Məhkəmə qərarları › İş №e-2-2(121)-2533/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2533/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2533/2025 14.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixinə ödənilməli olan 665,48 (altı yüz altmış beş manat, qırx səkkiz qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-2533/2025 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 6460 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən 19876.0 kv.m torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixinə ödənilməli olan 665,48 (altı yüz altmış beş manat, qırx səkkiz qəpik) manat icarəhaqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2025-ci il tarixli, 3-21- 3/2-3783/2025 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə qərarlarından verilən şikayətlər və məhkəməyə verilən iddia ərizələri üçün ödənilən rüsumdan azaddır

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə qeyd olunanları nəzərə alaraq məhkəmə cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2018-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (“İcarəyəverən”) ilə Cavabdeh (İcarəçi”) arasında bağlanılmış xx.xx.2023-ci il tarixli, 6460 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, İcarəyəverən tərəfindən icarəyə verilən ünvan 1i ünvanında yerləşən 19876.0 kv.m torpaq sahəsi İcarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. 3.1-ci bəndinə əsasən, torpaq sahəsinin illik icarə haqqı 1920,0 manat, aylıq icarə 160,0 manatdır.

11. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh ödənilməli icarə haqqı borcu 665,48 manat təşkil edir.

12. İş materiallarında olan dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ödənilməmiş icarə haqqı borcunun olması bildirilmiş, borcun 7 iş günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

b) Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-706.3-cü maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 710-cu maddəsinə əsasən, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.

14. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun

4-cü maddəsinin 2-ci abzasına əsasən, Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. 4-cü maddəsinin 1-ci, 9 və 10-cu abzaslarına əsasən, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

15. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının: 2.5-ci maddəsinə əsasən, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

16. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin

3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

18. Məhkəmə baxışının hədləri:

- Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

20. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə görə iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olduğunu qeyd etməklə yanaşı hesab edir ki, iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, mübahisənin əsasında dövlət mülkiyyətində olan torpaq sahəsinin sahibkarlıq subyektinə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq icarəyə verilməsi dayanır. Mülki-hüquqi əqd olan icarə müqaviləsi mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin müqavilədən yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Digər bir hal ondan ibarətdir ki, iddiaçının tələbi də mahiyyətcə iqtisadi məzmunludur. Belə ki, cavabdehdən tələb olunan pul, onun sahibkarlıq məqsədi ilə icarəyə götürdüyü torpaq sahəsinin əvəzli istifadəyə verilməsi nəticəsində yaranan borcdur. Hazırki mübahisənin kommersiya xarakterli olmasını şərtləndirən başqa bir əsas odur ki, mübahisəyə tətbiq olunan maddi hüquq normaları əmlak kirayəsi müqaviləsinə (icarəyə götürülən torpaq sahəsindən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu, bunun müqabilində icarə haqqı ödəmək vəzifəsini ehtiva edən) aid normalar olmaqla sahibkarlıq fəaliyyəti ilə əlaqəli normalardır.

21. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında torpaq icarə müqaviləsinin bağlandığı, iş materiallarına əsasən həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı və müqaviləyə əsasən torpaqdan istifadəyə görə bir illik icarə haqqının 1920,0 manat təşkil etməsi və icarəçinin həmin məbləği ödəməklə bağlı öhdəliyinin olması işin mübahisəsiz hallarını təşkil edir.

22. İddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədikləri üçün icarəyə götürülən torpaq sahəsinə görə 665,48 manat borc ödənilməmiş qalmışdır. İddiaçı öz tələbinin əsası kimi icarə müqaviləsinə, cavabdehin şəxsi hesab vərəqəsindən çıxarışa və “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna istinad edir.

23. Məhkəmə qeyd edir ki, tələb olunan icarə haqqı borcunun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh qeyd olunduğu kimi, tələb olunan icarə haqqı borcunun dövlət büdcəsinə ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olduqduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

24. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, cavabdeh torpaq icarəsi müqaviləsi əsasında sahibkarlıq məqsədi ilə torpaq sahəsini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda həmin müqavilə ilə müəyyən edilmiş icarə haqqını vaxtında və tam şəkildə ödəməli olmasına dair öhdəliyin daşıyıcısı olduğundan, lakin öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün dövlət büdcəsinə borcu yarandığından, yığılmış icarə haqqının ödənilməsinə dair iddiaçının tələbi qanuni və əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri:

Məhkəmə prosessual xərclərə münasibətdə qeyd edir ki, hjazırki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh 665,48 (altı yüz altmış beş manat, qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2CZ) köçürülsün. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar