Məhkəmə qərarları › İş №e-2-2(121)-2723/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2723/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2723/2024 26.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 310,93 manat məbləğində əsas borc, 5,87 manat məbləğində faiz borcu, cəmi 316,80 manat məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Qoşulma razılaşması” müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet (MC World NeoCard Debit PayPas) kartı verilmişdir. Cavabdeh“ Qoşulma razılaşması” müqaviləsi əsasında yaradılmış 523522***9001 saylı kartı hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin, xx.xx.2024-ci il tarixdən etibarən yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə o, 310.93 manat məbləğində banka məxsus pul vəsaitinı istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 310.93 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus qeyd olunan 310.93 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 310.93 manat məbləğində əsas, 5.87 manat məbləğində faiz borc olmaqla, cəmi 316.80 məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli “Qoşulma razılaşması“ müqaviləsinə əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardir. Həmin müqavilənin 2.1-ci maddəsinə qeyd edilmiş linkdə yerləşdirilmiş qoşulma razılaşmasına əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Qoşulma razılaşması”nın: 1.1-ci bəndinə əsasən, bu razılaşma tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələrini müəyyən edir. Müştəri müraciətinə (Müştəri tərəfindən identifikasiya məlumatlarından istifadə etməklə və/və ya Banka yaxınlaşmaqla Bank xidmətlərindən istifadə edilməsinə dair iradə ifadəsi) əsasən bankın təklif etdiyi xidmətlərdən istifadə edərkən Bank və Müştəri arasında olan münasibətlərin həmin xidmətlərə dair xüsusi şərtləri özündə əks etdirən və Bankın https://www.bankrespublika.az/az/pages/kompleksbank-xidmeti- muqavilesi 1310 rəsmi saytında və ya Mərkəzi Bankın müvafiq platformasında (Bundan sonra RİS adlandırılacaq) PDF və ya ASANDOC formatında yerləşdirilmiş və şərtləri Müştəri tərəfindən əvvəlcədən oxunub qəbul edilmiş Kompleks Bank Xidməti Müqaviləsi (bundan sonra KBXM) və müvafiq razılaşmalar ilə tənzimləndiyini bu razılaşmanı imzalayaraq qəbul edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən Bank Müştəriyə AZ92BRES******************** saylı, AZN valyutasında kart hesabı (bundan sonra- bank hesabı) açır və ödəniş vasitəsi olan MC World NeoCard Debit PayPass növlü ödəniş kartı (bundan sonra- kart ) təqdim edir, habelə, elektron bank xidmətlərində istifadə edilməsi imkanını verir. Tərəflərin bank hesabı üzrə, habelə ödəniş kartının verilməsinə və istifadə edilməsinə, habelə elektron bank xidmətlərindən istifadə edilməsinə dair hüquq və vəzifələri və anlayışlar bu razılaşma və Bankın https://www.bankrespublika.az/az/pages/k0mpleks-bank-xidmetimuqavilesi_1310 internet səhifəsində PDF və ya AS ANDOC formatında yerləşdirilmiş və Müştəri tərəfindən bu razılaşma imzalanmamışdan əvvəl tanış olaraq qəbul etdiyi Kompleks Bank Xidməti müqaviləsi (KBXM) ilə tənzimlənir. Həmin razılaşmanın : 1.1-ci bəndinə əsasən, Müştərinin hesabına səhvən daxil olmuş məbləğləri öhdəlik həcmində Müştərinin hesabında bloklaşdırmaq və həmin məbləğlər Müştəri tərəfindən könüllü geri qaytarılmazsa, onun hesabından silmək; 1.2-ci bəndinə əsasən, Bank qarşısında yaranmış öhdəliklərin (kredit, zaminlik, ipoteka, girov, xidmət haqqı üzrə borc və bunlarla məhdudlaşmadan digər öhdəliklərin) icrasının təminatı üsulu olaraq müştəri hesablarında olan puf vəsaitlərini mübahisəsiz (akseptsiz) qaydada silmək Bankın hüquqlarına daxildir. İş materiallarında olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 310,93 əsas borc, 5,87 faiz borcu olmaqla, ümumilikdə 316,8 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kart müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 311 manat borcun məktub alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, müəyyən edilmiş işin faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış bank xidməti müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh AZN valyutasında kart hesabı açılmasını və ödəniş vasitəsi olan MC World NeoCard Debit PayPass növlü ödəniş kartı təqdim edilməsini, habelə elektron bank xidmətlərindən istifadə edilməsi imkanının verilməsini, cavabdeh isə razılaşmanın şərtlərinə əməl etməyi, o cümlədən kart hesabına əsassız yatırılmış vəsaiti geri qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə müəyyən edir ki, xx.xx.2024-ci il tarixdən etibarən yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmamasına baxmayaraq cavabdeh 310.93 manat məbləğində banka məxsus pul vəsaitindən istifadə etmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq əsassız istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülməsinə baxmayaraq, banka məxsus olan 310.93 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamış, həmçinin həmin vəsaitin geri qaytarılması tələb olunsa da cavabdeh tərəfindən tələbə əməl olunmamışdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına əsasən tərəflər arasında bank xidməti göstərilməsinə dair müqavilə münasibətlərinin yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik hüququna dair müvafiq normaları təşkil edir. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq əsassız olaraq iddiaçıya məxsus olan pul vəsaitindən istifadə edilmişdir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 310,93 əsas borc, 5,87 faiz borcu olmaqla, ümumilikdə 316,8 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə qarşı etiraz və ya iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 310,93 manat məbləğində əsas borc, 5,87 manat məbləğində faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 346,8 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar