Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-25/2023 07.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə borc tələbi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı – iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 030R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 030R********** saylı krеdit razılaşması üzrə 7080,52 manat məbləğində krеdit bоrcu, 1867,55 manat məbləğində faiz bоrcu və 2350,76 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10820,18 qəpik məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 210 manat məbləğində xərcin tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı 030L**********28 saylı, xx.xx.2017-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı 030R********** saylı, xx.xx.2019-cu il tarixli krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 030R**********S saylı, xx.xx.2020-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 1919,48 manat ödəmiş, onun 7080,52 manat məbləğində kredit borcu qalmışdır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 332 gün üçün hesablanmış faiz borcu 1867,52 manat təşkil edir. xx.xx.2021-ci il tarixə 332 gün üçün hеsablanmış cərimə 2350,76 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılmasıilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehləriştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 210 manat haqq ödənilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 030L**********28 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 50000 ABŞ dolları məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 030R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 9000 manat məbləğində kredit vəsaiti aylıq 1.9167 faiz olmaqla, 30 ay müddətinə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 030R**********S saylı sazişin və ödəniş planının surətlərindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixdə bağlanmış 030L**********28 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli, 030R********** saylı kredit razılaşması xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödənilməlidir. Ödəniş planından isə aydın olur ki, kredit razılaşmasının müddəti xx.xx.2022-ci il tarixədək artırılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşin materiallarında olan arayışdan görünür ki, Cavabdeh4 qeyd edilən müqavilə üzrə xx.xx.2021-ci il tarixinə 7080,52 manat məbləğində əsas, 1867,55 manat məbləğində faiz, 2350,76 manat məbləğində cərimə olmaqla, cəmi 11298,8 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8334 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatları 030R********** saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və həmin müqavilənin əsasında imzalanmış sazişin şərtləri nəzərə alaraq Cavabdeh4 İddiaçı QSCyə olan borcu xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 7080,52 manat, faiz borcu üzrə 1818,55 manat; xx.xx.2022-ci il tarixə əsas borcu üzrə 7080,52 manat, faiz borcu üzrə 2994,72 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. Məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman müqavilə qüvvədə olmuş olsa da, işə baxıldığı müddətdə, yəni xx.xx.2022-ci il tarixdə müqavilənin müddəti başa çatmışdır. Belə olan halda, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi (razılaşması) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2021-ci il tarixə faiz borcunun 1818,55 manat olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 7080,52 manat məbləğində əsas borc və 1818,55 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın 2350,76 manat məbləğində cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 2350,76 manat məbləğində deyil, 200 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 kredit müqaviləsi (razılaşması) üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, Cavabdeh4 iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Cavabdeh4 pul vəsaitini qaytamaqla bağlı öhdəliyi üzərinə götürmüşlər. Məhkəmə həmçinin iddianın 210 mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdehlərdən 200 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci iddiaçıdan və Cavabdeh4 tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, o cümlədən, ekspertiza təyin edilməsi barədə vəsatət Cavabdeh4 tərəfindən verildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 20 manatı iddiaçıdan, 180 manatı isə Cavabdeh4 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 122,46 manat dövlət rüsumunun 100 manatı cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 7080,52 manat məbləğində əsas borc, 1818,55 manat məbləğində faiz, 200 manat məbləğində cərimə, cəmi 9099,07 manat məbləğində kredit borcu və 200 manat məbləğində mediasiya xərci Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 20 manatı İddiaçı QSC-dən, 180 manatı Cavabdeh4 alınaraq dövlət büdcəsinə ödənilsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-25/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-25/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver