Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2536/2025 20.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə kiçik iddiaya dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – 3.999,76 manat əsas borc, 199,99 manat əldən çıxmış fayda və 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə BOKT "xxxx" QSC arasında xx.xx.2021ci il tarixində “əməkdaşlıq müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulların pul vəsaiti kredit götürən şəxs tərəfindən ödənilmədiyi halda həmin kredit borc məbləği İddiaçı MMC-dən tutulması nəzərdə tutulmuşdur. Yəni, İddiaçı MMC BOKT "xxxx" QSC tərəfindən kredit ayrılan şəxsə zamin durmuşdur. Belə ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 574-MEA-1221-22 saylı kredit müqaviləsi üzrə 3.999,76 manat məğləğində borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyinə görə həmin borcu müqavilə şərtlərinə əsasən BOKT "xxxx" QSC İddiaçı MMC-dən tutmuşdur. Belə olan halda İddiaçı MMC reqress qaydada borcun ödənməsinə dair Cavabdeh qarşı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh 3.999,76 manat olan borcunu iddiaçıya ödəməyə qanunsuz və əsassız olaraq qəsdən yayınır. Həmçinin, cavabdeh aldığı malların dəyərini gecikdirmişdir. Bu səbəbdəndə mülki qanunvericiliyin tələbinə əsasən iddiaçı cavabdehdən gecikdirilən borc məbləğinin 5% həcmində, yəni 199,99 manat əldən çıxmış fayda tələb edə bilər. Cavabdeh(lər)in Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etiraz(lar)ı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı MMC ilə kreditor BOKT "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əməkdaşlıq haqqında” müqavilənin surətindən görünür ki, satıcı bir və ya bir neçə avadanlığı kreditlə əldə etmək istəyən müştəriyə kreditordan müvafiq məbləğə qədər kredit almağı təklif edir. Kreditor həmin müştərinin kredit ödəmə qabiliyyətini qiymətləndirərək təsdiq etdikdən sonra ona bu müqavilədə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq kredit qaydalarına uyğun olaraq kredit verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən, satıcı avadanlıqların satışı zamanı kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə ay sonuna 60 gündən yuxarı gecikməsi olan müştərilərin borcunu tam olaraq ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 574- MEA-1221-22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə “Borcverən” “Borcalan”a İddiaçı MMC tərəfindən satışı həyata keçirilən məhsulu/məhsulları almaq məqsədi ilə 7.500 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC ilə kreditor BOKT "xxxx" QSC arasında bağlanmış 574-MEA-1221-22 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" QSC Cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış 574-MEA-1221-22 saylı kredit müqaviləsi əsasında borcalana veriləcəyi, 7.500 manat məbləğində kreditlə əlaqədar olaraq, borcalan BOKT qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə BOKT qarşısında tam məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 574-MEA-1221-22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.999,76 manat məbləğində əsas kredit borcu İddiaçı MMC ilə BOKT "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin 2.1.6-cı bəndinə əsasən İddiaçı MMC tərəfindən BOKT "xxxx" QSC-yə ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə BOKT "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əməkdaşlıq haqqında” müqavilənə əsasən iddiaçı tərəfindən satışı həyata keçirilən məhsulların pul vəsaiti ödənilmədiyi halda borc məbləğinin iddiaçıdan tutulması nəzərdə tutulmuşdur. BOKT "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 574-MEA-1221-22 saylı kredit müqaviləsi üzrə cavabdehin 3.999,76 manat məğləğində borcu yaranmışdır. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən mövcüd borc məbləği BOKT "xxxx" QSC-yə ödənilmişdir. Lakin, cavabdeh həmin məbləği iddiaçıya qaytarmadığından, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin əvəzinə ödədiyi pul vəsaitinin ona ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Qeyd edilən Məcəlləninin 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin əvəzinə 3.999,76 manat məbləğində kredit ödəniş ödəyərək, kreditor BOKT "xxxx" QSC-ni təmin etdiyindən, bununla da cavabdehə qarşı tələb hüququ iddiaçıya keçdiyindən, iddiaçı yalnız 3.999,76 manat (iddia ərizəsi üzrə tələb olunan) məbləğində pul vəsaitini tələb etməyə haqlıdır. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddianın “199,99 manat məbləğində əldən çıxmış faydanın tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh borcunun ödənilməsini gecikdirdiyindən, iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 3.999,76 manat əsas borc, 199,99 manat gecikdirilmiş vaxt üçün faiz borcu və 60 manat dövlət rüsumu, cəmi 4.259,75 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2536/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2536/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver