Məhkəmə qərarları › İş №e-2-2(121)-2702/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2702/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2702/2025 04.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 022R********** saylı krеdit razılaşması üzrə 3327,82 manat krеdit bоrcu, 573,28 manat faiz bоrcu və 180,37 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4081,47 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60,82 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı QSC ilə kredit alan Mirzəyev Müşfiq Kamran oğlu və zaminlər Cavabdeh2 və Cavabdeh1ı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 022L**********79 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Mirzəyev Müşfiq Kamran oğluna 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Mirzəyev Müşfiq Kamran oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 022R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 26% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində məbləğində kredit götürmüşdür. Mirzəyev Müşfiq Kamran oğlu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Mirzəyev Müşfiq Kamran oğlu götürdüyü krеdit bоrcundan 672,18 manat ödəmiş, onun 3327,82 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınad hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Mirzəyev Müşfiq Kamran oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 271 gün üçün hesablanmış faiz borcu 573,28 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 271 gün üçün hеsablanmış cərimə 180,37 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Mirzəyev Müşfiq Kamran oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq mərhum Mirzəyev Müşfiq Kamran oğlunun mülkiyyətində daşınar əmlakın olmadığı və vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Mirzəyev Müşfiq Kamran oğlunun mülkiyyətində daşınmaz əmlak - torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin mərhumun oğlu Cavabdeh1 istifadəsində olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi, Mirzəyev Müşfiq Kamran oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə və zaminə qarşı tələb hüququ yaranması üçün əsasdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinin Cavabdeh2 münasibətdə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında borcu hissə-hissə ödəyəcəyini bildirdi və cərimənin azaldılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, proses iştirakçılarının izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə kredit alan Mirzəyev Müşfiq Kamran oğlu, zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 022L**********79 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Mirzəyev Müşfiq Kamran oğluna 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh Mirzəyev Müşfiq Kamran oğlu arasında bağlanmış ilə xx.xx.2024-cü il tarixli 022R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, Bank cavabdeh Mirzəyev Müşfiq Kamran oğluna 24 ay müddətinə, illik faiz dərəcəsi 26% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan kreditin verilməsinə dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Mirzəyev Müşfiq Kamran oğlunun bank hesabına xx.xx.2024-cü il tarixdə 40 manat komissiya haqqı çıxılmaqla, 4000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli 022R********** nömrəli kredit krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2026-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Mirzəyev Müşfiq Kamran oğlunun xx.xx.2024-cü il tarixli 022R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə əsas borcu 3327,82 manat, faiz borcu 573,28 manat, cərimə borcu 180,37 manat olmaqla, cəmi borc məbləği 4081,47 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı QSC ilə cavabdeh Mirzəyev Müşfiq Kamran oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli 022R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 2117,08 manat borcun xx.xx.2025-ci il tarixinədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı QSCyə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 Müşfiq oğluna xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Azərbaycan Respublikasının Vəkil Kollegiyası Bakı şəhəri “AİM” Vəkil bürosunun vəkili Məhsəti Hüseynovanın sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, Mirzəyev Müşfiq Kamran oğlunun və Cavabdeh2 Sərxan oğlunun adlarında qeydiyyatda və ya onlar tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Regional Asan Xidmət Mərkəzində Notariat ofisinin 324g nömrəli cavab məktubunda bildirilmişdir ki, ölmüş şəxs Cavabdeh2 Sərxan oğlunun vərəsələrinə dair vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məlumata əsasən Salyan rayonu Xurşud kəndində yerləşən 3.5655 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə əsaslarla Cavabdeh2 Sərxan oğlunun adına qeydiyyata alınmışdır, lakin Salyan rayon 2-ci DNK-nın 4Ə-227 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Bundan başqa iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 Sərxan oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı QSC ilə mərhum Mirzəyev Müşfiq Kamran oğlu arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı QSC mərhum Mirzəyev Müşfiq Kamran oğluna borc (kredit) verməyi, Mirzəyev Müşfiq Kamran oğlu isə aldığı borcu (krediti) faizi ilə birgə hissə hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 743.1ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, müqavilə və ya onun ayrı-ayrı şərtləri onun işitrakçıları tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən aşkar edilməmişdir. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, mərhum Mirzəyev Müşfiq Kamran oğlu həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Mirzəyev Müşfiq Kamran oğluna kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışın”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Mirzəyev Müşfiq Kamran oğlunun əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh Mirzəyev Müşfiq Kamran oğlu tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə, iş üzrə Cavabdeh1 iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə Cavabdeh1 imzaladığı zaminlik müqaviləsi ilə borclu Mirzəyev Müşfiq Kamran oğlunun kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəlik pozulduğuna görə zaminin kreditor qarşısında məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsinin şərtlərinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda cərimə ödəmək öhdəliyini borc alan öz üzərinə götürmüşdür. İşin halları ilə kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, cavabdehin iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 180,37 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə nəzərdə tutulmuş dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2024-cü il tarixli 022R********** nömrəli kredit razılaşması üzrə 3327,82 manat məbləğində əsas borc, 573,28 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu və ödənilmiş 60,82 manat dövlət rüsumu olmaqla, cəmi 3971,92 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar