Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2291/2024 19.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı icarə haqqı borcunun ödənilməsi barədə kiçik iddiaya dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ASC-yə qarşı cavabdehdən 1.237,35 manat məbləğində icarə haqqı üzrə borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 226.7 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2423/962 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 1.237,35 manat icarə haqqı borcu vardır. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh ASC arasında bağlanmış 2423/962 nömrəli, xx.xx.2022-ci il tarixli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilə”nin surətindən görünür ki, ünvan 2 ünvanındakı 226,7 kv.m qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 222,39 manat təşkil etməklə xx.xx.2023-cü il tarixədək cavabdehə icarəyə verilmişdir. İş materiallarına əlavə edilən şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh ASCnin cəmi ödənilməli icarə haqqı borcu 1.237,35 manat təşkil edir. İş materiallarında olan dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi haqqında xəbərdarlıq (bildiriş) məktubundan görünür ki, Cavabdeh ASC-yə xx.xx.2023cü il tarixə dövlət büdcəsinə ödənilməmiş icarə haqqı borcunun olması bildirilmiş, borcun 7 iş gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, cavabdehin icarə haqqı üzrə borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasında dövlət əmlakından səmərəli istifadə olunmasını təmin etmək və onun icarəyə verilmə mexanizmini təkmilləşdirmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən hallar, habelə dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar, həmçinin turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələri və ya onların hissələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilsin. Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hesab olunsun. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınar əmlakın və Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı ilə həyata keçirilsin. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakın icarəyə verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və həmin əmlakın icarəyə verilməsindən alınan icarə haqqının nizamnamə kapitalındakı dövlətin payına mütənasib hissəsi dövlət büdcəsinə köçürülür. 2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icarəçilərin iştirakı ilə icarə haqqının məbləğinə yenidən baxsın və icarə haqlarının vaxtlı-vaxtında müvafiq büdcələrə köçürülməsi üçün lazımi tədbirlər həyata keçirsin. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 586 nömrəli, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə” Dövlət Proqramının 8.1-ci bəndinə əsasən, daşınmaz dövlət əmlakı obyektlərinin mülki dövriyyəyə cəlb edilməsinə və öz təyinatına uyğun olaraq səmərəli istifadəsinə nail olmaq məqsədi ilə Dövlət Xidməti qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz dövlət əmlakı obyektlərini fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verir. Məhkəmə hesab edir ki, dövlətə məxsus olan daşınmaz əmlakdan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin hüquqlarına aid edildiyindən, iddiaçı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə hesab edir ki, cavabdeh icarə müqavilə(lər)si əsasında daşınmaz əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş icarə haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh icarə haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, icarə haqqının ödənilməsinə dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 32,37 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü madəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 1.237,35 manat məbləğində icarə haqqı üzrə borc Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. 32,37 manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2291/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2291/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver