Məhkəmə qərarları › İş №e-2-2(121)-252/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-252/2022

14.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-252/2022 14.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı əmlakın müsadirə edilməsi barədə kiçik iddiaya dair işə Şirvan şəhərində sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi Cavabdeh qarşı cavabdehə məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 56 manat olan 14 ədəd tütün məmulatlarının müsadirə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 22.10.2021-ci il tarixli, **********5904 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Bakı şəhəri, Yasamal rayonu, X1 22 küçəsi ünvanında yerləşən fiziki şəxs Cavabdeh oğluna məxsus “Meyxoş” şərab evində operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı mağazada aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 56 manat olan 14 ədəd tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” 22.10.2021-ci il tarixli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” 22.10.2021-ci il tarixli protokol tərtib edilərək götürülmüşdür. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə **********5904 saylı, 22.10.2021-ci il tarixli qərarla Cavabdeh məxsus obyektə operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, operativ vergi nəzarəti zamanı vergi ödəyicisi olan Cavabdeh məxsus obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 56 manat olan 14 qutu tütün məmulatlarının olduğu müəyyən edilmişdir. Buna görə də, vergi ödəyicisi olan Cavabdeh barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi”nə dair 22.10.2021-ci il tarixli DVX 000020 nömrəli akt tərtib edilmişdir. İş materiallarından görünür ki, aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların vergi ödəyicisindən götürülməsi barədə” 22.10.2021-ci il tarixli DVX № 000020 nömrəli protokol tərtib edilərək götürülmüşdür. Protokola siyahıya alınmış məmulatların siyahısı əlavə edilmişdir. Göründüyü kimi, cavabdehə məxsus obyektdə (mağazada) operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə (mağazada) aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış mallar aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində akt tərtib edilmiş və aşkar edilmiş məhsullar protokol tərtib edilərək götürülmüşdür. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-ci və 23.1.15-4-cü maddələrinə əsasən, məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Qeyd edilən Məcəllənin 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehə məxsus obyektdə (mağazada) operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi nəticəsində cavabdehə məxsus mağazada aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış mallar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.13-cü maddəsinə əsasən aşkar edilərək götürüldüyündən, iddia təmin edilməklə həmin mallar müsadirə edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh oğluna (VÖEN: **********) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 56 manat olan 14 qutu tütün məmulatları müsadirə edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar