Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-266/2025 04.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 11454.56 manat məbləğində əsas borcun, 131.62 manat məbləğində faiz borcunun, cəmi 11586.18 manat borcun və 125 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 12% olmaqla 12000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 kredit müqaviləsi üzrə zamin olduğunu, əsas borclu borcu ödəməkdən yayındığına görə məcbur olub özünün ödəniş etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MG/00066/22/26 nömrəli kredit sazişinə əsasən, Cavabdeh2 36 ay müddətinə, illik 12% olmaqla 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MG/00066/22/26 nömrəli kredit sazişinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit ödənişinin son tarixi xx.xx.2025-ci il tarixi olaraq müəyyən edilmişdir və həmin tarixədək borc alan tərəfindən ümumilkdə cəmi 12000 manat əsas, 2946 manat faiz borcu olmaqla, cəmi 14946 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z1-MG/00066/22/26 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə görə Zamin 2.2-ci maddədə göstərilən öhdəlik üzrə Kredit alanın Bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və həmin öhdəliyin tamamilə icra edilməsinə görə Kredit alan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan “kassa məxaric orderi”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 hesabına 11799 manat məbləğində pul (kredit) vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, MG/00066/22/26 nömrəli kredit sazişinə əsasən 11454,56 manat məbləğində əsas borcunun, 131,62 manat məbləğində faiz borcunun olması hesablanmışdır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli “kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair” bildirişlərin surətindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 (əsas borclu), Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MG/00066/22/26 nömrəli kredit sazişinə əsasən yaranmış 11935,14 manat məbləğində əsas, 95,54 manat məbləğində faiz borcunun dərhal ödənilməsi tələb olunmaqla yanaşı, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh2 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. İşdə olan “Maliyyə arayışında” əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə ödənişlər vaxtında və tam qaydada həyata keçirilməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını, ekspert rəyini və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Məhkəmə iclasında veridiyi izahatında Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcun məbləğini mübahisələndirməmişdir. İş üzrə digər cavabdeh (kredit müqaviləsi üzrə əsas borclu) Cavabdeh2 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə qarşı etiraz və ya iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə Cavabdeh1 imzaladığı zaminlik müqaviləsi ilə borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliyini pozduğuna görə zaminin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə 11454,56 manat məbləğində əsas borc, 131,62 manat məbləğində faiz borcu və ödənilmiş 125 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 11711,18 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-266/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-266/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver