Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2338/2025 15.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli KM-İM-44/23 saylı İcarə müqaviləsin əsasən, 2800 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 200 manat olmaqla, cəmi 3000 manat məbləğində icarə haqqı borcu, habelə 50 manat məbləğində ödənilmiş dövlət rüsumun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC (“İcarəyə verən”) və cavabdeh "xxxx" MMC (“İcarəçi”) arasında bağlanan KM-İM-44/23 saylı icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev pr. Ev 38 ünvanında yerləşən soyuducu anbarın müəyyən hissəsini (20 m ) icarəyə verməyi, “İcarəçi” isə, Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, Aylıq icarə haqqı 560 AZN (ƏDV daxil) təşkil edir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərti ilə “İcarəçi” tərəfindən “İcarəyə verən”ə ödənilməlidir. Müqavilənin 4.5-ci maddəsinə əsasən, İcarəçi tərəfindən bir ay ərzində saxlanılan malların miqdarı 20 tondan artıq olarsa, artıq olan hər bir ton üçün aylıq 28 AZN (ƏDV daxil) olmaqla əlavə hesablanacaq. Müqavilənin 7.1.2-ci maddəsinə əsasən, Bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 4-cü maddəsində göstərilən bütün xərcləri vaxtlı-vaxdında ödəmək İcarəçinin vəzifəsidir. "xxxx" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib anbar sahəsini icarəyə verməsinə baxmayaraq, "xxxx" MMC üzərinə düşən öhtəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2023-cü il tarixli KM-İM-44/23 saylı müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. Bu barədə "xxxx" MMC-yə dəfələrlə məlumat verməyimizə baxmayaraq “İcarəçi”nin hələ də müqavilə üzrə 2800 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 200 AZN olmaqla, cəmi 3000 AZN borcu qalmışdır. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuşdur və cavabdeh - Seriya EBDF, 487710 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində üzrə 563.16 manat icarə haqqı ödənilmişdir; İddiaçı mübahisənin danışıqlar vasitəsi ilə həll etmək məqsədi ilə Cavabdeh MMC-yə xx.xx.2025-cü il tarixində iddiaçı tərəfindən elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və ən qısa müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
5. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə qeyd olunanları nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. İddiaçı MMC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında xx.xx.2023-cü il tarixli, KM-İM-44/23 saylı “İcarə Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən «İcarəyə Verən» "xxxx" MMC-nin əmlakına aid Soyuducu Anbarın (Abşeron r-nu, Xırdalan şəhəri, Həsən Əliyev pr. (Xırdalan) ev 38, vergi kodu 31001. anbar nömrəsi 10) Malın yerləşdirilməsi üçün kifayət edən Hissəsini (bundan sonra Sahǝ) << İcarəçi »ə icarəyə verməyi, «İcarəçi » isə həmin Sahəni icarəyə qəbul edərək bu Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada icarə haqqının «İcarəyə Verən»ə ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən Bu Müqavilənin qüvvədə oluduğu müddət ərzində «İCARƏÇİ » mülahizəsinə görə yalnız “İcarəyə Verən”nin yazılı razılığı ilə öz hesabına fəaliyyəti ilə bağlı Sahədə struktur dəyişiklikləri -təmir və yenidənqurma işləri apara bilər. 4.1.-ci bəndinə əsasən İcarə Haqqının hesablanması qaydası aşağıda qeyd edilən formada həyata keçiriləcək. "İcarəçi" 20 kvadrat metr Sahədə 20 tona qədər Mal saxlaya bilər və Müqavilə qiyməti 560 (beş yüz altmış) manat təşkil edəcək. Sahə 20 kv.m-dən artıq olduğu halda "İcarəçi" artan hər kv.m görə hər ay əlavə 28 manat ödəyəcək. Sahədə saxlanılan Malın çəkisi 20 tondan artıq olduğu halda artan hər tona görə 1 gün üçün 1 AZN hesablanacaq. 4.2.-ci bəndinə əsasən, İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə “İcarəçi” tərəfindən “İcarəyə Verən”ə ödənilməlidir. 4.3.-cü bəndinə əsasən İcarə haqqı bu bənddə göstərilən vaxtda icra edilmədiyi halda hər gecikdirilən günə görə gecikdirilən məbləğin 0,5 faiz məbləğində dəbbə pulu hesablanacaqdır. 4.5.-ci bəndinə əsasən, İcarə haqqı hər ayın sonunda təhvil-təslim akta əsasən hesablanacaq və e-qaimə faktura "İcarəçi"yə göndərildikdən sonra 3 iş günü ərzində "İcarəçi" tərəfindən ödənilməlidir.
9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə elektron qaimə fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 3464,53 manat dəyərində məhsullar təqdim olunmuşdur.
10. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 25 aprel 2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış icarə müqaviləsi üzrə yaranmış 2800 icarə haqqı və 200 manat cərimə olmaqla, 3000 manat borcun 3 iş günü ərzində tam ödənilməsi tələb olunmuşdur, əks təqdirdə müvafiq borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.
11. ********** nömrəli nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun:
7-ci maddəsinin 1-ci bəndinə əsasən İcarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8-ci madddəsinin 1-ci bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki mübahisə iddiaçı ilə cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə etibarlı şəkildə bağladıqları icarə müqaviləsindən irəli gəlir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, hər iki tərəf hüquqi şəxs olduğundan və mülki-hüquqi əqd olan icarə müqaviləsi mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə hazırki mübahsənin mahiyyətcə iqtisadi məzmunludur.
18. Məhkəmə tərəfindən işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, tərəflər icarə müqaviləsı bağlamışlar. Müqaviləyə əsasən iddiaçı (icarəyə verən) tərəfindən məhsulu cavabdehə (icarəçiyə) icarəyə verilmiş və tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur.
19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış icarə müqaviləsinin şərtlərini yerinə yetirdiyini mötbər dəlillərlə sübut etmişdir. Belə olan halda, tələb olunan icarə haqqının ödənilməsini və ya həmin öhdəliyin icrasından azad olunduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iddia tələbinə qarşı etiraz verməmiş, tələb olunan icarə haqqının ödənilməsini və ya həmin öhdəliyin icrasından azad olunduğunu sübut edə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir.
20. İş materiallarından görünür ki, İddiaçı MMC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında xx.xx.2023-cü il tarixli, KM-İM-44/23 saylı icarə müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil 2800 manat təşkil edir.
21. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı 2800 manat məbləğində icarə haqqı borcunu cavabdehdən tələb etməkdə haqlıdır.
22. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və 2800 manat məbləğində icarə haqqı borcu pul tutularaq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə iddianın cavabdehdən iddiaçının xeyrinə 200 manat cərimənin tutulmasına aid hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 200 manat məbləğində cərimənin tutulması hissəsində tam əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
Məhkəmə xərcləri:
24. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iş üzrə ödənilmiş dövlət rüsumuna görə 50 manat cavabdehdən tutularaq iddiaçıya gödənilməlidir.
Nəticə
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdehndən 2800 manat icarə haqqı, 50 manat cərimə olmaqla, ümumilikdə 2850 (iki min səkkiz yüz əlli) manat borc və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev