Məhkəmə qərarları › İş №e-2-2(121)-240/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-240/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-240/2024 13.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi barəsində iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı – cavabdehlər, Cavabdeh3 və Cavabdeh2 11 avqust 2020-ci il tarixli, 500875-784428/3 nömrəli kredit müqaviləsi üzrə əsas borc 18.542,26 manat, faiz borcu 6.974,11 manat, cəmi 25.516,37 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat pulun, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında 16 Oktyabr 2019-cu il tarхili, GA.784428.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmışdır. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (ümumi sahəsi 253 kv.m) (Çıxarış: seriya MA № 0347243, reyester nömrəsi **********07-06301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 01 mart 2012-ci il) 16 oktyabr 2019-cu il tariхli, GA.784428.1 nömrəli sonrakı ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Cavabdeh2 ilə 07 fevral 2023-cü il tarixli 500875-784428/3 saylızaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Baş Sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 11 avqust 2020-ci il tarixli, 500875- 784428/3 nömrəli kredit müqaviləsi ilə illik 19 faiz dərəcəsi ilə 30 ay müddətinə 80000 (səksən min) manat məbləğində krеdit verilmişdir. Borcalan Kredit Müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli, 001/007/7262/2023 nömrəli Bildiriş ipotekaqoyan Cavabdeh3 xx.xx.2023-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X1 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həlledilməsi üçün müvafiq qaydada Salyan 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Bank tərəfindən mediasiya xərci olaraq, 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Salyan 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023- cü il tarixli, MŞS/MT 028/2023-0178k nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə” Arayış verilmişdir. (Arayış ərizəyə əlavə edilmişdir). Kredit Müqaviləsi üzrə borclu Cavabdeh3 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə,İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 16 oktyabr 2019-cu il tarixli, GA.784428.1 saylı kredit limitinin ayrılması haqqında baş saziş müqaviləsindən görünür ki, Cavabdeh3 84 ay müddətinə 500.000 manat məbləğində kredit limitinin ayrılmlşdlr. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 11 avqust 2020-ci il tarixli, 500875-784428/3 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 19 faiz ödəmək şərti ilə 30 ay müddətinə 80.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında GA.784428.1 saylı, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, 16 oktyabr 2019-cu il tarixli, GA.784428.1 saylı kredit limitinin ayrılması haqqında baş sazişdə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 məxsus, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 253 kv.m olan qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, 500875-784428/3 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 Müariz oğlu arasında xx.xx.2020-ci il tarixli, 500875-784428/3 saylı kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 qeyd edilən kredit müqaviləsi üzrə 18.542,26 manat məbləğində əsas borcu və 6.974,11 manat məbləğində faiz borcu, cəmi 25.516,37 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan Cavabdeh3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, iddia tələbi üzrə əsas və fazi borcunu qəbul etdiyini, eyni zamanda mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının 100.000 manat dəyərinə satılmasına razı olduğunu bildirmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdehlərə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il arayışdan görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya dair xərc ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 16 oktyabr 2019-cu il tarixli, GA.784428.1 saylı kreditinin ayrılması haqqında baş saziş bağlanılmış və həmin sazişə əsasən Cavabdeh3 illik 24 faiz dərəcəsi ilə, 84 ay müddətinə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır. Daha sonra 11 avqust 2020-ci il tarixli, 500875-784428/3 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 illik 19 faiz dərəcəsi ilə, 30 ay müddətinə 80.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda 11 avqust 2020-ci il tarixli, 500875-784428/3 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh3 arasında GA.784428.1 saylı, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən, Cavabdeh3 məxsus, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 253 kv.m olan qeyri-yaşayış binası sözügedən kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Bununla yanaşı, Cavabdeh3 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında həm ifadəsində, həm də ərizəsində iddia tələbi üzrə əsas və fazi borcunu qəbul etdiyini, eyni zamanda mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının 100.000 manat dəyərinə satılmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə hesab edir ki, Cavabdeh3 tərəflər arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, 500875-784428/3 saylı kredit müqaviləsi üzrə 18.542,26 manat əsas və 6.974,11 manat faiz borcunun olması iş materialları və Cavabdeh3 izahatı ilə öz təsdiqini tapmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, eyni zamanda borcun zamindən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddiaçının zaminə qarşı tələbi əsaslıdır. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsindən də görünür ki, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdehlər həmin müqaviləyə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh3 iddiaçıya 11 avqust 2020-ci il tarixli, 500875- 784428/3 saylı kredit müqaviləsi üzrə 18.542,26 manat əsas və 6.974,11 manat faiz borcu yaranmışdır. Zaminlik müqaviləsi üzrə Cavabdeh2 zamin qismində borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır. Bundan əlavə, cavabdehlər tərəfindən borcun tam və ya qismən ödənilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. Buna görə də iddianın əsas və faiz borcun ödənilməsinə dair hissəsi iş materialları ilə sübut olunduğundan iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə yaranmış borc tələbı kreditin təminatı olaraq ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd olunan Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə, borcun ipoteka predmetinə yönəldilərək həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Cavabdeh3 iddiaçıya olan kredit öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 253 kv.m olan qeyriyaşayış binasının ilkin satış qiyməti tərəflərin razılığına əsasən 100.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması” hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın “200 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən alınmasına dair” hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, 500875-784428/3 saylı kredit müqaviləsi üzrə 18.542,26 manat məbləğində əsas borc, 6.974,11 manat məbləğində faiz borcu, 200 manat məbləğində mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, ümumilikdə 25.851,37 (iyirmi beş min səkkiz yüz əlli bir manat, otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilsin. Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 100.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan ümumilikdə 25.851,37 (iyirmi beş min səkkiz yüz əlli bir manat, otuz yeddi qəpik) manat məbləğində borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh3 qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar