Məhkəmə qərarları › İş №e-2-2(121)-23/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-23/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-23/2023 29.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi X4 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı kredit müqavilə üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1nə qarşı - 8968.50 (səkkiz min doqquz yüz altmış səkkiz manat, 50 qəpik) manat əsas, 2345.78 (iki min üç yüz qırx beş manat, 78 qəpik) manat faiz, 12196.90 (on iki min bir yüz doxsan altı manat, 90 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1322.50 (bir min üç yüz iyirmi iki manat, 50 qəpik) manat faiz borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh1 MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müaciət etmişdir. İddiaçı sonradan “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 8968.50 (səkkiz min doqquz yüz altmış səkkiz manat 50 qəpik) AZN əsas, 2345.78 (iki min üç yüz qırx beş manat 78 qəpik) AZN faiz, 12196.90 (on iki min bir yüz doxsan altı manat 90 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1322.50 (bir min üç yüz iyirmi iki manat 50 qəpik) AZN faiz borcu olmaqla, ümumilikdə 24833.68 (iyirmi dörd min səkkiz yüz otuz üç manat 68 qəpik) AZN məbləğində borcun, ilkin mediasıya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına; Cavabdeh2 cavabdeh kimi işə cəlb edilməsinə; Tutmanın Cavabdeh2 məxsus olan İmişli rayonu, Xoşçobanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə; Yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına; Satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC tutulmasına; İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 MMC arasında 19 may 2016-cı il tarixli 011T05160244 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 6 (altı) faiz dərəcəsindən çox olmamaq şərti ilə 36 (otuz altı) ay müddətinə 9000 (doqquz min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh1 MMC ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 2022-15915 nömrəli xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********263 saylı 10 mart 2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 MMC-nin kredit üzrə cəmi borcu 24833.68 (iyirmi dörd min səkkiz yüz otuz üç manat 68 qəpik) manat təşkil edir. Bundan 8968.50 (səkkiz min doqquz yüz altmış səkkiz manat 50 qəpik) manat əsas, 2345.78 (iki min üç yüz qırx beş manat 78 qəpik) manat faiz, 12196.90 (on iki min bir yüz doxsan altı manat 90 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1322.50 (bir min üç yüz iyirmi iki manat 50 qəpik) manat faiz borcu təşkil edir. Mövcud kredit öhdəliyinin təminatı kimi Cavabdeh2 məxsus İmişli rayonu, Xoşçobanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixli, İP011T05160244 saylı İpoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh1 MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli olan ümumilikdə 24833.68 (iyirmi dörd min səkkiz yüz otuz üç manat 68 qəpik) AZN məbləğində borcun və ilkin mediasıya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərcin tutulması, tutmamn Cavabdeh1 MMC-yə məxsus İmişli rayonu, Xoşçobanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayı evinə yönəldilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X7 izahat verərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin artırılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz olmaqla torpaq sahəsində tütünün əkilməsi məqsədi ilə 36 ay müddətinə 9.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətinindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı tərəfindən Cavabdeh1 MMC-yə 9.000 manat kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış İP 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən, İmişli rayonu, Xoşçobanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4 kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli rayonu, Xoşçobanlı kəndi, fərdi yaşayış evi, 0.12 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 11 aprel 2022-ci il tarixinə 8.968,50 manat məbləğində əsas borc, 12.196,90 manat məbləğində cərimə borcu, 2.345,78 manat faiz, 1.322,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 24.833,68 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İmişli Regional “Asan Xidmət” Mərkəzində olan notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli, 230 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh2, X22 və X1 yerləşən fərdi yaşayış evində yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İmişli Regional “Asan Xidmət” Mərkəzində olan notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işindən görünür ki, X8, həyat yoldaşı Cavabdeh2 məxsus olan İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən 2011-ci il tarixdə tikilən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4. kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 (iki) otaqlı fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə Dəmirbank ASC-nin İmişli filialında ipoteka qoyulmasına razı olduğunu, ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürdüyünü qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İmişli Regional “Asan Xidmət” Mərkəzində olan notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İmişli Rayonu İcra Hakimiyyəti başçısının 23 may 2016cı il tarixli, 82 nömrəli sərəncamının surətindən görünür ki, İmişli rayonu, Xoşçobanlı kənd sakini X14 onunla birgə yaşayan, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirmək iqtidarında olmayan bacıları X17 və X22 üzərində patronaj (köməkçi) təyin edilməsi, X11 və X15 hüquqlarını həyata keçirməsində və müdafiə etməsində müvafiq köməklik göstərmək qardaşı X9 tapşırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İmişli Regional “Asan Xidmət” Mərkəzində olan notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işindən görünür ki, X17, qardaşı Cavabdeh2 məxsus olan İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən 2011-ci il tarixdə tikilən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4. kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 (iki) otaqlı fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə Dəmirbank ASC-nin İmişli filialında ipoteka qoyulmasına razı olduğunu, ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürdüyünü qeyd etmişdir. Həmin ərizəni X17 əvəzinə İmişli Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 82 nömrəli sənəd əsasında nümayəndəsi Cavabdeh2 imza etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İmişli Regional “Asan Xidmət” Mərkəzində olan notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işindən görünür ki, X22, qardaşı Cavabdeh2 məxsus olan İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən 2011-ci il tarixdə tikilən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4. kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 (iki) otaqlı fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə Dəmirbank ASC-nin İmişli filialında ipoteka qoyulmasına razı olduğunu, ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürdüyünü qeyd etmişdir. Həmin ərizəni X22 əvəzinə İmişli Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 82 nömrəli sənəd əsasında nümayəndəsi Cavabdeh2 imza etmişdir. İş materiallarında olan Cavabdeh2 nümayəndəsi X10 tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddia tələbini Cavabdeh2 aid hissədə qəbul etmədiyini bildirmişdir. O, etirazında mövcud kredit öhdəliyinin təminatı kimi Cavabdeh2 məxsus İmişli rayonu, Xoşçobanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 24 may 2016-cı il tarixli, İP011T05160244 saylı ipoteka müqaviləsinə əsasında bank qarşısında ipoteka ilə yüklü edildiyini qeyd etmişdir. Sözügedən fərdi yaşayış evi ipoteka ilə yüklü edilərkən evdə passport qeydiyyatda olan Gülüstan Quliyevanın, Azər Paşayevin, Tahirə Quliyevanın razılığı alınmamışdır. Bundan başqa orada qeydiyyatda olmuş və vəfat etmiş Gülüsüm Paşayevanın payı da ayrılmamışdır. Götürülən 9000 manat kredit Dəmirbank İmişli filialının həmin vaxt rəhbəri olan Ramin və krediti götürən Qasımov Z. arasında bölüşdürülmüşdür. Ona görə də Dəmirbank ləğv olunaraq Əmanətlərin sığortalanması fonduna verilənə kimi kredit borcunu tələb edən olmamışdır. İpoteka müqaviləsində müqavilənin müddəti 3 il nəzərdə tutulmuşdur. Aradan isə 7 il keçmişdir. İddia müddəti də bitmişdir. Bundan başqa problemli kreditlərin rekturizasıyası ilə bağlı fərman da vermişdir. Qeyd edilən ipoteka müqaviləsi də həmin fərmanın təsiri altına düşmüşdür. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış 16 yanvar 2023-cü il tarixli vəsatətdə 2024-cü ilin dekabr ayına kimi işin baxılmadan saxlanılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh vəsatətini aşağıda qeyd etdiyi faktlarla əsaslandırmışdır.1) Xoşçobanlı kəndindəki 2 otaqlı yaşayış evimin ipoteka predmeti edildiyi vaxt həmən evdə tam mülkiyyət hüququ olan X23, X11 və X15 mülkiyyət hüquqları İddiaçı rəhbərliyi tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, onların razılığı olmadan həmin mülk ipoteka predmeti edilmişdir ki, bu hal tamamilə qanunazidd hərəkətdir. 2) Həyat yoldaşım X6 həmən evdə mülkiyyət hüququ olmadığı halda ondan razılıq alınmışdır, əslində bu sənəd özü Bank tərəfindən qəsdən, bilərəkdən qeyri-qanuni olaraq saxta bir sənəddir və nigahımızın olması onun mülkiyyətçi olmasına əsas yarada bilməz. 3) Dövlət həmin evi tikib bizə yardım edərkən mülkiyyətçilərin eyni hüquqlu, yəni ümumi mülkiyyətinə verilməsi barədə istismar aktı vermişdir ki, həmin akt mövcuddur və aidiyyəti təşkilatdan məhkəmə tələbi vasitəsi ilə almaq mümkündür. 4) Fiziki şəxslərin problemli kreditlərinin tənzimlənməsi barədə cənab Prezidentimizin 2018-ci il fevral ayında verdiyi məlum fərmanın təsiri altına düşdüyünə görə, həmin kredit restrukturizasiya edilməli idi, Bank rəhbərliyi həmin fərmandan irəli gələn tələbləri kobud surətdə pozub və restrukturizasiya əməliyyatını həmin kreditə tətbiq edilməyib, faizlərin silinməsi, yeni müqaviləyə əsasən qalan əsas qalıq borcunun 5 illiyə müddətini artırılmasını təmin etməmişdir ki, bu da nəticə etibarı ilə qanunazidd və ölkə başçısının fərmanının əleyhinə çıxmaq qədər qeyri-qanuni hərəkətdir. 5) Krediti alan "xxxx" MMC-nin nümayəndəsi krediti alandan onun vəfat etdiyi günə qədər İddiaçı rəhbərliyi tərəfindən heç vaxt monitorinqlər keçirilməmiş və X16, həmin krediti təyinatı üzrə xərcəyib xərcləməməsi habelə onun həmin krediti ödəmədiyi barədə mənə heç bir rəsmi məlumat verilməməsi hallarıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11 aprel 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/6504 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən müqavilə müddəti bitdiyi xx.xx.2019-cu il tarixə əsas borcu üzrə 8.968,50 manat, faiz borcu üzrə 916,27 manat; müqavilə müddəti bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 1353,99 manat təşkil etmişdir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlakın qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlakın dəyərinin müəyyən etmək üçün xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu, Xoşçobanlı kəndində, 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 58.1 kv.m., yaşayış 31.4 kv.m, yardımçı sahə 22.6 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin bazar dəyərinin 14.525 manat, likvid dəyərinin 13.798 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh1nə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında sözügedən kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu, Xoşçobanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4 kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6504 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsində əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6504 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin 8.968,50 manat əsas, 916,27 manat faiz borcunun və 1.322,50 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borcun tutulması və müqavilə müddətdi bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində iddia tam, faiz hissəsində isə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, qeyd olunan Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabeh həmin müqavilələrə əsasən öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən də Cavabdeh1 iddiaçıya 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcu yaranmışdır. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını Cavabdeh1 MMC-dən tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında İP 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Yuxarıda sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh2 məxsus İmişli rayonu, Xoşçobanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4 kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına 011T05160244 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır və qeyd edilən fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Çünki, fərdi yaşayış evi ipotekaya qoyulmuşdur və borc ödənilmədiyi təqdirdə ipoteka qoyan ipoteka predmeti olan əmlakdan çıxacağını və boşaldılmasını öhdəsinə götürmüşdür. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan başqa, “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilməməsi iddiaçıya bu cür tələb irəli sürməyə maneə olmur. Əksinə bu cür vəziyyətdə buna bir zərurət yaranır. Çünki, ipoteka qoyan və onların ailə üzvləri yaxud digər şəxslər əmlaka tutma yönəldikdən sonra və həmin əmlak satıldıqdan sonra əmlakı tərk etməlidirlər. Həmin əmlakda yaşayarkən və ya fəaliyyət göstərərkən sözsüz ki, yaşayış və fəaliyyət üçün lazım olan əşyalar da həmin əmlakda olur. Cavabdeh2 əmlakı tərk edərkən təbii ki, özlərinə məxsus müxtəlif əşyaları da həmin əmlakdan çıxartmalıdırlar və sözsüz ki, bu zaman ipoteka predmeti də həm insanlar, həm də fiziki baxımdan boşaldılmış vəziyyətə gəlir. Başqa sözlə, “İpoteka haqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün əmlaka tutma yönəldilməli və o satılmalıdır. Digər tərəfdən, əmlak satıldıqdan sonra onun mülkiyyətçi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçının əmlakın ona təhvil verilməsini tələb etməsi əsassızdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1ndən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, eyni zamanda Cavabdeh2 və onun nümayəndəsi X5 iddiaya dair etirazlarına münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə, etirazın ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan daşınmaz əmlakda passport qeydiyyatında olan şəxslərin razılığının alınmamasına münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İmişli Regional “Asan Xidmət” Mərkəzində olan notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işində olan ərizədən Quliyeva (Rəcəbova) Gülüstan Əliheybər qızının Cavabdeh2 məxsus olan İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən 2011-ci il tarixdə tikilən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4. kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 (iki) otaqlı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə Dəmirbank ASC-nin İmişli filialında ipoteka qoyulmasına razı olduğu, ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyinə dair öhdəlik götürdüyü müəyyən olunur. Həmin ərizə Quliyeva (Rəcəbova) Gülüstan Əliheybər qızı tərəfindən şəxsən imzalanmışdır. Bundan başqa, həmin notariat işində olan digər ərizələrdən sözügedən daşınmaz əmlakda qeydiyyatda olan X11 və X15 Cavabdeh2 məxsus olan İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən 2011-ci il tarixdə tikilən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4. kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 (iki) otaqlı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə Dəmirbank ASC-nin İmişli filialında ipoteka qoyulmasına razı olduqları, ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərinə dair öhdəlik götürdükləri müəyyən olunur. Həmin ərizələri X11 və X15 əvəzinə İmişli Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 82 nömrəli sərəncamı əsasında X11 və X15 üzərində patronaj (köməkçi) təyin edilmiş Cavabdeh2 tərəfindən imzalanmışdır. Göründüyü kimi, ipoteka müqaviləsi bağlanarkən həm ipoteka qoyanın arvadı, həm də fərdi yaşayış evində qeydiyyatda olan şəxslər daşınmaz əmlakın ipoteka qoyulmasına razı olmuş və ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərinə dair öhdəlik götürmüşlər. Mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Məhkəmə bununla bağlı qeyd edir ki, Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Bununla bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 noyabr 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə eyni zamanda mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Cavabdeh2 nümayəndəsi X10 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Ona görə ki, nümayəndə ərizə ilə deyil, etirazda digər dəlillərlə birgə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan da göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ayrıca yazılı ərizə formasında ərizə təqdim etmədiyindən (bunu yalnız etirazında bildirmişdir), iddia, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Məhkəmə, etirazda qeyd edilən digər dəlilə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə yalnız fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə cavabdeh, yəni kredit götürən hüquqi şəxsdir. Etirazda qeyd olunan Fərmanın hüquqi şəxslərə tətbiq edilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə, Cavabdeh2 işin 2024-cü ilin dekabr ayına kimi baxılmadan saxlanılmasına dair vəsatətinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, Mülki Prosessual Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və digər müvafiq qanunvericilik aktlarında isə vəsatətdə qeyd edilən hallarla bağlı işin baxılmadan saxlanılması nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 172-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 4 ay müddətinə işə baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Eyni zamanda, işin baxılma müddətinin 2 aydan artıq olmayan müddətə uzadılması halı ilə bağlı zərurət məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh2 vəsatətində qeyd etdiyi digər hallar onun nümayəndəsinin etirazında qeyd etdiyi hallarla uyğunluq təşkil etdiyindən məhkəmə həmin hallara yenidən münasibət bildirməyi zəruri hesab etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Cavabdeh2 və onun nümayəndəsinin etirazlarında qeyd etdiyi dəlilləri əsassız hesab edir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia qismən təmin edildiyindən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat Cavabdeh1ndən iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manatı Cavabdeh1ndən, 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə təyin edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 250 (iki yüz əlli) manatı Cavabdeh2, 250 (iki yüz əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 8.968,50 manat məbləğində əsas borc, 916,27 manat məbləğində faiz borcu, 1.322,50 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 1.220 manat məbləğində cərimə borcu, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsum olmaqla, ümumilikdə 12.672,27 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu, Xoşçobanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4 kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İmişli rayonu, Xoşçobanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4 kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 13.798 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan ümumilikdə 12.672,27 manat məbləğində borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. İmişli rayonu, Xoşçobanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58.1 kv.m., yaşayış sahəsi 31.4 kv.m., yardımçı sahəsi 22.6 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan sonra 1 (bir) ay ərzində həmin fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manatı Cavabdeh1ndən, 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X13, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 250 (iki yüz əlli) manatı Cavabdeh2, 250 (iki yüz əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ((Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar