Məhkəmə qərarları › İş №e-2-2(121)-2289/2025

Şirvan Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(121)-2289/2025

17.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2289/2025 17.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 4104,89 (dörd min yüz dörd səksən doqquz qəpik) manat borcun, 62 (altmış iki) manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə iddiaçı "xxxx" MMC arasında malların “Alqı- satqısı” barədə razılıq əldə olunmuşdur. Həmin razılaşmaya əsasən cavabdeh iddiaçıdan müxtəlif dövrlərdə tikinti sahəsinə aid malları satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən həmin malların dəyəri ƏDV daxil olmaqla nəğdsiz qaydada ödənilməli idi. Bununla əlaqədar olaraq iddiaçı cavabdehə Vergilər Nazirliyinin elektron sistemindən elektron qaimə-faktura göndəmişdir. Cavabdeh isə razılaşmaya əsasən öhdəliyi icra etmədiyindən cavabdehin iddiaçıya 4104,89 manat borcu yaranmışdır. Buna dair cavabdehə VÖEN üzərindən qanunvericiliyin tələbinə uyğun pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh həmin pretenziya məktubunada cavab verməmişdir. Bu halda iddia ərizəsi qanuni və əsaslıdır, iddia tələbində tələb edilən məbləğin tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının razılığını nəzərə nəzərə alaraq, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İş materiallarında olan EBDO 745753 nömrəli, xx.xx.2023-cü il tarixli (8408,63 manat), və EBDO 907804 nömrəli və xx.xx.2023-cü il tarixli (2145,24 manat), malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan və cavabdehin sifariş etdiyi malların siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10.553,87 manat məbləğində mallar təqdim edilmişdir.

10. İş materiallarında olan "xxxx" MMC tərəfindən AzeStellCompany” ASC-nin ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə AzeStellCompany” ASC arasında bağlanılmış Alqı-satqı müqaviləsi üzrə yaranmış 4104,89 manat borcun 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə AzeStellCompany” ASC məlumatlandırılmışdır.

11. ********** qəbzən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 61,60 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

16. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında faktiki alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, iş materiallarından görünür ki, iddiaçı trəfindən cavabdehə EBDO 745753 nömrəli, xx.xx.2023-cü il tarixli (8408,63 manat) və EBDO 907804 nömrəli və xx.xx.2023cü il tarixli (2145,24 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin elektron qaiməfakturalar ləğv olunmamışdır.

17. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.

18. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin sübut olunduğu qənaətinə gəlir və iddiaçının cavabdeh "xxxx" ASC-dən 4104,89 (dörd min yüz dörd səksən doqquz qəpik) manat borcun tutulmasını tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia həmin hissədə təmin edilməlidir.

19. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 4104,89 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

20. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 61,60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 241, 242, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 4104,89 (dörd min bir yüz dörd manat, səksən doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 61,60 (altmış bir manat, altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) ərizə verə bilər. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar