə təqdim olunmalıdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsində nəzərdə tutulur ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Yüksək keyfiyyətli hüquqi yardım isə peşə fəaliyyəti formasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan şəxslər (vəkillər) tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və digər sahəvi qanunvericilik aktlarının tələblərinə müvafiq qaydada həyata keçirilir. Məhkəmə, iddiaçıya pozulduğunu iddia etdiyi hüquq və qanuni mənafelərinin bərpa edilməsi üçün məhkəmə müdafiəsi hüququndan səmərəli istifadə edilməsi məqsədi ilə keyfiyyətli hüquqi yardım alması ilə əlaqədar vəkil yardımına müraciət etmək hüququnun olduğunu izah edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə

qəraraaldı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar