Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2273/2023 14.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair kommersiya mübahisəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 fevral 2018-ci il tarixli, “Az Kafe-dönərxana” adlı icarə müqaviləsi üzrə 8.933,34 manat məbləğində icarə haqqı, ona hesablanmış 798,05 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9.731,39 manat məbləğində pul tələbinin, habelə dövlət rüsumu olaraq ödənilmiş 18 manat, ödənilmiş 100 manat məbləğində mediyasiya xərcinin əvəzinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, “Az Kafe-dönərxana” adlı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 7 kv.metr ölçüsündə olan “Az Kafedönərxana” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 300 (üç yüz) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 14 sentyabr 2018-ci il tarixli 01 nömrəli Əlavə və dəyişikliyə əsasən, qeyd edilən müqavilə üzrə müəyyən edilmiş icarə haqqı 01 oktyabr 2018-ci il tarixdən 1.000 (bir min) manat (ƏDV daxil) məbləğində müəyyən edilmiş, müqavilənin qalan şərtləri dəyişdirilmədən saxlanılmışdır. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli,“Az Kafe-dönərxana” adlı icarə müqaviləsinə 29 aprel 2021-ci il tarixli 480 nömrəli əmr ilə xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 27 iyul 2023- cü il tarixli maliyyə arayışından da görünür ki, 01 fevral 2018-ci il tarixli, “Az Kafe-dönərxana” adlı icarə müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 8.933,34 (səkkiz min doqquz yüz otuz üç manat otuz dörd qəpik) manat, ona hesablanmış cərimə borcu 798,05 (yeddi yüz doxsan səkkiz manat beş qəpik) manat olmaqla, cəmi borc 9.731,39 (doqquz min yeddi yüz otuz bir manat otuz doqquz qəpik) manat məbləğindədir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir (qoşma ilə əlavə edilir). Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də iddiaçı tərəfindən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator vəkil təyin edilmişdir. Mediator vəkilin də çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi, Cavabdeh icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında 01 fevral 2018-ci il tarixli icarə müqaviləsini imzaladığını bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosessi, 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 7 m2 olan “Az kafe dönərxana” mağazası 11 (on bir) ay müddətinə, icarə haqqı aylıq 300 manat (ƏDV daxil) olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan 14 sentyabr 2018-ci il tarixli 01 nömrəli əlavə və dəyişiklikdən görünür ki, icarə haqqının məbləği xx.xx.2018-ci il tarixdən 1000 (bir min) manat (ƏDV daxil) müəyyən edilmişdir. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi haqqında aktın surətindən görünür ki, icarəçi icarə haqqını ödəmədiyi üçün müqaviləyə xitam verilmişdir. İşdə olan obyektin əməliyyat tarixçəsindən görünür ki, icarəçi tərəfindən ümumilikdə 21.900 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 8.933,34 manat, ona hesablanmış cərimə borcu 798,05 manat, cəmi 9.731,39 manat məbləğində təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fərdi sahibkar Cavabdeh ilə İddiaçı MMC arasında 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosessi, 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 7 m2 olan “Az kafe dönərxana” mağazası 11 (on bir) ay müddətinə, icarə haqqı aylıq 300 manat (ƏDV daxil) olmaqla Cavabdeh icarəyə verilmişdir. Sonradan həmin icarə müqaviləsinə dəyişiklik edilərək icarə haqqının məbləği xx.xx.2018-ci il tarixdən 1000 (bir min) manat (ƏDV daxil) müəyyən edilmişdir. 29 aprel 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi haqqında akta əsasən icarəçi icarə haqqını ödəmədiyi üçün müqaviləyə xitam verilmişdir. Məhkəmə, ilk öncə iddiaçının “hal-hazıradək ödənilməmiş 8.933,34 manat icarə haqqının ödənilməsi” tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin icarə müqaviləsinə əsasən Cavabdeh aylıq icarə haqqı üzrə 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Sonradan həmin müqaviləyə olunmuş əlavəyə əsasən 01 oktyabr 2018-ci il tarixindən aylıq icarə haqqı 1.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh hər ay 300 manat, xx.xx.2018-ci il tarixdən isə hər ay 1000 manat məbləğində icarə haqqını iddiaçıya ödəməli olmasına baxmayaraq cavabdeh icarə müqaviləsinə xitam verildiyi tarixə, yəni xx.xx.2022-ci il tarixinə olan 8.933,34 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışında, o cümlədən cavabdehin məhkəmə iclasında verdiyi izahatlarda cavabdehin ümumilikdə 21.900 manat ödəniş etdiyi müəyyən olunan hallar sırasındadır. Qeyd olunan ödənişlər iddiaçının təqdim etdiyi maliyyə arayışında da qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı icarə müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı 8.933,34 manat icarə haqqının cavabdehdən tələb etməsi əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qeyd olunan Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Belə olduğu təqdirdə iddiaçının icarə haqqının ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Odur ki, iddia 8.933,34 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 798,05 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 798,5 manat deyil, 80 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin iddianın 100 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, cavabdehdən 100 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunverciliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, cavabdehdən 18 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə 8.933,34 manat məbləğində əsas borc, 80 manat məbləğində cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat və 100 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 9.131,34 (doqquz min yüz otuz bir manat, otuz dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia 718,05 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması hissəsində təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2273/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2273/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver