Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-241/2025 28.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə haqqı borcunun ödənilməsi və obyektin boşaldılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı icarə haqqı borcunun ödənilməsi və obyektin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində Cəmiyyətə dəymiş 2625 manat maddi ziyanın ödənilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2, Yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, Cəmiyyət mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2, Yeni qaydalarla: AZ1089, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (ümumi sahəsi: 273,50 kv.metr) 30 kv.metr hissəsini onun müddətli istifadəsinə vermişdir. Müqaviləyə görə, icarə haqqı, vergi və xidmət haqqı daxil olmaqla, ümumilikdə hər ay 375 manat (2625 manat (2250 manat (xx.xx.2024-cü il tarixədək borc) + 375 manat (sentyabr ayı üçün borclanma) son ana olan borc məbləği) ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə öhdəliyini layiqincə icra etmədiyinə görə hüquqi tədbirlərə başlanılmışdır. Belə ki, onun müqaviləyə görə 2625 manat icra edilməmiş borc öhdəliyi mövcuddur. Qeyri-yaşayış sahəsinin müvafiq hissəsinin (icarə obyekti) cari ilin avqust ayının 9-da qaytarılması və borc məbləğinin (həmin tarixə 2250 manat) ödənilməsi barədə cavabdehə bildiriş ünvanlanmışdır. Sözügedən bildiriş üzərində tələblə razı olduğu barədə qeyd əksini tapmışdır. Obyekt hazırda qəhvə satışı dükanı kimi fəaliyyət göstərir. Cavabdehə ödənişin icrası ilə bağlı xəbərdarlıq edilsə də, bu günə kimi müraciətə məhəl qoyulmamış, habelə yaranmış borc ödənilməmişdir. Cavabdeh icarə müqaviləsinin, o cümlədən icarə ödənişlərinin ödənilməsi qaydası və şərtləri ilə bağlı əhəmiyyətli pozuntulara yol vermişdir. İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair elektron ərizə ilə məhkəməyə müraciət edərək, iş məhkəmə icraatında olduğu dövrdə (1 oktyabr 2024-cü il) cavabdehin 1950 manat ödəniş etdiyini, bundan savayı, icarə obyekti təhvil verilmədiyindən icraat dövründə bu günki tarixədək hər ay (4 ay - 2024-cü ilin oktyabr-dekabr ayları, habelə cari ilin yanvar ayı) 375 manat (cəmi 1500 manat) icarə haqqı hesablandığını nəzərə alaraq, tələbin həcminin azaldılaraq Cavabdeh Xaqani qızından icarə haqqı və digər ödənişlərin gecikdirilməsi nəticəsində Cəmiyyətə dəymiş 2175 manat maddi ziyanın ödənilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2, Yeni qaydalarla : AZ 1089, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2, Yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273,50 kv.metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı MMC ilə (İcarəyə verən) Cavabdeh (İcarəçi) arasında Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 3M-355 nömrəsi ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu Müqaviləyə görə icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış’a əsasən İcarəyəverənin xüsusi mülkiyyətində olan Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2 Yeni qaydalarla: AZ1089, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsini (bundan sonra "Obyekt" adlandırılacaq) İcarəçinin müddətli istifadəsinə verməyi öhdəsinə götürür, İcarəçi isə həmin obyektin icarəsinə görə bu Müqavilə ilə müvafiq məbləğdə və qaydada İcarəyəverənə icarə haqqı, əmlakın saxlanması üçün sahənin hər kvadratmetri üçün xərcləri çəkməyi, habelə Müqaviləyə xitam verildikdə Obyekti İcarəyəverənə qaytarmağı öz öhdəsinə götürür. 3.3-cü bəndinə əsasən, bu Müqavilə üzrə İcarəçinin ödəyəcəyi məbləğ icarə haqqı, vergi və digər ödənişlər daxil ümumi olaraq 375.00 (ƏDV daxil) manat, o cümlədən icarə haqqı 354.00 (ƏDV daxil) manat və xidmət haqqı 21.00 (ƏDV daxil) manat təşkil edir. 10.1 və 10.1.2-ci bəndlərinə əsasən, icarəçi tərəfindən öhdəliklərin bütövlükdə və ya qismən yerinə yettrilməməsi müəyyən edilərsə İcarəyəverənin bu barədə icarəçiyə nöqsanların 15 gün müddətində aradan qaldırılması ilə əlaqədar bildirişi əsasında göstərilən müddətdə nöqsanlar aradan qaldırılmadıqda bu müqavilə vaxtından əvvəl ləğv oluna bilər. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış və sonuncu tərəfindən “Razıyam” qeydi ilə imzalanaraq qəbul edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 2250 manat məbləğində icarə haqqı borcunun ödənilməsi və icarə obyektinin boşaldılması tələb edilmiş, əks halda məsələnin hüquqi müstəvidə həlli ilə bağlı zəruri tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (icarə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü sahədən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehin istifadəsinə verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini, bununla yanaşı müqavilə üzrə öhdəliklərini davamlı şəkildə pozmasına və tələb edilməsinə baxmayaraq icarə obyektini boşaltmadığını iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən hər ay 375 manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı, xx.xx.2024-cü il tarixədək cavabdehin ödənilməmiş 2250 manat məbləğində borcunun olduğu işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli hallarını isə xx.xx.2025-ci il tarixə cavabdehin icarə haqqı borcunun 2175 manat məbləğində olması barədə iddiaçının tələbi təşkil edir. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, cavabdeh tərəfindən məzmunu mübahisələndirilməyən pretenziya məktubuna, maliyyə arayışına istinad edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir. Məhkəmə, işin mübahisəli halları ilə bağlı iddiaçının gətirdiyi dəlillərə qiymət verərək hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər dəlillərlə sübut edə bilmişdir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında icarə haqqı məbləği aylıq 375 manat olaraq razılaşdırılmışdır. Həmçinin, xx.xx.2024-cü il tarixədək cavabdehin ödənilməmiş 2250 manat məbləğində borcunun olduğu da işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavənin verildiyi 2025-ci il 27 yanvar tarixinə kimi cavabdehin icarə obyektini iddiaçıya təhvil verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyinə görə hesab olunur ki, icarə haqqı borcunun ümumi məbləği 2025-ci il 27 yanvar ayına kimi (sentyabr ayı daxil olmaqla) hesablanmalıdır. Belə hesablama aparıldıqda isə icarə haqqı borcunun iddia ərizəsində tələb olunan məbləğdə olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan qeyri-yaşayış sahəsini cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh sahəni təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Buna görə də, həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi ödənilməmiş icarə haqqı tələbinə münasibətdə tam təmin edilməlidir. Məhkəmə, iddia tələbini icarə obyekti olan qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, işin halları ilə cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini pozması faktı öz təsdiqini tapmışdır. İşdən göründüyü kimi, iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərərək icarə müqaviləsindən birtərəfli qaydada imtina etdiyini və icarə obyektininin boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müqaviləyə xitam verilməsi barədə bildiriş (xəbərdarlıq) göndərməklə müqavilədən birtərəfli qaydada imtina etdiyinə görə artıq məhkəmədən kənar qaydada müqaviləyə xitam verilmişdir. Digər ifadə ilə müqavilədən imtina (müqavilənin ləğvi) bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.1 və 421.3-cü maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında şərh olunan hüquqi mövqe belədir ki, “O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatik öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir.” Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarı ilə bu nəticəyə gəlmişdir ki,”İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.” Məhkəmə şərth olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, tərəflər arasında icarə münasibətlərinə xitam verildiyinə görə, icarə obyekti cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2175 manat icarə haqqı borcu tutularaq iddaçı İddiaçınə ödənilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 2 (Yeni qaydalarla AZ 1089, ünvan 1) ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılsın və İddiaçınə təhvil verilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-241/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-241/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver