Məhkəmə qərarları › İş №e-2-2(121)-2378/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2378/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2378/2025 29.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh3 və Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 12618,39 manat məbləğində kredit bоrcu, 1171.79 manat məbləğində faiz bоrcu və 342.36 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14132,54məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 132,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 12381,61 manat ödəniş etmiş və оnun iddiaçıya 12618,39 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 142 gün üçün hesablanmış faiz borcu 1171,79 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 142 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 342,36 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehləriin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, qeyd olunanlara əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 055A********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 manat məbləğində kredit verilmişdir.

10. xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 bank hesabına 25.000 manat məbləğində pul köçürülmüşdür.

11. İş materiallarında olan İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələrin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər borc alanla birgə məsuliyyəti öz üzərlərinə götürürlər.

12. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC-yə xx.xx.2025-ci il tarixinə 12618,39 manat məbləğində əsas bоrcu, 1171,79 manat məbləğində faiz bоrcu və 342,36 manat məbləğində cərimə olmaqla, ümumilikdə 14132,54 manat borcu vardır.

13. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 055A********** nömrəli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2025-ci il il kimi müəyyən edilmişdir.

14. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2025-ci il tarixli “kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair” xəbərdarlığın surətindən görünür ki, İddiaçı QSC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişinə əsasən xx.xx.2025-ci il tarxinə yaranmış 12618,39 manat məbləğində əsas bоrcu, 1171,79 manat məbləğində faiz bоrcu və 342,36 manat məbləğində cərimə borcunun dərhal ödənilməsi tələb olunmaqla yanaşı, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.

15. ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 132,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

18. Məhkəmə baxışının hədləri:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

19. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləsinin şərtlərinə görə, İddiaçı QSC Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

22. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh3 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər Cavabdeh1 və Cavabdeh2 qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit müqaviləsi üzrə üzrə iddiaçı qarşısında Cavabdeh3 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdırlar.

23. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddia tələbi əsas borc və faiz borcuna münasibətdə tam olaraq əsaslıdır. Belə ki, iddiaçı cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilələrdən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. İş materiallarından göründüyü kimi Cavabdeh3 xx.xx.2025-ci il tarixinə 12618,39 manat məbləğində əsas bоrcu, 1171,79 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.Nəzərə alınmalıdır ki, kredit müqaviləsi ləğv edildikdən sonra həmin müqavilə üzrə faiz hesablana bilməz.

24. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində eyni zamanda borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 055A********** saylı kredit müqaviləsinə əsasən hesablanmış cərimə borcunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

25. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan 342,36 manat cəriməyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı təəfindən hesablamış cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir

26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 12618,39 manat əsas borc, 1171,79 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 13840,18 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 132,40 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12618,39 manat əsas borc, 1171,79 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 13840,18 (on üç min səkkiz yüz qırx manat, on səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 132,40 (yüz otuz iki manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissdə təmin edilməsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar