Məhkəmə qərarları › İş №e-2-2(121)-246/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-246/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-246/2025 28.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 5000 manat məbləğində krеdit bоrcu, 1108.51 manat məbləğində faiz bоrcu və 461 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6569 manat 51 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 85.7 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Əhmədov Sabir Allahverdioğlu və zaminlər Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027L**********04 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Əhmədov Sabir Allahverdi oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хəttiaçılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Əhmədov Sabir Allahverdi oğlunun "xxxx" QSC ilə xx.xx.2023-cü il tarixli 027R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə,aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Əhmədov Sabir Allahverdi oğlu götürdüyü krеdit bоrcundan 0 manat ödəmiş, onun 5000 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Əhmədov Sabir Allahverdi oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 461 gün üçün hesablanmış faiz borcu 1108.51 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 461 gün üçün hеsablanmış cərimə 461 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş AZ-İİ№ 327001 saylı ölüm haqqında şəhadətnamədən cavabdeh Əhmədov Sabir Allahverdi oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-37-5/2-309/2024 saylı arayışa əsasən məlum olmuşdur ki, mərhum Əhmədov Sabir Allahverdi oğlunun adına qeydiyyatda olan 0.20 ha torpaq sahəsindən hal-hazırda mərhumun atası Cavabdeh3 istifadə edir. Belə ki, faktiki vərəsə- Cavabdeh3 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən o tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh3 mərhum Əhmədov Sabir Allahverdi oğlunun faktiki vərəsəsi hesab edilir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında kredit müqaviləsi üzrə ödənişlərin edilməməsi barədə məlumatsız olduğunu bildirdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Əhmədov Sabir Allahverdi oğlu və zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027L**********04 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Əhmədov Sabir Allahverdi oğluna 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Eyni zamanda, zaminlər Cavabdeh2 və Cavabdeh1 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Əhmədov Sabir Allahverdi oğlu ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşlər. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Əhmədov Sabir Allahverdi oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, Bank ümumi məbləği 5000 manat olan krediti aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 18 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Əhmədov Sabir Allahverdi oğlunun bank hesabına xx.xx.2023cü il tarixdə 50 manat komissiya haqqı çıxılmaqla, 5000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə ilk ödəniş tarixi xx.xx.2023-cü il tarixi, son ödəniş tarixi isə xx.xx.2024-cü il kimi müəyyən edilmişdir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Əhmədov Sabir Allahverdi oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-37-5/2-309/2024 saylı arayışda göstərilir ki, mərhum Əhmədov Sabir Allahverdi oğlunun adına qeydiyyatda olan 0.20 ha torpaq sahəsindən hal-hazırda mərhumun atası Cavabdeh3 istifadə edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”ndan görünür ki, xx.xx.2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə Əhmədov Sabir Allahverdi oğlunun xx.xx.2024-cü il tarixə olan əsas məbləğ üzrə borcu 5000 manat, faiz üzrə borcu 1108,51 manat, cərimə borcu 461 manat olmaqla, cəmi borc məbləği 6569,51 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə Əhmədov Sabir Allahverdi oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşmasına əsasən yaranmış 6569,51 manat məbləğində (5000 manat əsas, 1108,51 manat faiz, 461 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı QSC ilə cavabdeh mərhum Əhmədov Sabir Allahverdi oğlu arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı QSC cavabdehə borc (kredit) verməyi, cavabdeh isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının mərhum Əhmədov Sabir Allahverdi oğluna kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışı”nda və “Hesabdan çıxarış”da əksini tapan məlumatlardan müəyyən olunur ki, Əhmədov Sabir Allahverdi oğlu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İşin müəyyən edilmiş hallarında biri də odur ki, kredit müqaviləsi üzrə ödənişin edilməməsinə səbəb, kredit müqaviləsi bağlandıqdan qısa müddət ( 1 ay keçməmiş) Əhmədov Sabir Allahverdi oğlunun ölməsi olmuşdur. İddia ərizəsində qeyd olunanlardan, həmçinin işdə olan sənədlərdən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ilk ödəniş tarixi xx.xx.2023-cü il təyin olunmuşdur. Kredit müqaviləsi üzrə borcalan Əhmədov Sabir Allahverdi oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. İddiaçı cavabdehlərdən Cavabdeh3 mərhum Əhmədov Sabir Allahverdi oğlunun faktiki vərəsəsi olduğunu, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə borclu Əhmədov Sabir Allahverdi oğlu ilə kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar eyni dərəcədə və birgə məsuliyyət daşıdıqlarını və buna görə də əsas ilə birgə zaminlərin də kredit borcunun ödənilməsinin gecikdirilməsi ilə əlaqədar öhdəliklərinin yarandığını iddia edir. Məhkəmə işdə olan sənədlərə əsasən qeyd edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək mərhum Əhmədov Sabir Allahverdi oğluna kredit verməsi, sonuncunun həmin krediti alması və kredit müqaviləsi üzrə ödənişin həyata keçirilməməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə ödənişlər gecikdirildiyinə görə iddiaçının kredit müqaviləsi üzrə əsas borc, faiz və cərimə tutulmasına dair tələb irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır. Lakin həmin tələbin hazırki işin müəyyən edilmiş faktiki hallarına və qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən cavabdehlər-zaminlər Cavabdeh2 və Cavabdeh1 qarşı irəli sürülə bilməsi, başqa ifadə ilə iddiaçının verdiyi kredit məbləğinin vaxtında qaytarılmaması ilə bağlı pozulmuş subyektiv hüququnun müdafiəsi ilə əlaqədar cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətinin yaranıb-yaranmamasına açıqlıq gətirilməsini məhkəmə zəruri hesab edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ilk növbədə zaminlik institutunun, zaminin məsuliyyətinin əsaslarının və xüsusiyyətlərinin mövcud qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən müvafiq normalarına və eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşmış hüquqi mövqeyə əsasən təhlil edilməsi vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminin məsuliyyətinin əsaslarını və həcmini müəyyən edən Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1), əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinin hüquqi təbiətinə aydınlıq gətirərək qeyd etmişdir ki, kreditor və borclu arasında bağlanan əsas müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi birtərəfli, konsensual müqavilə olmaqla kreditorla zamin arasında əsas öhdəliyə münasibətdə aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Sadalanan maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, zaminin kreditor qarşısında öhdəliyi zaminliklə təminat altına alınmış əsas öhdəliyə münasibətdə əlavə (aksessor) xarakter daşıyır. Zaminin əsas borclu ilə bərabər kreditor qarşısında birgə məsuliyyət daşımasına (subsidiar məsuliyyət daşıması ilə bağlı hal istisna olmaqla), əsas öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmamasından irəli gələn bütün növ tələblərə qarşı əsas borclu ilə eyni məsuliyyətlə cavabdeh olmasına baxmayaraq, zaminin əlavə (aksessor) öhdəlik daşıyıcısı olması səbəbi ilə kreditor qarşısında öhdəliyinin yaranması, ona qarşı tələb irəli sürülə bilməsi üçün əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulmasının baş verməsi tələb olunur. Yalnız bu hüquqi faktın baş verməsi, yəni borclunun öhdəliyini lazımınca icra etməsindən yayınması zaminin kreditor qarşısında öhdəliyinin yaranması üçün əsas yaradır. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Burada nəzərə alınmalı olan əsas məqam ondan ibarətdir ki, zaminlik müqaviləsi gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması məqsədilə bağlandığından, zaminlik müqaviləsi bağlandığı andan qüvvəyə minsə də, həmin müqavilə üzrə hüquq və vəzifələr əsas öhdəliyin borclu tərəfindən pozulması halında yaranır. Buna görə də, kreditor zaminə qarşı tələbini yalnız əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulması baş verdikdə irəli sürə bilər. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 4 sentyabr 2012-ci il tarixli qərarında da öz əksini tapmışdır. Adı çəkilən Plenum qərarında qeyd olunmuşdur ki, “Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz.” Məhkəmə, yuxarıda şərh olunanları hazırki işin faktiki hallarına tətbiq edərək hesab edir ki, baxılan iş üzrə zaminlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyin borclu tərəfindən pozulması ilə əlaqədar zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yaranmamışdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, kredit müqaviləsi üzrə ödənişin edilməməsinə səbəb, kredit müqaviləsi bağlandıqdan qısa müddət ( 1 ay keçməmiş) Əhmədov Sabir Allahverdi oğlunun ölməsi olmuşdur. Məhkəmə, borclunun ölümünun öhdəliyin pozulması kimi qəbul edilərək zaminə qarşı tələb irəli sürülməsini tamamilə əsassız hesab edərək vurğulayır ki, öhdəliyin pozulması (icra edilməməsi və ya lazımınca icra edilməməsi) iradəvi aktdır və məhz buna görə də, qanunvericilik borclunun kreditor qarşısında mülki məsuliyyətinin yaranmasını onun təqsirli pozuntuya yol verməsi ilə əlaqələndirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə, hazırki işin qanuni və əsaslı həlli ilə əlaqədar bir məsələni də qeyd etməyi zəruri sayır. Kredit müqaviləsi üzrə borc şəxsi xarakterli, borclunun şəxsiyyəti ilə sıx bağlı olan öhdəlik olmadığına görə, borclunun ölümü halında kredit müqaviləsi üzrə onun öhdəlikləri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrinə keçir. Buna görə də məhkəmə hesab edir ki, kreditor kredit müqaviləsi üzrə əsas borclunun ölməsi faktını müəyyən etdikdə, əgər ölmüş şəxs həmin məqamadək müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmişdirsə, borcun ödənilməsi barədə tələbi ilk növbədə ölmüş şəxsin vərəsələrinə qarşı irəli sürməlidir. Vərəsələr tərəfindən borcun qaytarılmasına dair öhdəliklərin pozulması baş verdikdə zaminlik müqaviləsi üzrə öhdəliklər davam etdiyinə görə zaminin öhdəliyi yaranmış olur ki, bu zaman kreditorun zaminə qarşı tələb irəli sürməsi üçün hüquqi zəmin yaranır. Zaminlərin ölmüş şəxsin öhdəliklərinə görə mülki məsuliyyətinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında da ətraflı şərh olunmuşdur. Adı çəkilən qərarda xüsusilə vurğulanmışdır ki, “Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.” Baxılan işdən görünür ki, iddiaçı bank zaminlərlə birgə vəfat etmiş əsas borclunun vərəsəsi qismində onun atasını da cavabdeh olaraq seçmişdir. Belə olan halda, baxılan iş üzrə iddiaçı, ölmüş əsas borclunun vərəsəsi ilə yanaşı, həmin vərəsə tərəfindən öhdəiyin pozulması faktı müəyyən edilmədən zaminlərə qarşı tələblə çıxış etməkdə haqlı olmamışdır. Nəzərə alınsa ki, əsas borclu tərəfindən öhdəliyin icra edilməməsi onun ölümü ilə əlaqədar olmuşdur, bu halda da zaminlərin öhdəliyinin yaranmasından danışmaq olmaz. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki vəziyyətdə zaminlərə münasibətdə iddia təmin olunmamalı və mirası qəbul etməkdən imtina etməmiş vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə zaminlərə qarşı tələb irəli sürmək hüququnun yarandığı izah olunmalıdır. Beləlilə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı öz tələbini mərhum Əhmədov Sabir Allahverdi oğlunun faktiki vərəsəsi olan Cavabdeh3 qarşı irəli sürməkdə haqlı olmuşdur, ona görə də, iddia tələb həmin hissədə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında şərh olunmuşdur ki, “Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.” Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda cərimə ödəmək öhdəliyini cavabdeh Əhmədov Sabir Allahverdi oğlu öz üzərinə götürmüşdür. İşin halları ilə kreditin və ona hesablanmış faizin ödənilməsinin gecikdirildiyi müəyyən olunduğuna görə, iş üzrə iddiaçıya cərimə ödənilməsi öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 461 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehlərdən tutulacaq cərimə məbləğinin azaldılaraq 30 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh3 xx.xx.2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 5000 manat məbləğində əsas borc, 1108,51 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu və ödənilmiş 85,7 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6224,21 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə və digər cavabdehlərə münasibətdə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar