Məhkəmə qərarları › İş №e-2-2(121)-2345/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2345/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2345/2023 29.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 4917.64 manat məbləğində krеdit bоrcu, 614.28 manat məbləğində faiz bоrcu və 166.22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5.698,14 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 008L**********46 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 008R********** saylıkredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6700 (altımin yeddi yüz) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1782.36 manat ödəmiş, onun 4917.64 manat məbləğində kredit borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, onların rəsmi qeydiyyat ünvanı üzrə xx.xx.2023-cü il tarixdə bildirişlərin təqdim olunmasına baxmayaraq, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 008L**********46 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən, Cavabdeh2 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmasına dair tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 008L**********46 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 008L**********46 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 008R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, Cavabdeh2 36 ay müddətinə 6.700 (altı min yeddi yüz) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 6.700 manat məbləğində kredit Cavabdeh2nın müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib edilmiş arayışın surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 15.09.2xx.xx.2022-ci il tarixli, 008R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 4.917,64 manat məbləğində əsas borc, 614,28 manat məbləğində faiz borcu, 166 manat məbləğində cərimə borcu, cəmi 5.698,14 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi, borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 məlumatlandırılmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı QSC tərəfindən mediasiya sessiyasının xərci olaraq 105 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinə əsasən verdiyi krediti və faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit alsa da kredit məbləğini iddiaçıya tam qaytarmamışdır. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə hesablanmış əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinin 166,22 manat məbləğində cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə, eyni zamanda Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, digər Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 008L**********46 saylı kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 105 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 008L**********46 saylı kredit razılaşması üzrə 4.917,64 manat əsas borc, 614,28 manat faiz borcu, 30 manat cərimə borcu və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 105 manat olmaqla, ümumilikdə 5.666,92 (beş min altı yüz altmış altı manat, doxsan iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia 136,22 manat məbləğində cərimənin cavabdehlərdən tutulması hissəsində təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar