Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-24/2022 19.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 və digərlərinə qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 qarşı - 14471.33 manat əsas, 2512.21 manat faiz, 1285.59 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2060.25 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh4, X1, X4, X9, X6, X14 və Cavabdeh8 məxsus olan ünvan 1i ünvanında 0,33245 ha torpaq sahəsində yerləşən 172.2 kv.m. ümumi, 108.4 kv.m. əsas, 63.8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şirvan filialı ilə Cavabdeh2 arasında bağlanmış 04.03.2015-ci il tarixli 0079/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.05.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 və digər cavabdehlərə məxsus ünvan 1i ünvanında 0,33245 ha torpaq sahəsində yerləşən 172.2 kv.m. ümumi, 108.4 kv.m. əsas, 63.8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 26.02.2015-ci il tarixli 0013/15 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10.03.2015-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.1-cı bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********660 saylı 29.12.2020-ci il tarixli və **********262 saylı 27.12.2020-ci il tarixli bildirişlər göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 25.12.2020-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 20329.38 manat təşkil edir. Bundan 14471.33 manat əsas, 2512.21 manat faiz, 1285.59 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2060.25 manat faiz borcu təşkil edir. Sonradan iddiaçı “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 14.471,33 manat əsas, 2.512,12 manat faiz, 1.285,59 cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.060,25 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X24, X18, X5, X22 və X7 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X19, X10, X3, X15, X16, Cavabdeh4, X1, X4, X9, X6, X14 və Cavabdeh8 məxsus olan ünvan 1i ünvanında 0,33245 ha torpaq 3 sahəsində yerləşən 172.2 kv.m. ümumi, 108.4 kv.m. əsas, 63.8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 sıradan çıxdığından X17, X8, X2, X11 və X12 prosessual hüquqi varisliyi üzrə işə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddianı tam müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında bağlanmış 04.03.2015-ci il tarixli, 0079/15 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, sahibkarlıq məqsədilə 14.500 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 04.03.2015-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı ASC-nin Şirvan filialı tərəfindən Cavabdeh2 14.500 manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 arasında bağlanmış 26 fevral 2015-ci il tarixli, 0013/15 saylı ipoteka müqaviləsinə əsasən 04.03.2015-ci il tarixli, 0079/15 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka qoyanların birgə mülkiyyətində olan ünvan 1i ünvanında, 0,33245 ha torpaq sahəsində yerləşən 172.2 kv.m ümumi, 108.4 kv.m əsas, 63.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin Şirvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin 25.12.2020-ci il tarixli, **********484 saylı maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04.03.2015-ci il tarixli, 0079/15 saylı kredit müqaviləsi üzrə onun 25.12.2020-ci il tarixə banka 14.471,33 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 2.512,21 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.285,59 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 2.060,25 manat faiz borcu olmaqla, ümumi borc 20.329,38 manat təşkil edir. İş materiallarında olan 29.12.2020-ci il tarixli pretenziya bildirişindən görünür ki, İddiaçı ASC-nin Şirvan filialı ilə X20 arasında bağlanmış 04.03.2015-ci il tarixli, 0079/15 saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə ümumilikdə 20.329,38 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə X20 məlumatlandırılmışdır. İş materialında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 27.01.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 04.03.2015-ci il tarixli, 0079/15 saylı kredit müqaviləsi əsasında aldığı 14.500 manat kreditə görə cəmi 20.329,38 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışlar. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas kredit borcu 14.471,33 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06.12.2021-ci il tarixli, 459/ZB/21 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 25.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 338 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 300 manat təşkil etmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 (borc alan) 12.01.2016-cı il tarixində ölmüşdür. İş materiallarında olan Hacıqabul rayon Notariat Ofisi tərəfindən məhkəməyə göndərilmiş 03 fevral 2022-ci il tarixli məktubdan görünür ki, elektron notariat informasiya sistemindən axtarış zamanı 12.01.2016-cı il tarixdə vəfat etmiş mərhum – Cavabdeh2 adına açılmış vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında 04.03.2015-ci il tarixli, 0079/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 14.500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 arasında 26 fevral 2015-ci il tarixli, 0013/15 ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 məxsus, mülkiyyətində olan ünvan 1i ünvanında, 0,33245 ha torpaq sahəsində yerləşən 172.2 kv.m ümumi, 108.4 kv.m əsas, 63.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin Şirvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Araşdırma zamanı Cavabdeh2 (borc alan) 12.01.2016-cı il tarixdə öldüyü, Cavabdeh2 adına vərəsəlik işinin açılmadığı, o cümlədən onun hər hansı miras əmlakının olub-olması və ya miras əmlakının qanun üzrə vərəsələri tərəfindən faktiki qəbul edilibedilməməsi müəyyən olunmamışdır. Məhkəmə, ilk öncə mülki qanunvericiliyin vərəsəlik hüququ, o cümlədən mirasın qəbulu üsulları və mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə məsuliyyəti ilə bağlı qanunvericilik normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 oğlunun ailə üzvləri, yəni X24, X18, X5, X22 və X23 mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməmiş və mirası qəbul etməmişlər. Bununla yanaşı, X17, X8, X2, X11 və X12 Cavabdeh2 yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakı faktiki qəbul etmələri də müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16.10.2020-ci il tarixli Qərarında qeyd olunur ki, mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X17, X8, X2, X11 və X12 Cavabdeh2 yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakı faktiki qəbul etmələri müəyyən edilmədiyindən iddia tələbi “14.471,33 manat əsas, 2.512,12 manat faiz, 1.285,59 cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.060,25 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X24, X18, X5, X22 və X7 tutulması” hissəsində rədd edilməlidir. Məhkəmə, eyni zamanda hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05.12.2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddia tələbi “14.471,33 manat əsas, 2.512,12 manat faiz, 1.285,59 cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.060,25 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X24, X18, X5, X22 və X7 tutulması” hissəsində rədd edilsə də 04.03.2015-ci il tarixli, 0079/15 saylı kredit müqaviləsi üzrə öhdəlik ipoteka predmeti olan əmlaka tutma yönəldilməklə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməli, qalan hissədə iddia rədd edilməlidir. Belə ki, Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunması təklif olunan məbləği müəyyən edəcəkdi. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04.03.2015-ci il tarixli, 0079/15 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 arasında 26 fevral 2015-ci il tarixli, 0013/15 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Bununla əlaqədar olaraq, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 birgə mülkiyyətində olan fərdi yaşayış evi İddiaçı ASC-nin Şirvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi qanunvericilik heç bir halda ipoteka predmetinə tutma yönəldilməsi imkanını ilk növbədə əsas öhdəlik üzrə borcluya qarşı tələbin irəli sürülməsi ilə şərtləndirməmişdir. Beləliklə, məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin yəni, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 məxsus olan ünvan 1i ünvanında, 0,33245 ha torpaq sahəsində yerləşən 172.2 kv.m ümumi, 108.4 kv.m əsas, 63.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid qiyməti 25.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə iddianın “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, Cavabdeh2 12.01.2016-cı il tarixində vəfat etdiyindən, iş üzrə cavabdeh hesab edilmədiyindən və vərəsləri müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslərlə birlikdə ipoteka predmeti olan yaşayış sahəsindən çıxmaq öhdəliyini qəbul etmiş və bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Məhkəmə o cümlədən, iddia ərizəsinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evi satıldıqdan sonra, həmin fərdi yaşayış evinin mülkiyyətçisi iddiaçı, yəni ləğv prosesində olan İddiaçı ASC olmaya da bilər. Buna görə də iddiaçının fərdi yaşayış evinin ona təhvil verilməsini tələb etməsi əsassızdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 9 manatı iddiaçıya aid edilməli, 21 manatı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat isə ipoteka predmeti olan fərdi yaşayış evinin satışından əldə edilən vəsaitdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 müştərək qayada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tələb Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 məxsus olan ünvan 1i ünvanında, 0,33245 ha torpaq sahəsində yerləşən 172.2 kv.m ümumi, 108.4 kv.m əsas, 63.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış qiyməti 25.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 04 mart 2015-ci il tarixli, 0079/15 nömrəli kredit müqaviləsi üzrə 14.471,33 manat məbləğində əsas borc, 21 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum, ümumilikdə 14.522,33 manat (on dörd min, beş yüz iyirmi iki manat, otuz üç qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi paylarına mütanasib olaraq Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh4, Cavabdeh1, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh8 müştərək qayada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-24/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-24/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver