Məhkəmə qərarları › İş №e-2-2(121)-27/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-27/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-27/2021 23.12.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı1 Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı1 Bank Olmayan Kredit X2 Cəmiyyəti Cavabdeh1 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Bank Olmayan Kredit X2 Cəmiyyəti (bundan sonra İddiaçı1 BOKT ASC) Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyul 2018-ci il tariхli, 2018/00258-01 saylı №-li krеdit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 16.476,76 ABŞ dolları məbləğində əsas borcun, 1.673,54 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4.752 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 22.902,30 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 16.476,76 ABŞ dolları məbləğində əsas borcun, 1.673,54 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4.752 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 22.902,30 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı1 BOKT BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüququ itirilməklə əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 BOKT BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2018-ci il tariхli, 2018/00258-01 saylı №-li Krеdit Müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 36 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 22 000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Seriya RX№ 0136921, Reyestr № **********86-05101- 093057, Qeydiyyat № **********, tarix 19.11.2010) ipoteka predmeti kimi İddiaçı1 BOKT ASC-yə təqdim etmiş və bu barədə 09 iyul 2018-ci il tariхli, 2018/00258-01 saylı İP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan sonrakı ipoteka müqaviləsi 11.07.2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Seriya RX № 1336974). Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsait cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq İddiaçı1 BOKT ASC tərəfindən cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı1 BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 10 fevral 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 16 476.76 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1673.54 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4752 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 22 902.30 ABŞ dolları məbləğində borc yaranmışdır. Sonradan iddiaçı tərəfindən iddia tələbi həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilərək, 09 iyul 2018-ci il tariхli, 2018/00258-01 saylı №-li krеdit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 16.476,76 ABŞ dolları məbləğində əsas borcun, 5.553,09 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12.672 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 34.701,85 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 16.476,76 ABŞ dolları əsas borcun, 5.553,09 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12.672 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 34.701,85 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı1 BOKT BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxalərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbi həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilərək, 09 iyul 2018-ci il tariхli, 2018/00258-01 saylı №-li krеdit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 16.476,76 ABŞ dolları məbləğində əsas borcun, 7.262,28 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.104 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 39.843,04 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 41 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 16.476,76 ABŞ dolları əsas borcun, 7.262,28 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.104 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 39.843,04 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı1 BOKT BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxalərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 BOKT BOKT ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı1 BOKT ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 09 iyul 2018-ci il tarixli, 2018/00258-01 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 oğluna illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə dövriyyə vəsaitinin artırılması məqsədilə 22.000 (iyirmi iki min) ABŞ dolları məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı1 BOKT ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 09 iyul 2018-ci il tarixli, 2018/00258-01İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 09 iyul 2018-ci il tarixli, 2018/00258-01 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh1 məxsus, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.32 kv.m, yaşayış sahəsi 42.62 kv.m, yardımçı sahəsi 21.70 kv.m olan 3 otaqlı, 41 saylı mənzil İddiaçı1 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 11.07.2018-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 oğluna məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evi İddiaçı1 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı1 BOKT ASC-nin 10.02.2020-ci il tarixli borc haqqında arayışından görünür ki, İddiaçı1 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2018-ci il tarixli, 2018/00258-01 saylı kredit müqaviləsi üzrə cavabdehin 10.02.2020-ci il tarixə banka 16.476,76 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 1,673,54 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan dəbbə pulu (cərimə) 4.752 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 22.902,30 ABŞ dolları təşkil edir. İş materiallarında olan, İddiaçı1 BOKT ASC tərəfindən Cavabdeh1 oğluna ünvanlanmış pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 09 iyul 2018-ci il tarixli, 2018/00258-01 saylı kredit müqaviləsi üzrə borcun 21 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı1 BOKT ASC-yə ünvanladığı 17.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 37 saylı evin 41 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan İddiaçı1 BOKT ASC tərəfindən məhkəməyə ünvanlanmış 10.04.2020-ci il tarixli məktubda qeyd edilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən, güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyasına şamil edilir. “Borc tələbi və və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsinə dair” iddia ərizəsində və ona əlvə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı1 BOKT ASC ilə Cavabdeh1 arasında kredit və ipoteka müqaviləsi 9 iyul 2018-ci il tarixdə imzalanmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 avqust 2020-ci il tarixli, 191/FBOKT/20 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı1 BOKT ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 09 iyul 2018-ci il tarixli, 2018/00258-01İP saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında 9 mərtəbəli köhnə tikili binada yerləşən 3 otaqlı, 41 nömrəli mənzilin likvid dəyəri 79.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2020-ci il tarixli, 9/3430 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 09.07.2018-ci il tarixli, 2018/00258- 01 №-li kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 pğlunun 05.06.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 19.403,38 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən 05.06.2020-ci il tarixə əsas borc üzrə 16.476,76 ABŞ dolları faiz borcu üzrə 2.926,62 ABŞ dolları müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli, 9/7679 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 09.07.2018-ci il tarixli, 2018/00258-01 №-li kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 pğlunun 05.06.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 23.731,27 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 16.476,76 ABŞ dolları, faiz borcu üzrə 7.254,51 ABŞ dolları müəyyən olunur. Məhkəmə ilk öncə 09 iyul 2018-ci il tarixli, 2018/00258-01 saylı kredit müqaviləsinin ləğv edilməsi tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, kredit müqaviləsinin müddəti ilə bağlı münasibətləri tənzimləyən 1.3-cü maddəsində kreditin 36 ay müddətinə verildiyi qeyd olunmuşdur. İşin hallarından görünür ki, kredit müqaviləsinin müddəti 09 iyul 2021-ci il tarixində bitmişdir. İddiaçı isə 03 mart 2020-ci il tarixində məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət edərəkən cavabdehlə bağlanılmış kredit müqaviləsi qüvvədə olmuşdur. Bu xüsusat tərəflər arasında müqavilə münasibətlərinin davam etməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı mübahisənin mahiyyətindən də göründüyü kimi cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, bunun nəticəsində müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur və buna görə də məhkəmə hesab edir ki, həmin müqavilə ləğv edilməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı1 BOKT ASC ilə Cavabdeh1 oğlu arasında 09 iyul 2018-ci il tarixli, 2018/00258-01 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 22.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı1 BOKT ASC ilə Cavabdeh1 arasında 09 iyul 2018-ci il tarixli, 2018/00258-01İP saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 oğluna məxsus, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.32 kv.m, yaşayış sahəsi 42.62 kv.m, yardımçı sahəsi 21.70 kv.m olan 3 otaqlı, 41 saylı mənzil sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı1 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 oğlu həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli, 9/7679 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 09 iyul 2018-ci il tarixli, 2018/00258-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 oğlunun 16.476,76 ABŞ dolları məbləğində əsas kredit borcunun və 7.254,51 ABŞ dolları faiz borcunun mövcud olduğu iş materialları ilə təsdiq edildiyindən və iddiaçı əsas və faiz borcunu tələb etdiyindən, məhkəmə hesab edir ki, əsas və faiz borca münasibətdə iddia təmin edilməli, 16.476,76 ABŞ dolları məbləğində əsas borc və 7.254,51 ABŞ dolları məbləğində faiz borcu Cavabdeh1 oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, məhkəmə iddianın 16.104 ABŞ dolları məbləğində cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 165 ABŞ dolları məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 09 iyul 2018-ci il tarixli, 2018/00258-01İP saylı sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında ipoteka predmetinin, yəni Cavabdeh1 oğluna məxsus İddiaçı1 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.32 kv.m, yaşayış sahəsi 42.62 kv.m, yardımçı sahəsi 21.70 kv.m olan 3 otaqlı, 41 saylı mənzilin ilkin satış qiyməti 79.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı1 BOKT ASC-yə olan borc ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, sonrakı ipoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə ipoteka predmeti olan yaşayış sahəsindən çıxmaq öhdəliyini qəbul etmiş və bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 12 manatı iddiaçıya aid edilməli, 18 manatı isə Cavabdeh1 oğlundan iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh1 oğlundan tutularaq "xxxx" MMCyə, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh arasında bağlanılmış 09 iyul 2018-ci il tarixli, 2018/00258-01 saylı saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 16.476,76 ABŞ dolları əsas borc, 7.254,51 ABŞ dolları faiz borcu, 165 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə borcu) olmaqla, ümumilikdə 23.896,27 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat məbləğində pul tutularaq İddiaçı1 Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.32 kv.m, yaşayış sahəsi 42.62 kv.m, yardımçı sahəsi 21.70 kv.m olan 3 otaqlı, 41 saylı mənzilə yönəldilsin. Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.32 kv.m, yaşayış sahəsi 42.62 kv.m, yardımçı sahəsi 21.70 kv.m olan 3 otaqlı, 41 saylı mənzilin ilkin satış qiyməti 79.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 16.476,76 ABŞ dolları əsas borc, 7.254,51 ABŞ dolları faiz borcu, 165 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə borcu) və 18 manat məbləğində dövlət rüsumu İddiaçı1 Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar