Məhkəmə qərarları › İş №e-2-2(121)-2708/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2708/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2708/2025 31.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsmayıl oğlundan 4500 (dörd min beş yüz) manat dəymiş ziyan və 65 (altmış beş) manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İsmayıl oğlu ilə “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi” tərəfindən 2021-ci ilin oktyabr ayında razılıq əsasında müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən ötən ilin oktyabr ayında razılıq əsasında əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Belarus” MTZ-89.2 markalı AZ 10 V 496 d.q.n traktoru və ona əlavə olunan otbiçən, kotan, mala çəkən, dırmıq təhkim olunmuş və bu barədə təhvil vermə aktı tərtib olunmuşdur. Cavabdehə təhvil verilmiş traktor və mexanizmlər tam işlək vəziyyətə gətirilmiş və daha sonra onun tərəfindən nasaz halda olan traktoru qarajda qoyub getmişdir və araşdırma nəticəsində traktor və mexanizmlərin əksəriyyəti sınmış və yararsız vəziyyətə düşdüyündən, işin qızğın vaxtında texnikanı yararsız hala gətirdiyi üçün işə çıxmadığından, təhvil vermədiyindən digər şəxs traktorçu kimi işə götürülmüşdür və traktoru işlək vəziyyətə həmin şəxs gətirdiyindən məhkəmədə iddia qaldırılmışdır. Cavabdeh İsmayıl oğlunun əməllərindən vurulan 445.0 manat zərərin 30.0 manat dövlət rüsumunun “QTKK” İstehsalat Kooperativə ödənilməsi barədə Salyan rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli 2(057)-2013/2022 saylı qətnamə qəbul edilmişdir. “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi 2023-cü ilin yanvar ayında İddiaçınə çevrilmişdir. Qətnamə çıxarılsa da həmin vaxt cavabdehin öhdəlik götürdüyü sahənin biçini üçün çəkilmiş pul tələb edilməmişdir. Belə ki, narazılığı aradan qaldırmaq üçün qonşu kənddən olan Pənahov Rəsul adlı sürücüyə həmin 50 hektar ərazini 3 dəfə biçdirmişlər. Həmin biçin üçün 4500.0 manat pul ödənilmişdir. Belə ki, 4500 manat 50 ha yonca sahəsini cavabdeh tam biçmədiyi üçün kooperativə 4500.0 manat ziyan vurmuş oldu. Tərəflərindən İK-nə vurulmuş 4500 manat zərərin ödənilməsi üçün 3 gün vaxt verilmiş və pretenziya məktubu da göndərilmişdir. Əks halda məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Cavabdeh bu məsuliyyətsiz hərəkətləri ilə kooperativə maddi ziyan vurduğundan onu ödəməyə borcludur. Cavabdeh İsmayıl oğlunun əməllərindən vurulan 445.0 manat zərərin 30.0 manat dövlət rüsumunun “QTKK” İstehsalat Kooperativə ödənilməsi barədə Salyan rayon Məhkəməsinin qətnaməsi vardır. Bununla da cavabdehin təqsiri ucbatından hazırda tələb edilən məbləğdə onun zərər vurması sübuta yetirilir. Şəxsin hərəkətindən vurulan zərər mülki qanunvericiliyin tələblərinə əsasən ödənilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 18-ci bəndində məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailənikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuşdur və iddiaçının tələbi cavabdehin öz əmək funksiyalarını pozması nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi barədədir. Belə olan halda, hazırki mübahisə predmet, həm də hüquq münasibətlərinin xarakteri baxımından sahibarkarlıq fəaliyyətindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, tərəflər vergi ödəyicisi olsalar da hazırki iş üzrə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə 65 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 65 manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılmalıdır. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.https://e-qanun.az/framework/46945 Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 65 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı Şirvan Aqro” İstehsalat Kooperativinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar