Məhkəmə qərarları › İş №e-2-2(121)-2475/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2475/2022

05.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-2475/2022 05.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – cavabdeh tərəfindən ona məxsus Ağcabədi rayonu Aşağı Avşar kəndində yerləşən restorana aid sayğacla bağlı R № 037534 saylı aktın etibarsız hesab edilməsi və akt əsasında 1721,23 manat cərimənin silinməsi barəsində iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakına dair məlumatı iddia ərizəsində göstərməmişdir. Bundan başqa, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələbinə də düzgün riayət edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi arayışın surətindən görünür ki, ilkin mediasiya sessiyasında kommersiya mübahisəsi “821 manat məbləğində cərimə aktının silinməsi” ilə bağlı olmuşdur. Lakin iddia ərizəsi üzrə tələb “aktın etibarsız hesab edilməsi və akt əsasında 1721,23 manat cərimənin silinməsi” ilə əlaqədardır. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Göstərilən Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd edilən Qanunun 28.4-cü maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi 1721,23 manat məbləğində cərimənin silinməsi ilə bağlı olduğu halda, ilkin mediasiya sessiyasında mübahisə 821 manat məbləğində olduğundan, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməmişdir. Odur ki, iddiaçı tərəfindən mediasiya prosesinə əməl edilməmişdir. Buna görə də, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda iddiaçının diqqətinə çatdırılmalıdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılsa da, iddia ərizəsinin qaytarılması nöqsanları tam şəkildə aradan qaldırılmadan, ümumi qaydada yenidən məhkəməyə müraciət edilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. Qeyd edilən Məcəllənin 174.5-ci maddəsinə əsasən, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – cavabdeh tərəfindən ona məxsus Ağcabədi rayonu Aşağı Avşar kəndində yerləşən restorana aid sayğacla bağlı R № 037534 saylı aktın etibarsız hesab edilməsi və akt əsasında 1721,23 manat cərimənin silinməsi barəsində iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar