Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2376/2023 25.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı QSC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 020R********** saylı krеdit razılaşması üzrə 641.31 manat məbləğində krеdit bоrcu, 137.95 manat məbləğində faiz bоrcu və 205.02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 984,28 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin cavabdеhlər zamin - Cavabdeh4 və faktiki vərəsələr - Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, Qarayev Cəlal Həmzəxan oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 020L**********41 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Qarayev Cəlal Həmzəxan oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 020R********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində krеdit götürmüşdür. Qarayev Cəlal Həmzəxan oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Qarayev Cəlal Həmzəxan oğlu götürdüyü krеdit bоrcundan 1358.69 manat ödəmiş, onun 641.31 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qarayev Cəlal Həmzəxan oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 489 gün üçün hesablanmış faiz borcu 137.95 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən borclu Qarayev Cəlal Həmzəxan oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********29 saylı məktubuna əsasən, Qarayev Cəlal Həmzəxan oğlunun adına Cəlilabad rayonu, Muğan kəndində ümumi birgə payda 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid JN-184 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bununla bağlı, Cəlilabad rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixində 185 saylı sorğu verilmiş, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad rayon Muğan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1177 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum Qarayev Cəlal Həmzəxan oğlunun mülkiyyətində olan Cəlilabad rayonu, Muğan kəndində ümumi birgə payda 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hal-hazırda X1, Cavabdeh3 və Cavabdeh2 idarə edir. Belə ki, faktiki vərəsələr - X1, Cavabdeh3 və Cavabdeh2 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən - X1, Cavabdeh3 və Cavabdeh2 mərhum Qarayev Cəlal Həmzəxan oğlunın faktiki vərəsələri hesab edilir. Qarayev Cəlal Həmzəxan oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 40 manat haqq ödənilmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən və portaldan çıxarışlardan hazırki iddia ərizəsi üzrə cavabdehlərin fərdi sahibkar statusuna malik olmamaları müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Mövcud iddia ərizəsi üzrə cavabdehlər fiziki şəxs olmaqla, fərdi sahibkar statusuna malik deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə cavabdehlər fərdi sahibkar statusu olmayan fiziki şəxs olduqlarından, vergi ödəyicisi kimi qeydiyyata alınmadıqlarından, bununla da, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə aid deyildir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Hazırki iddia ərizəsi üzrə cavabdehlər fərdi sahibkar statusu olmayan fiziki şəxs olmaqla mövcud mübahisə onların ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibklarlıq fəaliyyətindən irəli gəlməmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, mübahisə predmeti olan kredit razılaşması Qarayev Cəlal Həmzəxan oğlu arasında bağlanmışdır. Həmin şəxs isə xx.xx.2020-ci il tarixində ölmüşdür. Məhkəmə hesab edir ki, hazırki mübahisə cavabdehlərin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından hazırki iş üzrə 3-cü meyar olan “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Bundan başqa, Cavabdeh4 xəbərdarlıq (pretenziya) məktubu göndərilməmiş, pretenziya məktubunun Cavabdeh4 tərəfindən alınmasına dair sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd edilən Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl pretenziya məktubunu Cavabdeh4 göndərmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı krеdit razılaşması üzrə borc tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya həmçinin izah olunsun ki, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət MPM-nin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2376/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2376/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver