Məhkəmə qərarları › İş №e-2-2(121)-2811/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2811/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2811/2025 13.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı X3-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, X1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh3, X1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 830,00 manat, faiz borcuna görə 49,00 manat, cərimə borcuna görə 370,05 manat, cəmi 1249,05 manat məbləğində borcun və 32,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1016 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 221 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1016 – ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1, **********1016– ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh3üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh3 qızınınəsas borc üzrə 830,00 manat, faiz borcuna görə 49,00 manat, cərimə borcuna görə 370,05 manat, cəmi 1249,05 manat təşkil edir. Məhkəmə xx.xx.2025-ci il tarixli, e-2-2(121)-2811/2025 nömrəli qərardadla iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatını mümkün hesab etmişdir. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) cavabdehlər Cavabdeh3, X1 və X2 poçt vasitəsilə çatdırılmışdır. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh3 sahibkarlıq subyekti kimi xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Masallı rayonu, Şatıroba kəndində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1016 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 24 ay müddətinə, kredit üzrə illik faiz 28,00% olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli **********1016 nömrəli krеdit müqaviləsi üzrə ilk ödəniş tarixi kimi xx.xx.2023-cü il, son ödəniş tarixi isə xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh1 Əlimdar oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1016 – ******* nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti xx.xx.2023-cü il tarixli **********1016 nömrəli kredit müqaviləsi ilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1016 – ******* nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti **********1016– ******* nömrəli kredit müqaviləsi ilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli **********1016 nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 830 manat, faiz borcu 49 manat və cərimə 370,05 manat olmaqla, cəmi borc məbləği 1249,05 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1016 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən qısa müddət ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MM QBKT-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3, X1 və X2 xəbərdarlıq edilmişdir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı MM QBKT Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər iddia ərizəsinə qarşı etiraz verməmişlər, həmçinin iddia tələbinin əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Bununla da Cavabdeh3 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə görə, cavabdeh verilmiş kreditin faizləri ilə birlikdə qaytarmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə iddiaçıya cərimə ödəmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdehin götürdüyü kreditin qalıq dəyərini təşkil edən əsas borc üzrə 830 manat əsas borc və faiz borcu üzrə 49 manat məbləğində pulu nəzərdə tutulan müddətdə ödəmədiyi müəyyən olunduğuna görə, onun iddiaçı qarşısında vəd etdiyi cəriməni ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 370,05 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehlərdən tutulacaq cərimə məbləğinin azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 imzaladıqları zaminlik müqaviləsi ilə borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliyini pozduğuna görə zaminlərin də onunla birgə kreditor qarşısında birgə (solidar) məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələbləriə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli **********1016 nömrəli kredit müqaviləsi üzrə 830 manat əsas borc, 49 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 899 manat məbləğində pul və ödənilmiş 32,50 manat dövlət rüsumu məbləği tutularaq İddiaçı MM QBKT-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsini. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar