Məhkəmə qərarları › İş №e-2-2(121)-2622/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2622/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2622/2024 13.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ERS-002-2024-002 saylı daşınar əmlakın icarə müqaviləsi üzrə yaranmış ƏDV daxil, cəmi 21.584,92 (iyirmi bir min beş yüz səksən dörd, doxsan iki qəp.) AZN qalıq borcunun, həmin vəsaitin gecikdirilməsinə görə müqavilənin 4.4-cü bəndinə əsasən 755,47 dəbbə pulunun, əldə çıxmış faydaya görə Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq 4.532,82 AZN və 170.40 (yüz yetmiş, qırx qəp.) AZN dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-2597/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin eyni məzmunlu iddia ərizəsi cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına əməl edilməsinə dair sənədin iddia ərizəsinə əlavə edilmədiyi əsası ilə geri qaytarılmışdır. Məhkəmə müəyyən edir ki, İddiaçı MMC yenə eyni prosessual pozuntuya yol verərək cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına əməl edilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə, xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2597/2024 nömrəli qərardadında pretenziyaya dair sənədin elektron qaydada cavabdehə çatdırılmasının üsul və qaydaları barədə mövcud qanunvericiliyin tələblərini ətraflı şərh etmişdir. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinə əlavə edilmiş elektron kabinetdə hazırlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun statusu “Göndərilmiş” və “Təsdiqlənmiş” kimi qeyd olunsa da, həmin pretenziya məktubunun cavabdehə təqdim olunması, çatdırılması və ya hər hansı bir səbəbə görə təqdim olunma, çatdırılmanın mümkün olmaması barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə bir daha izah edir ki, pretenziya qaydasına tam əməl edilməsi üçün bu barədə sənədin cavabdehin elektron kabinetinə göndərilməsi kifayət etmir, bu barədə, yəni göndərmə barədə məlumatın elektron qaydada cavabdehə çatdırılması və çatdırılma barədə məlumatın iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunması da tələb olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdən göründüyü kimi İddiaçı MMC iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin elektron qaydada cavabdehə çatdırılmasına dair qaydalara tam əməl etmiş və bu barədə e-taxes.gov.az portalından fotoməlumatı iddia ərizəsinə əlavə etmişdir. Eyni qayda pretenziya məktubunun (bildirişinin) çatdırılmasına tətbiq olunacağı halda pretenziya qaydasına tam əməl edilməsi baş tutacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar