Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2810/2024 28.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı audit prosedurlarının aparılmasına dair aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı audit prosedurlarının aparılmasına dair aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı barəsində tərtib etdiyi 07 noyabr 2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair akt”ının qanunsuz əsaslarla tərtib olunmasını nəzərə almaqla ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli SA 074 saylı İcazə əsasında fəaliyyət göstərən sərbəst auditor Cavabdeh İddiaçı barəsində 07 noyabr 2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair akt” tərtib etmişdir. Müvafiq aktda “İddiaçı öhdəsində xx.xx.2023-cü il tarixə 45.558,90 manat ehtimal olunan çatışmazlıq (borc qalığı) müəyyən olunması” qeyd olunmuşdur ki, aşağıda qeyd olunanlar həmin aktın qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət olunmadan tərtib olunduğunu göstərir. İddia ərizəsinə qoşma kimi əlavə olunan sərbəst auditor Cavabdeh tərəfindən tərtib olunan 07 noyabr 2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair akt”ın giriş hissəsindən göründüyü kimi auditor tərəfindən fiziki şəxs X2 ilə bağlanmış xx.xx.2023-cü il tarixli 60 saylı müqaviləyə əsasən sahibkarın meneceri İddiaçı mal-pul dövriyyəsinin auditini aparmışdır. Müvafiq aktın dördüncü bölməsində də təsdiq olunduğu kimi “xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı sahibkarın meneceri vəzifəsinə qəbul edilmişdir”. Halbuki auditor aktında sahibkarın meneceri İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi mal-pul dövriyyəsinin auditinin nəticələri ilə bağlı məlumatlar öz əksini tapmışdır. Göründüyü kimi auditor işçinin fəaliyyəti üzrə auditi apararkən əmək münasibətlərinin yaranmadığı dövrə aid audit həyata keçirmişdir. Mədaxil və məxaric əməliyyatlarının aparılmasının işəgötürən tərəfindən əmək münasibətlərinin yaranmadığı dövrdə Siruza tapşırılması qanunsuz olduğundan auditor həmin sənədlərə istinad etməməli idi. Eyni zamanda auditor tərəfindən tərtib olunmuş aktda auditin yekun sənədlərinə əlavə edilməli olan sənədlər əlavə edilməmiş, nəticədə aktın forması ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş tələblərə tam riayət olunmamışdır. Halbuki, yekun sənədləri auditorun əhəmiyyətli və lazımlı hesab etdiyi faktları və öz rəyində göstərdiyi son nəticələri əsaslandıran bütün məlumatları əks etdirməli idi. Həmçinin müvafiq aktda auditor tərəfindən “İddiaçı öhdəsində xx.xx.2023-cü il tarixə 45.558,90 manat ehtimal olunan çatışmazlıq (borc qalığı) müəyyən olunması” qeyd olunmuşdur. Auditor tərəfindən tərtib edilən aktda “ehtimal olunan” ifadəsindən istifadə olunması, ehtimali mülahizələrə əsaslanılması, onun dəqiqlik və əsaslılıq kimi tələblərə cavab vermədiyini göstərir. Halbuki auditor tərəfindən tərtib olunan aktlar tam dəqiq əsaslandırılmalı, konkret məlumatlara istinad edilməklə dəqiq və aydın surətdə qarşıya qoyulan sualları cavablandırmalıdır. İddiaçı tərəfindən Auditorlar Palatasına ünvanlanan müvafiq aktla bağlı şikayətə sonuncu tərəfindən verilən 10-1/2- N-42-3/2024 saylı cavab məktubunda qeyd edilir ki, auditor Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair akt” X1 qismən riayət edilməklə verilmişdir və bu hal Cavabdeh nəzərinə çatdırılmışdır. Auditorlar Palatasının cavabından göründüyü kimi, Audit rəyi müvafiq standartlara qismən riayət edilməklə tərtib edildiyi üçün bu onun əsaslı olmasına şübhə yaradır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi baxılmasının mümkün olmaması əsası ilə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin qərarın 11-ci bəndində isə göstərilir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Beləliklə, yuxarıda sadalanan prosessual hüquq normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi zamanı mübahisə tərəflərinin subyekt tərkibi ilə yanaşı, mübahisənin predmetinin və tərəflər arasında yaranmış münasibətin xarakterinin tərəflərin birgə və ya ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması, həm də bu üç meyarın birgə mövsud olması tələb olunur. Məhkəmə qanunvericiliyin və mövcud vahid məhkəmə təcrübəsinin tələblərini hazırki işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, tərəflərin subyekt tərkibi mübahisənin kommersiya işi kimi qəbul edilməsinə uyğun olsa da, tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri buna imkan vermir. Belə ki, işdən göründüyü kimi əvvəla hazırki iş üzrə iddiaçı və cavabdeh arasında birbaşa müqavilə və ya öhdəlik yaradan digər hüquq münasibətləri mövcud olmamışdır və münasibətlərin yaranmasına səbəb iddiaçının əmək münasibətlərində olduğu sahibkarla sərbəst audit fəaliyyəti göstərən cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən iddiaçının fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair tərtib etdiyi audit rəyi olmuşdur. İddiaçı həmin rəylə razılaşmayaraq hazırki tələbi irəli sürmüşdür. Digər tərəfdən yenə işdən görünür ki, aparılmış audit iddiaçının işçi (menecer) kimi fəaliyyəti üzrə aparılmışdır. Yəni auditin aparılmasının hüquqi və faktiki əsası kimi iddiaçı ilə sahibkar arasında mövcud olan əmək münasibətləri çıxış etmişdir. Əmək münasibətlərindən yaranan mübahisələrin isə (o cümlədən əmək münasibətləri üzrə işçinin fəaliyyətinin audit yoxlamasından yaranan mübahisələr) sahibkarlıq fəaliyyətindən yaranan mübahisə kimi kommersiya məhkəmələri tərəfindən baxılması istisna edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 18-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-ci maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə kommersiya məhkəmələrində baxılmalı olmadığını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması qərara alındığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.3cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 114, 152, 263, 264, 267-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı audit prosedurlarının aparılmasına dair aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzi № **********) iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2810/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2810/2024
28.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver