Məhkəmə qərarları › İş №e-2-2(121)-2298/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2298/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2298/2023 20.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu – İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi barədə iddia ərizəsini Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-in xeyrinə xx.xx.2019-cu tarixli kredit müqaviləsi üzrə 24176.08 manat əsas, 26512.34 manat faiz və 6947.97 manat cərimə borcu, xx.xx.2022-cu il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1300.85 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə cəmi 58937.24 manat borcun, 266.81 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişi və dövlət rüsumunun), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın X1 mülkiyyətindəki Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 41 №-li ünvanında 0.06 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 203.8 kv.m, 1 mərtəbəli, 5 otaqlı, 113.5 kv.m yaşayış, 90.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 41 №-li ünvanında 0.06 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 203.8 kv.m, 1 mərtəbəli, 5 otaqlı, 113.5 kv.m yaşayış, 90.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli Baş kredit müqaviləsinə əsasən X2 İddiaçı ASC-nin “Lənkəran” filialından illik 36%-lə 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2019-cu il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən X3 İddiaçı ASC-nin “Lənkəran” filialından illik 25%-lə 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X1 mülkiyyətindəki ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 203.8 kv.m, 1 mərtəbəli, 5 otaqlı, 113.5 kv.m yaşayış, 90.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il sentybarın 1-dək X1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 24176.08 manat əsas, 26512.34 manat faiz və 27791.86 manat cərimə borcu və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1300.85 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə cəmi 79781.13 manat borcu vardır. X1 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 27791.86 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 6947.97 manat məbləğində tələb olunur. xx.xx.2020-ci il tarixli Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Lənkəran şəhər İcra hakimiyyəti başçısının Lənkəran şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2, Cavabdeh4, X6, X5, Cavabdeh3 X1 faktiki vərəsələridir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2, Cavabdeh4, X8, Cavabdeh3 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Cavabdeh2, Cavabdeh4, X8, Cavabdeh3 bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı ASC Cavabdeh2, Cavabdeh4, X8, Cavabdeh3 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 fərdi sahibkar statusuna malik olan fiziki şəxslər olsalar da hazırki mübahisə onların ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibklarlıq fəaliyyətindən irəli gəlməmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, mübahisə predmeti olan kredit və ipoteka müqavilələri X3 arasında bağlanmışdır. Həmin şəxs isə xx.xx.2020-ci il tarixində ölmüşdür. Məhkəmə hesab edir ki, hazırki mübahisə hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından hazırki iş üzrə 3-cü meyar olan “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Bundan əlavə, məhkəmə işdə olan sənədlərə əsasən qeyd edir ki, mediasiya prosesi iş üzrə cavabdeh olan Cavabdeh3 ilə keçirilməmişdir. Halbuki, mediasiya prosesi iş üzrə bütün mübahisə tərəfləri arasında keçirilməlidir. Lakin, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl iş üzrə digər cavabdeh olan Cavabdeh3 aralarında mediasiya prosesində iştirak tələbinə riayət edilməsinə dair müvafiq təsdiqedici sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh3 ilə aralarında mediasiya prosesində iştirak tələbinə riayət edilməsinə dair müvafiq təsdiqedici sənəd məhkəməyə təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, məhkəmə bildirir ki, iş materiallarından iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin elektron qaydada fərdi sahibkar statusuna malik olan Cavabdeh2 (VÖEN: **********) göndərildiyi və həmin sənədlərin Cavabdeh2 tərəfindən alındığı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar