Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-251/2023 27.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin (İddiaçı MMC) nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin (İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə qaytarılmayan 28 ədəd dondurucuların ümumi dəyərinin iki mislini, yəni 10 770 (on min yeddi yüz yetmiş) AZN məbləğində pul vəsainin və əlavə olaraq ilkin mediasiya sessiyası ilə bağlı 100 AZN məbləğdə mediasiya xərcinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış “03” may 2021-ci il tarixli, **********/21 saylı Distribütor Müqaviləsinin 1.5-ci bəndinə (İstehsalçı Məhsulların satışının təşkili məqsədi ilə, Distribütorla əlavə Müqavilələr bağlamaqla (Souducu avadanlıqlarının əvəzsiz istifadəyə verilmə Müqaviləsi) Soyuducu (Dondurucu) avadanlıqlar verir) müvafiq olaraq, satışını həvalə etdiyimiz dondurma məhsullarının satılmasının təmin edilməsi məqsədi ilə Cavabdeh “03” may 2021-ci il tarixli, **********/21 saylı “Dondurucu avadanlıqlarının əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilə bağlamışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh 15 ədəd dondurucu avadanlığı əvəzsiz istifadəyə verilmişdir. Bu günkü günə qədər həmin dondurucuların geri qaytarılması təmin edilməmiş və göstərilən səylər nəticə verməmişdir. Qeyd edilən “Dondurucu avadanlıqlarının əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilənin 1.3-cü bəndinə əsasən -“İstifadəçi” “İstifadəyə verən”-dən əmlakı qəbul edir və “İstifadəyə verən”-ə məxsus məhsulların dondurulmasını təmin etməyi üzərinə götürür və hazırkı Müqavilənin dayandırılmasından və ya xitamından sonra və ya mövsümün sonuna qədər (2021-ci il mövsümünün sonu dedikdə 01 oktyabr 2021-ci il tarixi nəzərdə tutulur) “İstifadəyə verən”-ə əmlakı təbii köhnəlmə nəzərə alınmaqla aldığı vəziyyətdə qaytarmağı üzərinə götürür. Həmin Müqavilənin 3.2-ci bəndinə müvafiq olaraq - “İstifadəyə verən”-ə qaytarılan əmlak “İstifadəçi” tərəfindən təhvil alınmış vəziyyətdə, təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır. Həmin Müqavilənin 3.5-ci bəndinə müvafiq olaraq əmlakın vaxtında qaytarılmamasına, eləcə də Əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə, “İstifadəçi”-yə daxil olmuş tələb əsasında hazırkı Müqavilə ilə təhvil verilmiş Əmlakın dəyərinin 1% (bir faiz) həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə “İstifadəyə verən”-ə ödəyir. Əmlakın “İstifadəçi” tərəfindən “İstifadəyə verən”-ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, Əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “İstifadəçi” onun dəyərinin 2 mislini “İstifadəyə verən”-ə ödəyir. Nəzərə alsaq ki, qaytarılmayan 15 ədəd dondurucuların ümumi dəyəri 5 385 AZN təkil edir və həmin Müqavilənin 1.3. bəndinin tələblərinə əsasən, cərimə tətbiq etmədən, 15 ədəd dondurucuların dəyərinin 2 misli 10.770 (on min yeddi yüz yetmiş) AZN təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək "xxxx" MMC-yə (əvvəlki adı İddiaçı MMC-yə) qaytarılmayan 15 ədəd dondurucuların ümumi dəyərinin iki mislini, yəni 10 770 (on min yeddi yüz yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, **********/21 saylı dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “İstifadəyə verən”in məhsullarının satışını təşkil edən “İstifadəçi“-yə həmin məhsulların dondurulmuş halda satılmasının təmin edilməsi məqsədi ilə “İstifadəyə verən”ə məxsus dondurucu “İstifadəçi”yə əvəzsiz istifadəyə verilmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən əmlakın vaxtında qaytarılmamasına, eləcə də əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə, “İstifadəçi”-yə daxil olmuş tələb əsasında hazırkı Müqavilə ilə təhvil verilmiş Əmlakın dəyərinin 1% (bir faiz) həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə “İstifadəyə verən”-ə ödəyir. Əmlakın “İstifadəçi” tərəfindən “İstifadəyə verən”-ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, Əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “İstifadəçi” onun dəyərinin 2 mislini “İstifadəyə verən”-ə ödəyir. İşdə olan xx.xx.2021-ci il tarixli, 457 saylı soyuducu təhvil-təslim aktından görünür ki, 10 ədəd “Uğur UDD-300 Milla SCEB” markalı dondurucular cavabdehə təhvil verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 481 saylı soyuducu təhvil-təslim aktından görünür ki, 5 ədəd “Uğur UDD-300 Milla SCEB” markalı dondurucular cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC-nin mühasibat uçotundan 15 ədəd “Uğur UDD-300 Milla SCEB” markalı dondurucuların yekun dəyəri 4.894 manat təşkil edir. İşdə olan iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin tələb hissəsində mexaniki səhvə yol verildiyini, cavabdeh X3 15 ədəd dondurucu avadanlığını qaytarmalı olduğu halda 28 ədəd qeyd edilmişdir. Odur ki, mexaniki səvin nəzərə alınması məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır (VÖEN:**********). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış əvəzsiz istifadə müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 03 may 2021ci il tarixli, **********/21 saylı dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən malların təhvil-təslim aktlarına əsasən cavabdehə ümumi dəyəri 4.894 manat olan 15 ədəd dondurucu verilmiş, cavabdeh təhvil aldığı dondurucuları 01 oktyabr 2021-ci il tarixinə kimi iddiaçıya qaytarmalı olsa da cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı məktubla cavabdehə dondurucuların qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, avadanlıqların qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində dondurucuların qaytarılmasını təmin etməmişdir. Bundan başqa, İddiaçı MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Eyni zamanda, məhkəmə müəyyən etdi ki, iddiaçı iddia ərizəsində cavabdehdən qaytarılmayan 15 ədəd dondurucunun ümumi dəyərinin iki mislini, yəni 10.770 manat məbləğində pul tələb etsə də, işdə olan xx.xx.2022-ci il tarixli arayışla 15 ədəd dondurucunun ümumi dəyərinin 4.894 manat olduğu qeyd edilmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 15 ədəd dondurucunun ümumi dəyərinin iki misli, yəni 9.788 manat məbləğində (4.894*2=9.788) pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, məhkəmənin 06 aprel 2023-cü il tarixində keçirilən iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıdan 15 ədəd dondurucu təhvil aldığını, həmin donduruculardan 10 ədədini 2023-cü ilin aprel ayında qaytaracağını, dondurucuları vaxtında qaytarmadığı üçün hesablanmış borcu qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 734.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Mülki qanunvericiliyin əvəzsiz istifadə münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi əvəzsiz istifadə müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, əvəzsiz istifadə müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri əşyadan istifadə nəticəsində heç bir əvəz ödənilməməsidir. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh əvəzsiz istifadə müqaviləsi əsasında avadanlıqları təhvil alsa da, eyni zamanda müqavilə ilə müəyyən edilmiş müddətdə həmin avadanlıqları qaytarmalı olmasına dair öhdəliyi yerinə yetirməli olduğundan, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı əvəzsiz istifadə müqaviləsinin şərtlərinə əsasən pulun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə hesab edir ki, 100 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 26 dekabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC tərəfindən 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 122,31 manat dövlət rüsumunun 117,88 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9.788 manat məbləğində borc və ödənilmiş mediasiya xərcinə görə 100 manat olmaqla, ümumilikdə 9.888 (doqquz min səkkiz yüz səksən səkkiz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (İddiaçı MMC) ödənilsin. İddia qalan hissədə rədd edilsin. 117,88 (bir yüz on yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-251/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-251/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver