Məhkəmə qərarları › İş №e-2-2(121)-2360/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2360/2025

01.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2360/2025 01.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 4000 manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin iddaçıya qəbr daşlarının alqısatqısı ilə əlaqədar 4000 (dörd min) manat pul borcu yaranmışdır. Həmin borcu cavabdeh yazdığı əl yazısı ilə də təsdiq etmişdir. Borcu da ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa işin gedişatında cavabdehin aldığı 800 manat məbləğində borcu da iddiaçı ödəmişdir. Bu halları təsdiq edən şahidinin də olduğunu bildirmişdir. Hazırda da həmin borcu ödəməkdən boyun qaçırır. Bu məsələnin həlli ilə bağlı polis orqanına müraciət edilsədə Lənkəran rayon Polis Şöbəsinin 17 mart 2024-cü il tarixdə “Cinayət işinin rədd olunması” barədə qərar qəbul edilmişdir. Qeyd etdiklərimə dair sübutlar mövcuddur. Həmin sübutları da iddia ərizəsinə əlavə etmişdir. Bu səbəbdən də məsələ məhkəmə qaydasında həll olunmalıdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ərizədə göstərdiyi 4000 manat pulun 3200 manat hissəsini aralarında tanışlıq münasbətinə əsasən Rəhimli Məzahirə, digər 800 manat hissəsini isə Cavabdeh vermişdir. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, Məzahir Rəhimliyə verdiyi 3200 manat məbləğində pulu onun özünün iştirakı olmadan qəbr daşlarının alqı-satqı işində Rəhimli Məzahirə köməklik məqsədilə borc şəklində vermişdir. Bunun qarşılığında, Rəhimli Məzahir sadəcə onun verdiyi pulu qaytarmalı idi. Onun başqa maddi marağı (mənfəət gözləntisi) olmamışdır. Cavabdeh, Rəhimli Məzahir ölkə xaricinə getdiyi və həmin alınan qəbir qəbir daşlarını Cavabdeh həvalə etdiyi üçün Rəhimli Məzahirin, ona olan borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, o, Cavabdeh Natiq adlı şəxsə olan borcunu ödəmişdir. Həmin pulu da Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. Həmin pula münasibətdə də maddi marağı olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, iddia ərizəsində göstərdiyi 4000 manat pulun 3200 manat hissəsini aralarında tanışlıq münasbətinə əsasən Rəhimli Məzahirə, digər 800 manat hissəsini isə Cavabdeh vermişdir. Məzahir Rəhimli onun tanışıdır və qəbr daşlarının alqı-satqısı işi ilə məşğul olurdu. O, özü qəbir daşlarının alqı-satqısı işi ilə məşğul olmamışdır. O, Məzahir Rəhimliyə verdiyi 3200 manat məbləğində pulu onun özünün hər hansı bir formada iştirakı olmadan qəbir daşlarının alqı-satqısı işində Məzahir Rəhimliyə köməklik məqsədilə borc şəklində vermişdir. Bunun qarşılığında Məzahir Rəhimli sadəcə ona verdiyi pulun özünü qaytarmalı idi. Onun başqa maddi marağı (mənfəət gözləntisi) olmamışdır. Cavabdeh, Rəhimli Məzahir ölkə xaricinə getdiyi və həmin pulla alınan qəbir daşlarını Cavabdeh həvalə etdiyi üçün Məzahirin ona olan borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, o, Cavabdeh Natiq adlı şəxsə olan borcunu onun əvəzindən ödəmişdir. Həmin pulu da Cavabdeh ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin pula münasibətdə hər hansı maddi marağı (mənfəət gözləntisi) olmamışdır. Yuxarıda qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün heab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi üzrə iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Lənkəran Şəhər Məhkəməsinə göndərilməlidir. “Elektron Məhkəmə İnformasiya Sistemində Vergi məlumatlarından görünür ki, Ağayev Cavabdeh vergi ödəyicisi kimi xx.xx.2027-ci il tarixdə qeydiyyata alınaraq VÖEN:********** verilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemində Vergi məlumatlarından görünür ki, İddiaçı vergi ödəyicisi kimi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınaraq VÖEN:********** verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh sahibkar kimi vergi uçotuna alındığından tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur. Lakin tərəflərin fərdi sahibkar statusuna malik fiziki şəxs olmalarına baxmayaraq, hüquq münasibətinin xarakteri baxımından hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Ona görə ki, iddia ərizəsində iddiaçının cavabdehin iddaçıya qəbr daşlarının alqı-satqısı ilə əlaqədar 4000 (dörd min) manat pul borcu yarandığı qeyd olunsa da, İddiaçı izahatından və məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o özü qəbir daşlarının alqı-satqısı işi ilə məşğul olmamışdır. Ərizədə göstərdiyi 4000 manat pulun 3200 manat hissəsini aralarında tanışlıq münasbətinə əsasən Rəhimli Məzahirə, digər 800 manat hissəsini isə Cavabdeh vermişdir. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, Məzahir Rəhimliyə verdiyi 3200 manat məbləğində pulu onun özünün iştirakı olmadan qəbr daşlarının alqı-satqı işində Rəhimli Məzahirə köməklik məqsədilə borc şəklində vermişdir. Bunun qarşılığında, Rəhimli Məzahir sadəcə onun verdiyi pulu qaytarmalı idi. Onun başqa maddi marağı (mənfəət gözləntisi) olmamışdır. O, eyni zamanda qeyd etmişdir ki, o, Cavabdeh Natiq adlı şəxsə olan borcunu da ödəmişdir. Həmin pulu da Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. Həmin pula münasibətdə də maddi marağı olmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən borc verilərkən onun maddi marağının (mənfəət gözləntisinin) olmaması və mübahisənin hər iki tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməməsi, onu deməyə əsas verir ki, tərəflər arasındaki hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil. Ona görə fə, hazırki işə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Eyni zamanda, tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlər istinad edilən tələblərə cavab vermədikdə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 403-1.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Lənkəran Şəhər Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar