Məhkəmə qərarları › İş №e-2-2(121)-2329/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2329/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2329/2022 29.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 MMC-yə qarşı cavabdehlərdən 06 yanvar 2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsi üzrə kreditə görə 87.827,64 manat, faiz borcuna görə 3.452,37 manat, cərimə borcuna görə 1.785,36 manat, cəmi 93.065,37 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 06 yanvar 2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsi üzrə kreditə görə 87.827,64 manat, faiz borcuna görə 3.452,37 manat, cərimə borcuna görə 1.785,36 manat, cəmi 93.065,37 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 200.000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1.1-ci maddəsi). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 06 yanvar 2021-ci il tarixdə İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər 06 yanvar 2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyırlar. 06 yanvar 2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kreditlər üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2022-ci il tarixli X2 Barədə Təklif məktubuna əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həll edilməsi təklif edilmişdir. Lakin borclular ilkin mediasiya sessiyasına dəvət edilsələr də, iştirak etməmişlər. Bu barədə 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli, MŞB/9-00248 nömrəli arayış təqdim edilmiş və 400 manat mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehlərin xx.xx.2022-ci il tarixinə 06 yanvar 2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 87.827,64 manat, faiz borcuna görə 3.452,37 manat, cərimə borcuna görə 1.785,36 manat, borcun cəmi məbləği 93.065,37 manat təşkil edir. 06 yanvar 2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklər borclular tərəfindən icra edilmədiyi halda, borcun 85 faizinin ödənilməsinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2020-ci il tarixli, 234/2020 nömrəli Zəmanət məktubuna əsasən zəmanət verilmişdir. İddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixli ərizə verilmiş və ərizədə qeyd olunmuşdur ki, borclular tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət olunan tarixdən sonra 14.000 manat ödəniş edilmiş, həmin məbləğdən də 400 manatı mediasiya xərci kimi bank tərəfindən ödənilmiş xidmət haqqının qaytarılmasına, 13.600 manatı isə əsas kredit borcundan silinmiş, cavabdeh "xxxx" MMCnin RB/KF-006 saylı kredit müqaviləsi üzrə əsas borcunun 74227,64 manat, faiz borcunun 6380,18 manat, dəbbə borcunun 4874,66 manat olmaqla, cəmi borcunun 85482,48 manat olmasını nəzərə alaraq, cavabdehlərdən həmin pulun tutularaq "xxxx" ASC-nə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərardadı ilə qeyd olunan ərizənin MPMnin 53-cü maddəsinin tələblərinə cavab vermədiyi üçün icraata qəbul olunmasından imtina edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 MMC-yə illik 18 faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 MMC-yə 200.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/KF-006 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/KF-006 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/KF-006 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-5930 saylı maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 06 yanvar 2021-cu il tarixli, RB/KF-006 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 87.827,64 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 3.452,37 manat, cərimə borcu 1.785,36 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 93.065,37 manat təşkil edir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 06 yanvar 2021-cu il tarixli, RB/KF- 006 saylı kredit müqaviləsi üzrə borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, borclular tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət olunan tarixdən sonra 14.000 manat ödəniş edilmiş, həmin məbləğdən də 400 manatı mediasiya xərci kimi bank tərəfindən ödənilmiş xidmət haqqının qaytarılmasına, 13.600 manatı isə əsas kredit borcundan silinmiş, cavabdeh "xxxx" MMC-nin RB/KF-006 saylı kredit müqaviləsi üzrə əsas borcunun 74227,64 manat, faiz borcunun 6380,18 manat, dəbbə borcunun 4874,66 manat olmaqla, cəmi borcunun 85482,48 manat olmasını nəzərə alaraq, cavabdehlərdən həmin pulun tutularaq "xxxx" ASC-nə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh "xxxx" MMC-nin RB/KF-006 saylı kredit müqaviləsi üzrə 74.227,64 manat əsas borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia qismən tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, qeyd olunan Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabeh həmin müqaviləyə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh2 MMC-nin iddiaçıya xx.xx.2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsinə əsasən 74.227,64 manat əsas, 3.452,37 manat faiz borcu yaranmışdır. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Buna görə də iddianın xx.xx.2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsinə əsasən 74.227,64 manat əsas, 3.452,37 manat faiz borcun ödənilməsinə dair hissəsi iş materialları ilə tam sübut olunduğundan iddia əsas borc hissəsində qismən, faiz borcu hissəsində tam təmin edilməlidir. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 MMC kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Cavabdeh2 MMC-nin iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 MMC-nin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 1.785,36 manat məbləğində deyil, 180 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 24 avqust 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödəmiş və xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, borclular tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət olunan tarixdən sonra 14.000 manat ödəniş edilmiş, həmin məbləğdən də 400 manatı mediasiya xərci kimi bank tərəfindən ödənilmiş xidmət haqqının qaytarılmasına yönəldilmişdir. Odur ki, həmin hissədə də iddia təmin olunmamalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “X2 barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “X2 barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən xx.xx.2021-ci il tarixli, RB/KF-006 saylı kredit müqaviləsinə əsasən 74.227,64 manat əsas borc, 3.452,37 manat faiz borcu, 180 manat cərimə borcu olmaqla, ümumilikdə 77.860,01 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar