Məhkəmə qərarları › İş №e-2-2(121)-25/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-25/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-25/2025 28.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 7.594,84 manat, faiz borcuna görə 43,19 manat, cəmi 7.638,03 manat məbləğində borcun və 105 manat məbləğində ödənilmiş mediasiya xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1499 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 11.462,80 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 9,55 manat, dörd il müddətində isə hər ay 243,78 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3, **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 oğlunun əsas borc üzrə 7.594,84 manat, faiz borcuna görə 43,19 manat, cəmi 7.638,03 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəflərindən cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya və xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Lakin Masallı 1 saylı Mediasiya Təşkilatının verdiyi xx.xx.2024-cü il tarixli MŞM/MT 036/2023-00313 nömrəli arayışdan da göründüyü cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdirlər. İddiaçı “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 və zamin qismində Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixli **********3766 saylı kredit müqaviləsi əsasında 8.000 ABŞ dolları məbləğində illik 25% hesablanmaqla 24 ay müddətinə kreditin verilməsinə dair razılıq əldə olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********1499 saylı kredit (restruktruzasiya) müqaviləsinin surətindən görünür ki, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 kredit (restruktrizasiya) müqaviləsi bağlanmış, müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun vaxtı keçmiş kredit borcunun müqavilə imzalanan tarixə 11.462,80 manat qalıq məbləğini ödəməsi məqsədilə 11.462,80 manat güzəştli kredit verməyi, kredit alan isə verilmiş krediti və hesablanan faizləri öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1499 saylı kredit (restruktruzasiya) müqaviləsi üzrə Cavabdeh3 zamin qismində kredit alanın öhdəliklərini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1499 saylı kredit (restruktruzasiya) müqaviləsi üzrə Cavabdeh1 zamin qismində kredit alanın öhdəliklərini öz öhdəsinə götürmüşdür. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixinə 7.638,03 manat məbləğində əsas, 43,19 manat məbləğində faiz, olmaqla, cəmi 7.594,84 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8094 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı MM Qeyri- Bank Kredit Təşkilatı ilə Cavabdeh2 kredit (restruktrizasiya) müqaviləsi bağlanmış xx.xx.2019-cu il tarixli **********1499 saylı kredit (restruktruzasiya) müqaviləsi üzrə borclunun xx.xx.2023-cü il tarixə 7.592,95 manat əsas, 62,97 manat faiz borcu müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2023-cü il tarixinə 7.592,95 manat məbləğində əsas, 62,97 manat məbləğində faiz borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 7.592,95 manat məbləğində əsas, 62,97 manat faiz borcu tutulmalıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatına olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşdürlər. Buna görə də, iddia qeyd edilən hissədə də, təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 105 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, iddiaçının mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehlərdən 105 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 96,38 manat məbləğində dövlət rüsumunun 96,36 manatı (yəni, 7,636,14 manat münasibətdə) cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehlərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi ilə ekspertizanın müəyyən etdiyi məbləğ arasında cüzi fərq olduğundan, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 7.592,95 manat məbləğində əsas, 43,19 manat məbləğində faiz, cəmi 7.636,14 manat məbləğində kredit borcu və 105 manat məbləğində mediasiya xərci Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3n müştərək qaydada alınaraq “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 96,36 manat məbləğində dövlət rüsumu Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3n müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3n müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar